Menu

“Ermənistanın başqa variantı yoxdur” – “Sülhə məcburetmə əməliyyatı artıq başlayıb”

14.09.2022, 00:15
“Ermənistanın başqa variantı yoxdur” – “Sülhə məcburetmə əməliyyatı artıq başlayıb”

“Sentyabrın 12-də Ermənistan sərhəd bölgəsində, xüsusən də Kəlbəcər, Laçın və Daşkəsən ərazilərində bölmələrimizin qarşısındakı təmas zolağını diversiya qrupları vasitəsi ilə minalamağa çalışdı. Təbii ki, silahlı qüvvələrimiz düşmənin bu hərəkətlərini aşkar etdi və onları zərərsizləşdirmək üçün adekvat addımlar atdı. Nəticədə qarşı tərəf mövqelərimizə iri çaplı silahlarla, mina atanlarla və artilleriya vasitələrilə hücum etməyə başladı. Azərbaycan Ordusu isə bu təxribatın cavabını lazımi şəkildə verdi”.

Bunları hərbi ekspert Elxan Şıxəliyev cəbhədə baş verən son hadisələri “AzPolitika.info”-ya şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra ilk dəfə Ermənistanla təmas zonasında əks-tədbir əməliyyatı icra edib: “Bu, çox mühüm bir hadisə idi. Əslində Azərbaycan tərəfi daha öncə də 44 günlük zəfərin ardından Ermənistana bu cür mühüm mesajlar vermişdi. Məsələn, bunlardan biri “Qisas” əməliyyatı idi. Biz bu əməliyyatla qarşı tərəfi xəbərdar etdik ki, “Rusiya sülhməramlılarının Qarabağdakı mövculduğu sizi qorumayacaq”. Onlar başa düşdülər ki, Azərbaycan Ordusu rus sülhməramlılarının olduğu ərazidə də bu cür təxribatların qarşılığını misli ilə verməyə qadirdir. İkinci mühüm mesaj isə ötən günkü təxribat cəhdinə görə verildi. Bu mesajdan sonra Ermənistan KTMT-yə və digər müttəfiqlərinə güvənərək sərhəd bölgəmizdə qeyri-adekvat addımlar atarkən, bir daha düşünməyə məcbur olacaq”.

Ekspert qeyd edir ki, Azərbaycan öz strateji məqsədlərinə çatmaq üçün bütün lazımı addımları atır: “Üçtərəfli bəyanatda göstərilmişdi ki, qeyri-qanuni erməni hərbi birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır. Ancaq hələ ki, onlar çıxarılmayıb. Həmçinin sərhədlərimiz tanınmalı, delimitasiya və demarkasiya həyata keçirilməli idi. Hələ ki, bu proses də tam başlamayıb. Və ən əsası, “Zəngəzur dəhlizi”nin açılması yönündə Ermənistan tərəfi addımlar atmalı idi. Biz strateji hədəflərimizlə bağlı Ermənistan tərəfindən lazımi cavablar almadıqca, qarşı tərəfin hər təxribatını “sülhə məcburetmə əməliyyatı”na çevirəcəyik. Necə ki, dünən bu əməliyyatlardan biri baş verdi. Belə əməliyyatların nə zaman yekunlaşacağı cavabını isə Ermənsitan bizə verməlidir”.

“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında 50-yə yaxın hərbçi itirdiklərini etiraf etdi. Faktiki olaraq Ermənsitanın bölgədəki 3 hərbi hissəsi döyüş qabiliyyətindən məhrum edilib. Bütün bunlar Ermənsitanda “şok” effekti yaradıb. Hər bir halda Ermənistan mütəmadi şəkildə təxribatlar törətsə də, hərbi güc baxımından silahlı qüvvələrimizin qarşısında dura bilməz. Güc nisbəti hər zaman Azərbaycanın xeyrinədir. Onlar bu reallığı qəbul edəcəklər. Çünki Ermənistanın başqa bir variantı yoxdur”, - deyə ekspert bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol