"Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz" - "Heç kimə bel bağlamasınlar"

"Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı zamanı deyib.

"İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.

Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz.

Sentyabrın 13-də biz yenə də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadətə yüksəliblər. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik", - dövlət başçısı qeyd edib.

"Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar" - deyə, İlham Əliyev bildirib.

Prezident qeyd edib: "Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir.

İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür. Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik".

635x100

Şərhlər

B.Qarabağlı 2022-09-22 11:55:55

Əslində, BMT birgəyaşam qaydalarına görə, Ermənistandan yüz minlərlə yerli azərbaycanlıların zorla deportuna görə, de fakto 1987ci ildən başlanmış, 14.06.1988 tarixli fərmanla rəsmən hərbi işğalı DQMV etnik soyqırım terroru cinayətlərinə görə Azərbaycan dövləti ittiham irəli sürməlidi. 28 il operativ DQMV həlli nin icrasına mane olanları isə BMT TŞ özü Beynəlxalq Tribunalda mühakimə etməlidir!

Son yazılar