“Daha əvvəl Rusiyaya silah satmışıq, lakin Ukrayna müharibəsi zamanı bu ölkəyə heç bir silah göndərməmişik”.
“AzPolitika.info” İranın “İRNA” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Tehranda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) üzvləri ilə görüş əsnasında deyib.
“Ukraynadakı müharibəyə prinsipial baxımdan qarşıyıq. Biz Rusiyaya Ukrayna müharibəsində istifadə etmək üçün heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik. İddiaların araşdırılması üçün Ukrayna rəsmilərinin və hərbi ekspertlərin iştirakıyla birgə görüş keçirməyə hazırıq. Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, əlbəttə ki, bu məsələyə biganə qalmayacağıq”, - Abdullahyan bildirib.

Qeyd edək ki, Ukrayna sentyabrın 23-də İranın “Rusiyaya silah tədarük etdiyini” əsas gətirərək, bu ölkənin Kiyevdəki səfiri Mənuçöhr Muradinin akkreditasiyasını geri götürüb və Tehran administrasiyasının səfirlikdəki diplomatlarının sayını azaldıb.
Kiyev rəhbərliyi Rusiyanın oktyabrın 17-də paytaxt Kiyevə hücumunun İranın Rusiyaya verdiyi “Şahid-136” tipli kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini açıqlayıb və İranla diplomatik əlaqələri tamamilə kəsəcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel oktyabrın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, əllərində İran silahlarının Ukraynadakı hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş dəlillər var və Vaşinqton cinayətkarlara qarşı sanksiyalar tətbiq edə bilər.
ABŞ-ın “The Washington Post” qəzeti də İranın Rusiyaya, yeni PUA-lar və raketlər göndərdiyini yazıb.
ABŞ, Böyük Britaniya və Fransa da iddia edir ki, İranın Rusiyaya silah sistemləri satması, BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsini pozur. Aİ və Böyük Britaniya oktyabrın 20-də Rusiyaya pilotsuz təyyarələr satdığı iddiası ilə İrana qarşı sanksiyalar tətbiq edib.
Elvin
“AzPolitika.info”
***
Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz uçuş aparatlarından istifadə etdiyi məlum olarsa, biz buna biganə qalmayacağıq.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O bildirib ki, biz bu iddiaların araşdırılması üçün İran və Ukrayna hərbçilərindən ibarət ekspertlərin birgə iclas keçirilə bilər.
"Ukrayna əlində olan hər hansı sübutu bizə təqdim etsin. Rusiyanın İran pilotsuz uçan aparatından istifadə etdiyi bizə aydın olarsa, biz buna biganə qalmayacağıq", - nazir qeyd edib.


Şərhlər