XERSONDA GÖRÜNƏN SON... – Yenə də “hər şey plan üzrə gedir”mi?

Hələ Ukraynadakı işğalçılıq savaşının ilk günlərində “qələbədən ekstaz halı yaşayan” Kreml təbliğatçıları 5 il bundan əvvələ aid bir videoçarxı xüsusi həvəslə yayımlayır, şərh edirdilər. Əvvəlcədən quraşdırılmış həmin səhnəcikdə o vaxtkı “əzəmətli” Putin özünəməxsus “çoxbilmiş” ədasıyla bir məktəblidən “Rusiyanın sərhədləri harada qurtarır” deyə soruşur. Məktəbli də “Berinq boğazında”,- deyə cavab verir. Putinsə buna “Rusiyanın sərhədləri heç yerdə bitmir” deyə qarşılıq vermişdi. Bu, bütün dünyaya verilən mesaj idi. Yəni, Rusiyanın sərhədləri yoxdur...

Bu gün rus ordusunun və dövlətinin Ukraynadakı vəziyyəti, Kremlin son olaraq Xerson da daxil olmaqla dünənə qədər Rusiya ərazisi adlandırdığı torpaqlardan qaçmağa məcbur olması, nə qədər tragikomik görünsə də, Putinin həmin vaxt dediklərinin həqiqət olduğunu göstərir.

Rusiyada xeyli vaxtdır ki, belə bir siyasi lətifə dəbdədir: “Bir nəfər satıcıdan soruşur ki, sizdə Rusiyanın xəritəsi varmı? Satıcı cavab verir: “Sizə hansı tarixə olan xəritə lazımdır?””. Doğrudan da, bu gün tez-tez dəyişdiyindən və kiçildiyindən Rusiyada heç kim bilmir ki, bu əcaib dövlətin özünün elan etdiyi sərhədləri haradan başlayıb, harada qurtarır və sabah bu sərhəd haradan keçəcək.

Düz 40 gün idi ki, Xerson Rusiya ərazisi elan edilmişdi. Ancaq göründüyü kimi, rusların buradakı varlığının “qırxı çıxmamış” qoşunlar Xersondan qaçır. Yəni, Kremlin məntiqi ilə Rusiya “öz ərazilərini” tərk edir, qoyub qaçır. İkinci Dünya Müharibəsindən sonra belə bir hal yaşanmamışdı. Bu hadisənin siyasi, psixoloji və s. tərəflərini bir kənara qoysaq, sırf hərbi mövqe baxımından bu o deməkdir ki, bundan sonra Xersona yerləşən Ukrayna Ordusu Krıma gedən yolları tam atəş nəzarəti altında saxlaya biləcək. Bu isə rus ordusunun vəziyyətini daha da ağırlaşdıracaq. Hələ bu qaçışın Rusiyanın daxili siyasi həyatında hansı əks-səda doğuracağı, rus “dərin xalqı”nın Putinə olan münasibətinə necə təsir edəcəyi məsələsi də var...

Yeri gəlmişkən, məhz Xersondan qaçmaq qərarı elan olunan gündə bu vilayətin Rusiya tərəfindən təyin olunmuş və kifayət qədər tanınmış satqın rəhbərlərindən biri olan Kirill Stremousovun yol qəzasında öldüyü (gerçək səbəb hələ məlum deyil-red.) barədə məlumat yayıldı. Bu “təsadüfün” özü də simvolik xarakter daşıyır və bütün vətən xainlərini eyni aqibət gözlədiyinin siqnalıdır...

Əslində, xeyli müddət idi ki, Rusiya ictimai rəyi Xersonun təhvil verilməsinə hazırlanırdı. Baxmyaraq ki, cəmi 10 gün əvvəl Ramzan Kadırov nəinki Xersonun verilməyəcəyini, hətta Nikolayev, Odessa, Kiyev və bütünlükdə Ukraynanın ələ keçiriləcəyini iddia edirdi (Dünənsə, Xersondan çəkilmək qərarını dəstəklədi-C.M). Ondan fərqli olaraq, mərkəzi televiziya kanalları və Kremlin təbliğatçıları isə artıq bir aya yaxın idi ki, Dneprin sağ sahilinin, Xerson şəhəri də daxil olmaqla, saxlamağın mümkün olmayacağına eyham vururdular. Ukraynadakı rus qoşunlarına yeni başçı təyin olunan general Sergey Surovikin də təyinatının ilk günündəki “əyri oturub, düz danışdığı” çıxışında “çətin qərarların qəbul edilməsini istisna etmədiklərini” bildirdi. Buna qədər isə Kremlin təbliğat maşını cəbhədəki bütün uğursuzluqları Müdafiə Nazirliyi və Baş Qərargahın üzərinə yıxmaq, Putini ictimai qınaqdan qorumaqla məşğul idi. Xersonun təhvil verilməsilə bağlı qərar da məhz Şoyqu və Surovikin tərəfindən verilmiş qərar kimi təqdim olundu. Surovikin məlum iclasdakı çıxışında Xersonda qalmağın mənasızlığını dilə gətirir, nazir Sergey Şoyqu da guya dərhal qərar verərək, qoşunları çıxarmaq barədə göstəriş verir. Yəni, Putinin adı ümumiyyətlə çəkilmir və sanki bu qərarın Ali Baş Komandana heç bir aidiyyatı yoxdur. Yenə də məsuliyyət Putindən yayındırılaraq, hərbi rəhbərliyin üzərinə atılmış olur...

Həmin iclasda Şoyqu Xersondan qaçmağı onunla əsaslandırır ki, guya bununla da rus əsgərlərinin həyatını qiymətləndirir, onları xilas edirlər. Halbuki, müxtəlif müstəqil mənbələrin məlumatlarına görə, 8 ayda Ukraynada həlak olan və yaralanan rus əsgərlərinin sayı 100 min nəfəri çoxdan ötüb. Ukrayna çölləri hələ də Rusiya hərbçilərinin sahibsiz qalmış, çürüyən meyitlərilə doludur. Hazırda Ukraynada olan və yeni səfərbərliyə cəlb edilənlərsə yeməkdən tutmuş adi sanitar vasitələrə, geyimə, silaha qədər bütün vacib təminat vasitələri sarıdan qıtlıq, əziyyət çəkirlər. Ona görə də ya topa-topa qırılır, ya da əsir düşürlər... 

Hələ rus ordusu Kiyevin həndəvərində olanda və bu şəhəri işğal etməyin mükünsüz olduğunu yavaş-yavaş anlamağa başlayanda Vladimir Solovyovun verilişinin daimi qonaqlarından olan israilli ekspert Yakov Kedmi demişdi ki, rus qoşunlarının Kiyevdən geri çəkildiyi gün bu müharibədə Rusiya üçün geri sayım başlayacaq və məğlubiyyət qaçılmaz olacaq. Həmin proqnoz özünü doğruldur. Artıq işğalçı ordu təkcə Kiyevdən deyil, Xarkovdan və son olaraq, Xersondan da qaçır...

Kremlin Xersondan çıxmaq qərarından sonra Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç sarkazmla dolu bir fikir səsləndirib. O, deyib ki, rus ordusu irəliləməyi, qalib gəlməyi bacarmasa da, geri çəkilməyi yaxşı bacarır. Ona görə də bütün körpüləri partladır, hər yeri minalayır, buna paralel olaraq şəhərləri, kəndləri talayırlar. Bu, ermənilərin Kəlbəcəri, Laçını, Ağdamı tərk etməsini xatırladır... 

Əslində, Xersondan çıxmaq qərarı sadəcə, rus ordusunun Ukrayna Ordusunun qarşısından qaçması demək deyil. Bu, həm də keçmişin gələcək qarşısında məğlubiyyətinin növbəti simvoludur.

Bəli, Xersonda 30 minə yaxın rus hərbçisi vardı. Zatən hər gün, hər saat Ukrayna Ordusu tərəfindən “yonulan” bu işğalçı sürüsü geri çəkilməsəydi məhv edilməyə məhkum idi. O, indidən sonra da geri çəkilməkdə davam edəcək və bir gün Ukrayna torpaqlarında bir nəfər də rus əsgəri qalmayacaq. Necə ki, Azərbaycan torpaqlarında - Qarabağda da qalmayacaq!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

ELSAD 2022-11-10 22:18:53

Ay, vetendas,helelik Moskvani tehvil vermirler.Helelik...

vetendas 2022-11-10 15:11:05

Ay Azpolitikanin coxbilmisleri o zamanda Kutuzov Moskvani napoleno tehvil vermisdi. sonra ne oldu????

Son yazılar