RUSİYANIN UKRAYNADAKI ORDUSU "YOX OLUB"... - Putinin "cavab zərbəsinin" və səfərbərlik qərarının sirri açılır

Astanda keçirilən son tədbirdəki mətbuat konfransında Vladimir Putin Rusiyada elan olunan “qismən səfərbərlik”lə bağlı sualı cavablandırarkən deyib ki, artıq orduya cəlb olunması nəzərdə tutulan 300 min nəfərdən 220 mini toplanıb. Qalan hissə də iki həftə ərzində toplanacaq və səfərbərlik guya bununla da bitəcək. Onun dediyinə görə, növbəti səfərbərlik dalğasına isə ümumiyyətlə, ehtiyac yoxdur.

Xatırladaq ki, həmin Putin bu ilin mart ayında rus ordusu Ukraynada təzə-təzə ağır zərbələr almağa başlayanda demişdi ki, ümumiyyətlə, Rusiyada səfərbərlik olmayacaq və “peşəkar ordu” öz işinin öhdəsindən asanlıqla gələcək. Ancaq bu gün həmin vədlər yaddan çıxıb və istisna etmək olmaz ki, “iki həftəyə səfərbərlik bitəcək və növbəti səfərbərlik dalğası olmayacaq” vədi də bir müddət sonra eynilə bilərəkdən yaddan çıxarılacaq...

Putin həmin mətbuat konfransında həmçinin bəyan edib ki, artıq Ukraynanın demək olar, bütün ərazisinin kütləvi bombalanmasını dayandırıb, guya hələlik buna ehtiyac yoxdur və əlavə edib ki, “sonrasına baxarıq”...

Rusiyada ən çox tanınan liberallardan olan Yuliya Latıninanın (özü hər nə qədər ucuz ermənipərəst olsa da), Putinin davranışlarının məntiqi izahıyla bağlı çox maraqlı bir fikri var. O, deyir ki, Putinin hərəkətlərindəki məntiqi anlamaq istəyirsənsə, bu hərəkətlərin daxili auditoriyaya mümkün təsirlərinə nəzər yetirmək lazımdır. Bəli, doğrudan da belə görünür ki, Putin istənilən addımı atmazdan əvvəl Rusiyanın milli maraqlarını, iqtisadiyyatını, dünyadakı yerini, nüfuzunu və s. yox, bu addımın daxili auditoriyada yaradacağı effekti düşünür. Çünki onu birinci növbədə öz hakimiyyəti düşündürür. Ukraynanın mülki infrastrukturunun kütləvi şəkildə bombalanması qərarına da Latıninanın dediyi prizmadan baxdıqda, onu verərkən Putinin hansı məntiqdən çıxış etdiyini anlamaq olar.

İlk olaraq, Krım körpüsünün partladılmasına cavab kimi Ukraynanın dinc şəhərlərinin bombalanması bir daha sübut etdi ki, döyüş meydanında rus ordusu acizdir, məğlubdur və demək olar ki, yoxdur. Ona görə də Kreml yalnız uzaqdan raket atmaqla “heyf çıxa” bilər.

Digər yandan, dinc şəhərlərin bombalanması istər hərbi, istər iqtisadi, istərsə də beynəlxalq müstəvidəki nəticələri sarıdan Rusiyanın dövlət olaraq milli maraqlarının tam ziyanına işləmiş bir qərar oldu. Hərbi cəhətdən bu addım NATO-nun Ukraynaya daha güclü Hava Hücumundan Müdafiə sistemləri, daha uzaq məsafələri vuran raketlər, üstəlik də yeni “HİMARS”-lar və ağır hərbi texnika, silah-sursat, hətta Qərb ölkələrinin istehsalı olan tanklar verməsinə yaşıl işıq yandırdı.

İqtisadi baxımdan, “Forbes”-in hesablamalarına görə, oktyabrın 10-da gerçəkləşən kütləvi raket hücumu Rusiyaya 500-700 milyon dollara başa gəldi. Ağır sanksiyalar altında olan və əsasları günü gündən sarsılan iqtisadiyyat üçün bunun nə demək olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın yüksək dəqiqlikli raket ehtiyatı sonsuz deyil. Əksinə, Ukrayna Müdafiə nazirinin rəsmi açıqlamasına gör, Rusiya bu tip raketlərinin artıq üçdə ikisini istifadə etmiş olub.

