RUSİYA NÜVƏ TƏHDİDİNDƏN ƏL ÇƏKİR – ABŞ Müharibə Tədqiqatları İnstitutu

Kremlin yüksək vəzifəli rəsmiləri Ukraynada nüvə silahından istifadə olunmasına dair ritorikalarını kollektiv şəkildə yumşaldıblar.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadla xəbər verir ki, bu barədə ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) yeni hesabatında deyilir. Hesabat müəllifləri diqqəti belə bir məqama çəkirlər ki, Rusiya XİN noyabrın 2-də verdiyi bəyanatda nüvə müharibəsinin qarşısının alınmasından bəhs edir. Bu bəyanatda deyilirdi ki, belə müharibədə qaliblər olmur və Rusiya nüvə silahından istifadənin yolverilməzliyi postulatını rəhbər tutur.

Oktyabrın sonlarında Prezident Vladimir Putin demişdi ki, Moskvanın Ukraynada nüvə silahından istifadə etməsinə zərurət yoxdur. Elə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də nüvə silahından istifadənin mümkünlüyü barədə bəyanatlarını azaldıb.

Hesabatda deyilir: "Ritorikanın dəyişməsi ondan xəbər verir ki, Rusiyanın ali hərbi komandanlığı və Kreml məmurları hansısa dərəcədə nüvə silahından Ukrayna və NATO ölkələrinə qarşı istifadənin Rusiya üçün cüzi əməliyyat faydasının olacağını anlamağa başlayıblar”.

ISW istisna etmir ki, bu məsələdə Kremlə Çin təsir göstərə bilərdi.

Noyabrın 4-də Çin Prezidenti Si Tsinpin demişdi ki, dünya birliyi nüvə silahından istifadə və ya nüvə hədələrinə qarşı birgə çıxış etməlidir. Belə görünür ki, Çinin müdafiə naziri Vey Fenxe həmkarı Sergey Şoyqu ilə telefon söhbətində elə bu barədə danışıb.

Hesabatda bu da qeyd olunur ki, Kreml ABŞ-ın və onun müttəfiqlərinin Ukraynaya danışıqlara getməsi üçün təzyiqə məcbur etmək üçün gələcəkdə də nüvə ritorikasından istifadə edə bilər. Hesabat müəllifləri bununla belə qeyd edirlər ki, Moskva nüvə hədələri ilə Kyevi danışıqlara məcbur edə bilməz.

Rusiyanın Ukraynaya hücumu başlanandan bəri Qərbdən nüvə silahından potensial istifadə ilə bağlı xəbərdarlıqlar səslənir.

Bu xəbərdarlıqlar Rusiyanın Ukrayna cəbhəsindəki son uğursuzluqlarına görə daha da güclənib. Britaniyanın "The Daily Mail" qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Fransa prezidenti Emmanuel Makron Putinlə telefon söhbətində ABŞ-ın 1945-ci ilə Hirosmia və Naqasakidə nüvə silahından istifadə etdiyini yada salıb. Qəzetin yazdığına görə Putin Makrona deyib ki, Rusiyanın Ukraynada qalib gəlməsi üçün onun nüvə silahı ilə böyük şəhərlərə hücum etməsinə ehtiyac yoxdur.

"The Daily Mail" yazır ki, Makron Putinin dediklərindən ciddi narahat olub. Fransa Prezidenti bunu belə yozub ki, Rusiya hər halda Ukraynada nüvə silahına əl ata bilər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar