SEPARATÇLARIN BAŞINA VARDANYANI KEÇİRİRLƏR - Araik niyə aradan çıxmağa hazırlaşır?

Rusiya vətəndaşlığından imtina edərək bir müddət əvvəl “Qarabağı xilas etmək naminə” Xankəndidə məskunlaşan milyarder Ruben Vardanyanın təcili olaraq Xankəndini tərk edib Moskvaya getməsi barədə məlumat yayılmışdı. Oktyabrın 20-də Vardanyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə “dövlət naziri” postu tutmağa razılaşıb. Novator.az-ın məlumatına görə, o, oktyabrın 20-də yaydığı açıqlamada fəaliyyətə noyabrın əvvəlində başlayacağını bəyan edib.

Yada salaq ki, bir neçə gün əvvəl separatçı rejimin başçısı Araik Arutyunyan ona “ən geniş səlahiyyətlərə” malik “dövlət naziri” (“hökumət başçısı”) vəzifəsi təklif etmişdi. Bununla belə, Vardanyan sosial şəbəkələrdə bildirmişdi ki, hələlik o, yalnız təklifi nəzərdən keçirir, çünki onun Qarabağdakı mövqeyi təkcə “yuxarıdan gələn təkliflər” əsasında deyil, həm də “xalqın iradəsi əsasında” olmalıdır. Qeyd edək ki, Vardanyana “vəzifə” oktyabrın 6-da Praqada keçirilən dördtərəfli danışıqlar ərəfəsində təklif edilib.

İrəvandan Xankəndinə qayıdan Araik “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib. Bildirilir ki, Araik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Araikə o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələləri ilə məşğul olmasıdır. Bununla belə, Ermənistan rəsmiləri Qarabağ separatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər. Araik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır. Bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, “xilas naminə ayrılma” vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də “artsax”ı xilas etmək olar. Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, “artsax”ın ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb.

Yayılan məlumatlarda bildirilir ki, İrəvanda Qarabağ separatçılarına “taxt-tacı” təhvil verməyə hazırlaşmaq tapşırılıb. O halda milyarder Ruben Vardanyan Araik Arutyunyanın ona təklif etdiyi “yüksək vəzifə” ilə niyə razılaşıb? Avropa və Amerika sanksiyalarına düşməməyi bacaran ehtiyatlı rus bankirə nə üçün “krallıq”sız “taxt” lazımdır?

Musavat.com-un məlumatına görə, Ermənistanda çıxan “Hraparak” qəzeti yazır ki, Vardanyanın “dövlət aparatında” işləməyə başlamazdan əvvəl Moskvada həll etməli olduğu yarımçıq biznes işləri var. Üstəlik, Vardanyan bu təyinatın xeyrinə olub-olmayacağını bilmədiyi üçün tərəddüd edir. Amma başqa versiyalar da var. Xüsusilə Ruben Vardanyanın əslində Moskvaya nə üçün getdiyi məlum deyildi. Doğrudanmı, orada kommersiya işlərini qaydasına salır, yoxsa təyin olunmazdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşib?"

Gec də olsa, doğru qərar verildi”- Elxan Şahınoğlu - Aktualinfo.org

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə şübhə etmir ki, Vardanyanın Qarabağa gəlişi Rusiyadakı dairələrin planıdır: “Rusiyanın erməni mənşəli milyarderi Ruben Vardanyan sentyabr ayında Rusiya vətəndaşlığından imtina edərək erməni separatçılarının nəzarət etdiyi Xankəndinə köçüb. Moskva Qarabağ separatçılarının lideri Araik Arutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi qiymətləndirir. Buna görə də Moskva Araik Arutyunyanı Ruben Vardanyanla dəyişmək planını reallaşdırmaq barədə düşünür. Əslində Araik Arutunyan bunun əleyhinə deyil. O, İkinci Qarabağ müharibəsindən sonra Qarabağı tərk etmək istəyir. Təsadüfi deyil ki, Araik Arutyunyan bir neçə gün əvvəl Ruben Vardanyana "dövlət naziri" vəzifəsini təklif etmişdi. Bu, Qarabağ separatçıları arasında ikinci “vəzifə” sayılır, “baş nazir səlahiyyətləri” var". 

E.Şahinoğlunun qənaətincə, görünür, bu təklifin Moskva ilə razılaşdırılmasına ehtiyac olub və böyük ehtimalla bu məsələni müzakirə etmək üçün Rusiyaya gedibmiş: "Ruben Vardanyan “dövlət naziri” vəzifəsinə razılaşdısa, demək, Araik Arutyunyanın istefa verməsi ehtimalı artdı. Bu zaman Araik Arutyunyanın “vəzifəsi” avtomatik Ruben Vardanyana keçəcək". Araik Arutyunyanın Moskva səfərinə tədarük görməsinə gəldikdə, politoloq qeyd etdi ki, o, bir neçə gün İrəvanda görüşlərdə iştirak etdi, başda baş nazir Nikol Paşinyan olmaqla, xarici işlər naziri və parlamentin spikeri ilə fikir mübadiləsi apardı: “Araik Arutyunyana izah etdilər ki, Ermənistan Qarabağ yükünü daşıya bilməyəcək, separatçıları yalnız Rusiya xilas edə bilər. Ona görə də Araik Arutyunyan Rusiyanın mövqeyini öyrənmək üçün Moskvaya getmək barədə düşünür”. 

Amma E.Şahinoğlu hesab edir ki, Arutyunyan Moskvada da bütün suallara cavab tapa bilməyəcək: “Moskva Araiki Ruben Vardanyanla əvəz etmək istəsə də, separatçıların istəkləri əsasında Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirməyi düşünmür. Əlbəttə, Moskva Qarabağ məsələsinin tamamən Azərbaycanın xeyrinə həllini yubatmağa çalışır, ancaq Kremldə onu da anlayırlar ki, Ukraynada ağır məğlubiyyətlərlə üzləşən Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açması rəsmi Moskvanın maraqlarına cavab vermir”. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar