XERSON GETDİ, PUTİN DƏ GEDƏCƏKMİ? – “Bu, onun üçün sonun başlanğıcıdır”

Cəmi 3 gün əvvəl Kreml Xersonu təhvil verməklə bağlı təşkil olunan və Müdafiə naziri Sergey Şoyqu ilə Ukraynadakı işğalçı ordunun komandanı Sergey Surovikinin yer aldığı “səhnəciyi” efirə verəndə, bir çoxları bunu müharibənin gedişindəki gözlənilməz dönüş kimi qiymətləndirdilər. Ancaq hələ yay aylarından, xüsusilə də Ukrayna Ordusu “HİMARS”-larla təchiz olunandan və məşhur Antonov körpüsünü vurmağa başladığı gündən etibarən əksər təcrübəli hərbi ekspertlər rus ordusunun Xersonda qalmasının mənasız olduğunu və onu darmadağın gözlədiyini bildirirdilər.

Bunu rus ordusunun rəhbərliyi də başa düşürdü. Lakin Rusiya tərəfindən bu müharibədə hərb qanunlarından daha çox siyasi qərarların üstün tutulduğu və rus generallarının “Çar”a onun xoşu gəlməyəcək söz deməyə, təklif verməyə cəsarətlərinin çatmadığı üçün Xersondakı qoşunlar aylarla Ukrayna Ordusu tərəfindən “ütüləndi”. Ukrayna tərəfi Xerson üzərinə hücuma keçməyə tələsmirdi və sistematik olaraq, işğalçıya canlı qüvvə və hərbi texnika sarıdan ağır zərbələr vururdu. Bu qoşunların, nəhayət ki, Dneprin sol sahilinə keçirilməsi qərarı veriləndən sonra isə Ukrayna Ordusunun rəhbərliyi qətiyyən qələbə eyforiyası yaşamış kimi təsir bağışlamır, sevinməkdənsə, narazı görünür. Sanki onun əlindən sevimli oyuncağını alıblar... 

Məlum məsələdir ki, Xersonun təhvil verilməsi qərarının rəsmi təbliğat kanallarında Şoyqu ilə Surovikinin ayağına yazılması Putini məsuliyyətdən və Rusiya daxilindəki narazı kütlənin ittihamlarından maksimum dərəcədə yayındırmağa xidmət edir. Lakin istənilən halda, ən “dünyadan bixəbər” rusiyalı da anlayır ki, belə qərarlar Putinin razılığı olmadan və generallar səviyyəsində verilə bilməz. Odur ki, əksər xarici və yerli ekspertlər bütün narazılıq və ittihamların Putinə yönələcəyini əvvəlcədən proqnozlaşdırırdılar. Bir çoxları Xersonun təhvil verilməsinin Rusiya daxilində kütləvi narazılıqlara, hətta iğtişaşlara səbəb olacağını, Putinin siyasi hakimiyyətinə son qoya biləcəyini iddia edirdilər.

Rus cəmiyyətini yaxşı tanıyan sabiq Duma üzvü və FTX polkovniki Gennadi Qudkovun fikrincə, Xerson ətrafındakı durum İkinci Dünya Müharibəsindəki Stalinqrad əməliyyatını xatırladır. Çünki məhz Stalinqrad döyüşü həmin müharibədə dönüş nöqtəsi olmuşdu. O, deyib ki, Xersonun təhvil verilməsi də indiki savaşda dönüş nəqtəsi və Putin hakimiyyətinin sonunun başlanğıcı olacaq: “Bu, Putin üçün olduqca ciddi mənəvi-psixoloji zərbədir, onun reputasiyasına vurulan ağır zərbədir. Bu, Rusiyadakı ictimai şüurda böyük dəyişiklik yaradacaq. Putini xalqın nə düşündüyü o qədər maraqlandırmasa da, Xersonun verilməsi onun ətrafında, siyasi elitada böyük narazılığa səbəb olacaq və bu, onu daha çox narahat edir. Ona görə də Xersonun itirilməsi Putin üçün böyük imtahan olacaq. Bu, onun tam çöküşü, məhvi olmasa da, sonunun başlanğıcıdır”.

Bir çox hərbi ekspertlər və müşahidəçilər hesab edirlər ki, Putin Xersondan çıxardığı 30 mindən artıq hazırlıqlı və daha təcrübəli hərbçisini Donetsk istiqamətinə atacaq. Beləliklə də həmin istiqamətdə müəyyən irəliləyiş əldə etməklə, Xersondakı biabırçı məğlubiyyəti qismən də olsa kompensasiya etməyə çalışacaq. Lakin məsələ ondadır ki, Xerson ətrafındakı Ukrayna qoşunlarının da bir hissəsi azad edilmiş olur və onların da cəbhənin digər hissələrinə, o cümlədən Donetsk istiqamətinə keçirilməsi mümkün və gözləniləndir. Bu halda isə Putinin Donetsk başda olmaqla, digər istiqamətlərdə uğur qazanmaq perspektivləri sual altına düşmüş olur.

Bütün bunlarla yanaşı, Xersonun təhvil verilməsi qərarından sonra nəzərə çarpan ilkin əlamətlər belə qənaət yaradır ki, əslində rus hərb tarixinə qara hərflərlə yazılacaq bu biabırçı məğlubiyyət Rusiya cəmiyyətində gözlənilən effekti yaratmır və yaradana da bənzəmir. Bunun da özünəməxsus izahı var. Birincisi, xeyli müddət idi ki, daxili auditoriya Kremlin təbliğat maşını vasitəsilə bu məğlubiyyətə hazırlaşdırılırdı. Digər yandan hələ əvvəldən rus cəmiyyəti Ukraynaya qarşı yeni işğalçılıq savaşını heç də 2014-cü ildə Krımın ilhaqını qarşıladığı kimi, böyük həvəslə qarşılamamışdı. Savaşın ilk günlərindəki az-çox qələbə eyforiyası isə ard-arda gələn məğlubiyyətlərdən, “xoşməramlı geri çəkilmələrdən” sonra qısa müddətdə öz yerini məyusluğa, narahatlığa verməyə başladı. Son zamanlar, xüsusilə də Xarkov istiqamətindəki acı məğlubiyyət və səfərbərlik elan olunandan sonra isə bu savaşın yaratdığı ilkin qələbə eyforiyası rus cəmiyyətində daha çox narazılıq və yorğunluq hissi ilə əvəz olundu.

Son rəy sorğuları göstərir ki, rusiyalıların 60 faizindən çoxu müharibənin sülh danışıqları vasitəsilə başa çatdırılmasına tərəfdardır. Müşahidəçilər hesab edirlər ki, Xerson təhvil veriləndən sonra bu göstərici daha da yüksələcək. Müharibənin ilk günlərində isə rəy sorğuları tamamilə başqa nəticələr üzə çıxarmışdı...

Digər yandan ruslar zatən şüuraltı olaraq, Xersonu öz “doğma torpağı” hesab etmirdi və onun zəbt olunmasından hədsiz dərəcədə sevinmədiyi kimi, təhvil verilməsinə də fövqəladə dərəcədə məyus olmaya bilər...

Onu da qeyd edək ki, Rusiyanın sabiq Prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev əhalini Xersonun itirildiyinə görə panikaya düşməməyə çağırıb və vəd edib ki, bu ərazilər guya yenidən Rusiya tərəfindən “azad olunacaq”. Bu da Putin və ətrafının mümkün kəskin etirazlardan ehtiyatlandığının göstəricisidir.

Gennadi Qudkov isə bu mövzuda danışarkən deyib ki, Putin cəmiyyətdəki narazılığı hələlik, məhz hələlik(!) balanslaşdıra bilir. Lakin onun fikrincə, Rusiyanın işğal olunmuş ərazilərdəki mövcudluğu kimi, cəmiyyətdəki nisbi sakitlik də müvəqqətidir və Ukraynadakı məğlubiyyət Putinin faciəli sonunu tezləşdirəcək.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2022-11-13 12:45:15

Moshu adı ilə yazana: yazırsınız ki, "Bəlkə Ukrayna Rusiyanı dünya ictimaiyyətinin gözündə biyabır edə. Bir şeyi bilirəm ki, heç vaxt buynuzsuz qoçun heyfi buynuzlu qoçda qalmaz.", yəni siz hələ tam əmin deyilsiniz ki, artıq Ukrayna Rusiyanı dünya ictimaiyyətinin gözündə biyabır edib və qoçlar arasında olan buynuz fərqinə görə sizinlə razılaşmamaq qeyri mümkündür. Bu əsil məsələlərə bir siyasi ekspert kimi klassik yanaşmadır...MİNNƏTDARLIQ,,,

Moshu 2022-11-12 17:36:30

Cəlal Məmmədovun analizi, təhlili çox düzgündür,məntiqlidir. Hazırda bütün Ukraynalılar Xersonun azad edilməsini bayram edir. Müharibənin öz qanunları var. Xatırlayırsınızsa Böyük Vətən müharibəsində Hitler Moskvaya yaxınlaşmışdı, daha sonra Bakını tutacağını tort kəsməklə bayram edirdi. Nəticə bütün dünyaya məlumdur. 30 min hərbiçinin Xersondan çıxarılması sadə məsələ deyil. Bu sadəcə olaraq hansısa əməliyyatın tərkib hissəsidir. Çox güman ki, həmin qüvvələr Donetsk və Luqansk istiqamətinə göndəriləcək. Vladimir Putini o qədər də axmaq, ağılsız rəhbər hesab etməyin. O artıq bütün resurslarından istifadə edib. Bütün dünya ondan imtina edib.O bütün imkanlardan istifadə edib Ukraynanı təqib edəcək, onun inkişafına imkan verməyəcək. Bəlkə Ukrayna Rusiyanı dünya ictimaiyyətinin gözündə biyabır edə. Bir şeyi bilirəm ki, heç vaxt buynuzsuz qoçun heyfi buynuzlu qoçda qalmaz.

Son yazılar