“Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmağı hədəfləyirik. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkünlərimiz yeni evlərinə qayıdacaq".

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. Onun sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesi əsasən 3 hissəyə bölünür ki, onun da birinci mərhələsi 2026-cı ilə qədər yekunlaşdırmağı planlaşdırılır.

“Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik” - deyə, Emin Hüseynov əlavə edib. 

“Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25%-dir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. Səkkiz ayda - rekord müddətdə - Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə iki xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər hotel tikintisinə başlayıblar. Bu şəhər tamamilə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək.

Qarabağın təbiəti burada ekoturizmin inkişafına təkan verəcək. 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər bir milyona yaxın turistin səfər etməsi gözlənilir”, - deyə o qeyd edib.