“Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən, Ukrayna ərasizndə yerləşən enerji, hərbi komandanlıq və rabitə vasitələrinə yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və quru silahları ilə zərbələr endirilib”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gun rus xalqına etdiyi müraciətdə deyib.

Putin Ukraynanı yeni zərbələrlə hədələyib: “Əgər ərazimizdə terror aktları davam edərsə, Rusiyanın cavabları da sərt olacaq. Və bu cavablar miqyasına görə, Rusiya Federasiyasına edilən təhdidlərin səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın”.

Vladimir Putin Ukraynanın “Türk axını” qaz kəmərini partlatmağa cəhd etdiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfindən Rusiyanın elektrik enerjisi və qaz infrastrukturunun sıradan çıxarılması üçün çoxsaylı təxribatlara həyata keçirilib.

Putinin iddiasına əsasən Ukraynanın xüsusi xidmət orqanlarının Rusiya qazını Qara dənizin dibi ilə Türkiyəyə çatdıran “Türk axını” kəmərinin bir xəttini də partlatmaq planı olub: “Bu, obyektiv məlumatlar, o cümlədən terror aktını hazırlayan və artıq həbs olunmuş şəxslərin ifadələri əsasında sübuta yetirilib”.

Çox vaxt sərxoş olan Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bəyanatla çıxış edib. O, Rusiya ilə Krımı birləşdirən körpüyə hücuma görə məsuliyyət daşıyan terrorçuların öldürülməli olduğunu deyib: "Rusiya bu cinayətə ancaq dünyanın hər yerində olduğu kimi terrorçuları öldürməklə cavab verə bilər. Rusiya vətəndaşlarının gözləntisi budur".

Medvedev Teleqram kanalında yazıb: “İlk epizod oynanıldı. Başqaları da olacaq və dahası da... Mən şəxsi mövqeyimi bildirəcəyəm. İndi onu qeyd etməyə bilmərəm... Ukrayna dövləti nasist siyasi rejimi ilə hazırkı konfiqurasiyasında Rusiya üçün daimi, birbaşa və aydın təhlükə yaradacaq. Ona görə də insanlarımızı qorumaq və ölkənin sərhədlərini mühafizə etməklə yanaşı, fikrimcə, gələcək fəaliyyətimizin məqsədi Ukraynanın siyasi rejimini tamamilə sıradan çıxarmaq olmalıdır”.

“AzPolitika.info”