Nəhayət, beynəlxalq əks-sədaya və nəticələrə gəlincə, məhz bu raket hücumundan sonra Avropa Şurasının Parlament Assambleyası Rusiyanı “terrorçu dövlət” kimi tanıdı. Hətta Rusiyanın tərəfdaşı sayılan Çin və Hindistan da Kremlin bu addımına qarşı olduqlarını göstərdilər, “Böyük yeddilik” Ukraynaya yeni dəstək qərarı verdi. BMT-də keçirilən məlum səsvermədə isə 143(!) dövlət birmənalı olaraq, Rusiyanın əleyhinə çıxdı (yalnız Belarus, Nikaraqua, Şimali Koreya və Suriya istisna olmaqla), hətta çox vaxt onu dəstəkləyən Eritreya belə Rusiyanın lehinə səs vermədi...

Bəs, Kreml göz görə-görə Rusiyanın milli maraqları üçün bu ziyanlı, hətta sarsıdıcı nəticələrə nəyin qarşılığında getdi? 

Burada yeganə “qazanc” Putinin şəxsi hakimiyyət maraqlarının təmin olunmasıdır. Belə ki, bu raket zərbələrilə Putin bir tərəfdən daxildəki psevdopatriotlara, qatı millətçilərə, şovinistlərə, bir sözlə, onu daha çox ukraynalı qanı içməyə çağıranlara mesaj verdi, onları bir növ sakitləşdirdi.

Nəticədə Kadırov kimilər “indi “xüsusi hərbi əməliyyat”ın gedişindən tam razıyam” kimi primitiv, gülünc bəyanatlar verdilər. Digər yandan Putin yarı-huşsuz, başını itirmiş rus cəmiyyətinə göstərdi ki, guya vəziyyətə nəzarət edir, lazım olanda cavab vermək iqtidarına malikdir və sair. Yəni, yenə də uduzan Rusiyanın milli maraqları, müvəqqəti də olsa udan isə Putin hakimiyyətidir...

“Qismən səfərbərlik” qərarına gəlincə, bu, müharibə başlayandan sonra daxili auditoriyaya təsir baxımından Putin tərəfindən verilən ən qeyri-populyar qərardır. Onun verilməsinin yeganə səbəbi isə sadəcə, başqa çıxış yolunun olmaması, rus ordusunun Ukraynada göz görə-görə əriməsi, itib-batması, məğlub olmasıdır. Buna görə Kreml rusların “mobiklər” adlandırdıqları hazırlıqsız, təcrübəsiz, bəzənsə heç ümumiyyətlə, hərbi xidmət belə keşçməmiş vətəndaşları toplayıb, “ət maşını”na göndərmək məcburiyyətindədir.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, Rusiyada və dünyada məhz Putin hamıdan gec xəbər tutub ki, onun ordusu deyildiyi qədər güclü olmayıb və deyil. İndi isə ümuiyyətlə, yox kimi bir şeydir – qalmayıb!

Putinin artıq canlı qüvvə sarıdan “Rosqvardiya”dan başqa resursu yoxdur. Bu resurs isə ona öz hakimiyyətini və təhlükəsizliyini qorumaq, mümkün etiraz aksiyalarını, yaxud çevriliş cəhdlərini neytrallaşdırmaq üçün hava-su kimi lazımdır. Ona görə də “mobiklər”dən fərqli olaraq, “rosqvardiya”çılar hər nə qədər daha hazırlıqlı və peşəkar olsalar da, onların böyük hissəsi cəbhəyə göndərilmir. Çünki onların əsas “vəzifəsi” Putin hakimiyyətini qorumaqdır...

İstənilən halda məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başlayan Kremlin səfərbərlik qərarının yeganə məqsədi əlacsızlıqdan və prosesi mümkün qədər uzatmağa nail olmaqdan ibarətdir. Yəni, bir növ Putin öz vətəndaşlarının canını, həyatını, sağlamlığını artıq Ukrayna torpaqlarına deyil, rus ordusnun Ukraynada keçirdiyi günlərə dəyişir – cəbhəyə nə qədər çox adam getsə və qırılsa, Putin Ukraynada bir o qədər çox qalacaq – “sonrasına isə baxarıq”...

Odur ki, Putinin səfərbərliyin iki həftəyə bitəcəyinə dair vədinə Rusiyada və ondan kənarda heç kim inanmır. Çünki onu belə bir vəd verməyə vadar edən ümumilikdə səfərbərlik qərarının cəmiyyətdə yaratdığı mənfi reaksiyadır. O, məhz bu reaksiyadan, hakimiyyətini və bunun da nəticəsi olaraq, həyatını itirməkdən qorxur. Bərk qorxur. Lakin necə deyərlər, qorxunun əcələ faydası yoxdur...

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar