Menu

Oskanyanın təklifi Ermənistanı xilas edəcəkmi?- “Ermənistanda hər an hakimiyyət dəyişikliyi baş verə bilər”

20.09.2022, 15:50
Oskanyanın təklifi Ermənistanı xilas edəcəkmi?- “Ermənistanda hər an hakimiyyət dəyişikliyi baş verə bilər”

“Ermənistanın başına danışıqları aparacaq yeni şəxs gəlməlidir. Bu şəxs yeni kurs elan edəcək və hər şey yenidən başlayacaq. Hər kəs, o cümlədən Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ötən gün 12-13 sentyabr döyüşlərini erməni mətbuatına şərh edərkən deyib.

Oskanyanın bu fikirlərindən belə nəticəyə gəlmək olar ki, Ermənistanda hakimiyyətə yeni adam gəlməlidir, o, status-kvo ilə razılaşmadığını bildirməli və hər şeyə yenidən başlamalıdır.

Xatırladaq ki, ermənilər daha öncə də, bu metoddan bir neçə dəfə istifadə edərək, düşdükləri çətin durumdan xilas omağa çalışıblar. Məsələn, 1996-cı ildə Azərbaycanla sülhün alternativsizliyini dərk edən Levon Ter-Petrosyanı çevriliş nəticəsində Robert Koçaryan əvəzləmişdi.

Və ya 1999-cu ildə sülhə meyillənən parlament sədri Karen Dəmirçiyan və hökumət rəhbəri Vazgen Sarkisyan parlament binasında terror nəticəsində öldürülmüşdülər.

Həmçinin 2018-ci ildə Serj Sarkisyan ən azı 5 rayonu Azərbaycana qaytarmaq üçün dalana dirəndiyi bir vaxtda, Nikol Paşinyan adlı bir şəxs ortaya çıxaraq hakimiyyəti ələ keçirmişdi. Və beləcə danışıqlar prosesi bir neçə il də uzanmışdı.

Göründüyü kimi, Ermənistan bu ssenariləşmiş manevrlə hər fürsətdə sülh danışıqlarından boyun qaçırmağa və bu prosesi bacara bildiyi qədər uzatmağa çalışıb.

Bəs indiki vəziyyətdə Oskanyanın təklif etdiyi tarixi metod Ermənistanı düşdüyü bataqlıqdan xilas edə və danışıqlar prosesini müəyyən bir vaxt uzada bilərmi?

Bu mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “AzPolitika.info”-ya şərhində bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dövründə və bu ilin yaz aylarında davam edən etiraz aksiyalarında əsas məqsəd Nikol Paşinyanın hakimiyyətdən devrilməsi olub: “Paşinyan komandasının hakimiyyətdən uzaqlaşdırılması məsələsində təkcə Rusiya deyil, İranda maraqlıdır. Çünki Sorosçuların Ermənistan iqtidarında təmsil olunmaları və onlar vasitəsilə Ermənistan hakimiyyətinin regional proseslərdə qeyri-səmimi, dürüst olmayan siyasət həyata keçirməsi bölgənin böyük güclərinə sərf etmir”.

Ekspert bildirib ki, hazırda erməni xalqı öz iqtidarına güvənmədiyi kimi, Vardan Oskanyanın təmsil olunduğu revanşistlərə və keçmiş faşist rəhbərliklərə də ehtimad göstərmir: “Hazırda Ermənistanda müxtəlif aksiya elanlarıyla Paşinyanın hakimiyyətdən uzaqlaşdırlma cəhdlərinə şahid oluruq. Xüsusilə də son dövrlər Qərb tərəfindən Paşinyanın qızışdırılması fonunda regionda əldə edilən razılaşmaların əleyhinə Ermənistan hakimiyyətinin təxribatçı addımları baş verir. Belə bir dövrdə Vardan Oskanyan da hakimiyyət dəyişikliyi ilə bağlı, beyinlərdə təsəvvür yaratmağa çalışır”.

T.İsmayılovun sözlərinə görə, Ermənistanda hər an hakimiyyət dəyişikliyi baş verə bilər: “Ermənistanda ictimai-siyasi vəziyyət çox kövrəkdir. Oturuşmuş dövlətçilik elementləri yoxdur, eyni zamanda həm siyasi həm də hərbi elitada xarici güclərdən asılılıq yüksək səviyyədədir. Bundan əlavə güc struktutlarına nüfuz etmiş təsir agentləri də mövcuddur. Bütün bu faktorlar Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisinin daim aktual olduğunu göstərir”.

“Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, yeni komandanın necə olacağı məlum deyil. Yeni hakimiyyətin sülh danışıqları prosesində hansı sabotajlar törədəcəyi də dəqiq bilinmir. Hesab edirəm ki, yeni hakimiyyət dövründə Ermənistanda revanşizm meyillərinin güclənməsi daha çox gündəmə gətiriləcək. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan qalib və şərtləri diqtə edən tərəfdir. Eyni zamanda Paşinyanın atdığı imzalar təkcə indiki hakimiyyətə yox, həm də Ermənistan dövlətinə aiddir. Yəni, burada Ermənistan dövləti də məsuliyyət daşıyır. Sabah hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, əgər Ermənistan atdığı imzadan boyun qaçırarsa, Azərbaycan tərəfi onlara layiq olduqları cavabı yenə verəcək. Hazırda Ermənistanın düşdüyü vəziyyət, uzun illər ərzində formalaşan siyasətin nəticəsidir. Bundan sonra hakimiyyətdə kimin olacağından asılı olmayaraq, Ermənistanın indiki ağır siyasi-iqtisadi durumdan xilas olacağı o qədər də real görünmür”,- deyə politoloq bildirib.

“AzPolitika.info” 

Şərhlər

t.ədalət 2022-09-20 20:56:14

ermənistanda hakimiyyət dəyişikliyi baş verməyəcək.Amerika Paşinyanı Rusiyanın ordusunu ermənistandan qovana kimi saxlayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol