“RUSİYANI NEYTRALLAŞDIRMAQ BÖYÜK MƏHARƏT TƏLƏB EDİRDİ” – “Baş Qərargah rəisinin xəyanət yolunda olması aşkar edildi...”

“Qəfil uğurlu döyüş əməliyyatları nə Rusiyaya, nə də İrana göz açmağa imkan vermədi”

Azərbaycan II Qarabağ Müharibəsindəki şanlı qələbəsinin ikinci ilini qeyd edir. Azərbaycan dövlətinin qətiyyəti, Prezidentin ortaya qoyduğu siyasi iradə, əsgər və zabitlərimizin peşəkarlığı, ordunun yüksək səviyyədə idarə edilməsi, hədəfə çatacaq əməliyyat planlarının hazırlanması sayəsində 30 il işğalda qalan torpaqlarımız azad edildi, Azərbaycan xalqının adına kölgə salan böyük bir ləkə təmizləndi. Bütün bunların əldə edilməsi təsadüflərin deyil, sistemli fəaliyyətin, hazırlıqların və qəti qərarların nəticəsində əldə edilib. İndi də Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə qoruyur, rus sülhməramlıları daxil olmaqla yad ünsürlərin torpaqlarımızdan çıxarılması üçün diplomatik həmlələr edir.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.

- Qabil müəllim, II Qarabağ Müharibəsindən iki il keçir. Hərbi qarşıdurmalar və danışıqlar fonunda bu iki il ərzində yaşanan durumu necə qiymətləndirirsiniz?

- Zənnimcə, müharibə meydanında qazandığımız nailiyyəti diplomatiya meydanında təkrar etməyə çalışmış və xeyli dərəcədə buna müvəffəq olmuşuq. Məsələn, son Soçi görüşündə Rusiya və Ermənistanın birgə hazırladığı bir sıra bəndlərin yekun bəyanatdan çıxarılması və orada Azərbaycan Prezidentinin göstərdiyi siyasi qətiyyət xüsusi diqqəti çəkdi. Həm müharibədə qazandığımız uğurların reallaşdırılmasında, həm də sülh prosesində diplomtiyanın uğurlu işini qeyd etmək vacibdir. Üstəlik, ordu quruculuğu, islahatlar da davam etdirilir. Yeni qoşun növləri yaradılıb, qoşunlarımızın sayı 100 minə çatmaqdadır. Bizim müharibədə qazandıqlarımızın diplomatiya yolu ilə təsdiq edilməsinə imkanlar yaranıb. Bu imkanların həyata keçirilməsini sülh prosesində görürəm. Qənaətimcə, bunu sülh prosesində reallaşdıra biləcəyik. Yəni, müharibədən sonrakı dövrdə böyük işlər aparılıb və bu prosesdə də Prezident İlham Əliyevin rolu danılmazdır.

- 2020-ci ilin sentyabrında müharibənin başlamasını gözlənilməz hesab etmək olardımı? Buna qədər Azərbaycanın müharibəyə hazırlaşması hiss edilirdimi?

- Əslində, son 30 ildə bir gün də olsun işğal edilən torpaqların geri qaytarılması həm Azərbaycan xalqının, həm də siyasi rəhbərliyin gündəmindən çıxmayıb. Fikrimcə, uğurlu ordu quruculuğu da xüsusi ilə 2003-cü ildən sonra başlayıb. Ordunun qurulması, silah-sursatla təminatı, müasir hərbi texnikaların alınması bir məqsədə və amala xidmət edib. Məsələn, uzun illər Azərbaycanın dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan vəsait Ermənistanın ümumilikdə dövlət büdcəsinə yaxın olub. Bu proses yüksələn xətt üzrə gedib və bu gün də davam edir. Demək istəyirəm ki, ərazi bütövlüyümüzün təmin edilməsi, düşmənin ərazimizdən çıxarılması üçün ciddi iş aparılıb, eləcə də Hərbi Sənaye Nazirliyi yaradılıb. Tədricən ordunun müəyyən ehtiyaclarını özümüz ödəmişik. Həm də beşinci nəsil modern silahların alınması işi yüksək səviyyədə aparılıb, Türkiyə ilə əlaqələr, qardaş ölkənin ordu təcrübəsindən istifadə edilməsi, birgə hərbi təlimlər həyata keçirilib. Beləcə, müharibə olacağı təqdirdə Azərbaycan Ordusunun üstünlüyü üçün lazım olan hər şey edilib. Artıq 2020-ci ilin əvvəlindən başlayaraq daha sürətlə aparılan ordu quruculuğu müəyyən qənaət yaradırdı. Görünürdü ki, 30 il davam edən danışıqlar nəticə vermir, ermənilər bu torpaqları rusların dəstəyi sayəsində müharibə yolu ilə əldə ediblərsə, bu yolla da oradan qovulmalıdırlar. Yəni, torpaqlarımızın azad edilməsi məqsədi hər zaman gündəmdə olub, onun reallaşması istiqamətində atılan konkret və praktiki addımlar isə Prezident tərəfindən böyük qətiyyət və ustalıqla həyata keçirilib. 44 günlük müharibədə qazanılan nəticə bunu ortaya qoyur.

Nəzərə almaq lazımdır ki, bu işin müəyyən hissəsi məxfi şəkildə aparılıb. Əliyevin Prezident seçildikdən sonra verdiyi bəyanatların hamısında ərazi bütövlüyümüz, torpaqların işğaldan azad edilməsi qırmızı xətlə keçib. Müharibə aparmaq qərarı ilk olaraq Prezidentin siyasi iradəsinə bağlıdır. Həmçinin, uyğun strukturların nə dərəcədə bu işi aparması, buna hazır olması və bir də uyğun vaxtın seçilməsi məsələsi önəmlidir. Çünki regionda və dünyada cərəyan edən proseslərin də əhəmiyyəti var. Zənnimcə, savaş üçün seçilən vaxt bütün parametrlərinə görə, döyüş əməliyyatlarına başlamaq üçün uyğun zaman idi, ölkə başçısı da müdrikcəsinə bu anı seçdi və böyük qətiyyətlə müharibəni idarə edərək qələbəyə nail oldu.

- Müharibə həm də qətiyyət deməkdir, bunun üçün müttəfiqlər olmalı, maliyyə təminatı öncədən hazırlanmalıdır...

- Bu prosesdə hər zaman birinci rolda ölkə Prezidenti olub. Təsəvvür edin, müharibənin ilk günündə Baş Qərargah rəisinin yararsızlığı, hətta xəyanət yolunda olması aşkar edildi və o, vəzifəsindən faktiki olaraq kənarlaşdırıldı. Demək olar ki, müharibənin aparılması, əmr və göstərişlərin verilməsi, habelə onun icrasına nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirildi. Bu, həqiqətən böyük səriştə, təcrübə və siyasi iradə tələb edirdi. İlham Əliyev bütün bunların öhdəsindən uğurla gələ bildi. Üstəlik, müharibə dövründə təbliğatın və siyasi işin qurulmasında onun oynadığı rol misilsizdir. Onun döyüş əməliyyatları ilə bağlı apardığı işlərlə paralel olaraq, dünyada bu savaşla bağlı formalaşdırdığı rəy çox vacib idi. Məsələn, müharibə dövründə Prezident onlarla məşhur televiziya kanallarına, qəzetlərə, radiostansiyalara müsahibə verdi. Hətta ondan müsahibə almaq üçün xüsusi seçilən qərəzli jurnalistlərlə siyasi polemikaya çıxması və böyük üstünlük qazanması, bunun həmin jurnalistlər tərəfindən də etiraf edilməsi onu göstərirdi ki, meydanda yüksək siyasi hazırlıqlı, zəngin təcrübəsi olan, xarici dilləri mükəmməl bilən bir lider var. Əliyevin bu üstünlükləri onun beynəlxalq arenada apardığı təbliğatda böyük rol oynadı. Yəni, müharibə gedə-gedə hərbi qələbənin diplomatiya və təbliğat sahəsində də qəbul edilməsində Əliyevin fəaliyyəti əvəzsiz oldu. İlham Əliyev təkcə Ali Baş Komandan deyildi, O, həm də siyasi-ideoloji işi dünya miqyasında uğurla qururdu, meydanda idi. Bu da Azərbaycanın qələbəsinin “həzm edilməsində” mühüm rol oynadı.

- Müharibəyə qədər heç kimin ağlına gəlməzdi ki, Rusiyanın neytrallığını təmin etmək mümkün olsun. Sizcə, Prezident Rusiyanı necə neytrallaşdıra bildi, eləcə də İranın atacağı anti-Azərbaycan həmlələrini necə qarşıladı?

- Bəli, Azərbaycanda hər zaman belə fikir olub ki, torpaqlarımızın azadlığı üçün savaşa başlasaq, Rusiya neytral qalmayacaq, var gücü ilə Ermənistana dəstək verəcək ki, bu müharibədə qalib gələ bilməyək. Əslində, həqiqətən də belədir.

Rusiyanı neytrallaşdırmaq üçün yüksək diplomatik təcrübə və durumu qiymətləndirmək bacarığı lazım gəlirdi. Rusiya daim Ermənistanın yanında olub, işğalın həyata keçirilməsində erməni qüvvələrini dəstəkləyib. Məsələn, Kəlbəcərin işğalı Rusiyanın dağ döyüş birlikləri tərəfindən həyata keçirilib. Eləcə də Xocalıda soyqrımın törədilməsinə Rusiyanın 366-cı diviziyası şərait yaratmışdı və bu prosesdə iştirak etmişdi. Elə bu bölgəyə ermənilərin gətirilməsi də Çar Rusiyasının işğalçı müharibələrinin nəticəsində mümkün olmuşdu. Tarixin hansı nöqtəsindən baxırıqsa, orada Rusiyanın ermənilərin yanında olduğu görünür. Bu nöqteyi-nəzərdən Rusiyanın neytrallaşdırılması son dərəcədə yüksək məharət və xüsusi bacarıq tələb edirdi. Ölkə Prezidenti bunu bacardı.

Ölkə başçısı həm də cənubumuzda böyük təhlükə olan İrandakı molla rejiminin neytrallaşdırılmasına nail ola bildi. Qəfil keçirilən uğurlu döyüş əməliyyatları nə Rusiyaya, nə də İrana göz açmağa imkan vermədi. Sonradan İran tərəfindən müəyyən iddialar irəli sürülsə də, bunun nəticəsi olmadı. Həmçinin, rus sülhməramlılar ermənilərin yaşadıqları ərazidə əməliyyatlarımızın tam başa çatdırılmasına imkan verməsə belə, bu, müharibədəki həlledici qələbəmizə kölgə sala bilmədi.

Azərbaycanın qalan məsələlərin də həllini yaxın müddətdə başa çatdıracağına böyük ümidlərimiz var. Soçi görüşü zamanı Azərbaycan Prezidenti göstərdi ki, Bakı qəti addımlar atır və heç bir güzəştdən söhbət gedə bilməz. Əlbəttə, bütün bu proseslərdə Azərbaycan Prezidentinin rolu danılmazdır. Çünki qarşı tərəfin fakt qarşısında qoyulması kimi xüsusi əhəmiyyətə malik və maraqlarımızı təmin edəcək diplomatik mexanizmlər Prezident tərəfindən hazırlanır və ortaya qoyulur.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

oxucu 2022-11-11 17:52:27

Cenab Qabil Hüseynli, siz hal - hazirda , universitetlerin hər hansısa birində , tələbələrə mühazrə ( лекция ) etmək fəaliyyəti ilə məşqul olursunuzmu , əgər yox , bəs niyə, indi sizə professor deyirlər ??????? Sizin verdiyiniz bütün müsahibələrdə, iqtidara pərəstişlik etdiyiniz tam aşkar görünür, bu tənqidi qəbul edin.

X 2022-11-09 23:54:46

Ərdoğan + Azərbaycan = QARABAĞ ALLAH ORDUMUZU MÜZAFFER QARDAŞLARIMIZI VAR ELƏSIN

Ağababa 2022-11-09 08:54:42

Prezident İlham Əliyevin Qarabağ zəfərində rolu danılmazdır. Necə deyərlər, nəyi, nə zaman edəcəyini yaxşı bilir. Amma qardaş Türkiyənin, xüsusilə Prezident Ərdoğanın Qarabağ zəfərinin qazanılmasındakı rolu, hegemon şimal qonşumuzun neytrallaşdırılmasında fəaliyyətini nə biz, nə də gələcək nəsillər unutmamalıyıq.

Veteran 2022-11-08 22:15:02

dövlətin içərisinə yeridilmiş antimilli ünsürləri zərərsizləşdirmək və cəhənnəmə vasil etmək vaxtı çatmayıbbı cənablar ?

t.ədalət 2022-11-08 20:23:29

Azərbaycan kiçik bir dövlətdir.Rusiya nə vaxt idi ki,bizi Qarabağda qətl edirdi.Biz,Ərdoğana minnətdar olmalıyıq ki,Rusiyanı neyterallaşdırdı.Elə Suriyada olduğu kimi.

t.ədalət 2022-11-08 17:01:14

Təkcə Nacmuddin Sadıkov deyil ki.Hələ də ordumuzda Rusiya hərbi məktəblərini bitirənlər,rus bayrağına and içib diplom alan zabitlər var.Onların hər biri ayrı-ayrılıqda bir Nacmuddin sadıkovdur.Rus və erməni millətindən olan arvadlarını Rusiya kəşfiyyat idarəsinin əli ilə ləzgiləşdirənlər var.

N.Seyfeli. 2022-11-08 16:05:05

Her shey moskva ile perdearxasi sohbetleshen kishinin sayesindedir!

Son yazılar