Menu

Baş nazir sürgündə olan qardaşını ölkəyə qaytarır – Xan geri çəkildi

12.11.2022, 13:04
Baş nazir sürgündə olan qardaşını ölkəyə qaytarır – Xan geri çəkildi

Federal hökumət Xarici İşlər Nazirliyindən icazə aldıqdan sonra Pakistan Müsəlman Liqasının –N (PML-N) ali lideri Nəvaz Şərifə diplomatik pasport verib. Bu, onun ölkəyə gözlənilən qayıdışına yol açıb.

Pasport beş il müddətinə verilib və Pasport və İmmiqrasiya İdarəsi vasitəsilə N.Şərifə göndərilib.

Təhrik-i İnsaf Partiyasının (PTI) hakimiyyəti zamanı N.Şərifin diplomatik pasportu məhkəmə tərəfindən cinayətkar elan edildikdən sonra ləğv edilmişdi.

Daxili İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi “Dawn”a bildirib ki, N.Şərifə verilən əvvəlki diplomatik pasportun müddəti keçən il fevralın 16-da başa çatıb.

Qaydalara əsasən, keçmiş prezidentlər, baş nazirlər, Milli Assambleyanın sədrləri, baş hakimlər, qubernatorlar, nazirlər və dövlət nazirləri, baş nazirin xüsusi köməkçiləri və baş prokurorlar diplomatik pasport saxlamaq hüququna malikdirlər. PML-N ali liderinin pasportunun müddəti 2021-ci ilin fevralında başa çatarkən o vaxtkı daxili işlər naziri Şeyx Rəşidlə Navazın Pakistana qayıtması üçün xüsusi səyahət sənədləri verilə biləcəyini bildirdikdən sonra İmran Xan hökuməti onu yeniləmədən imtina edib.

Aprel ayında, PTI sədri və sonra baş nazir İmran Xana etimadsızlıq səsverməsindən sonra Pakistan Müsəlman Liqası –N hakimiyyəti ələ keçirdikdən təxminən bir həftə sonra Navaz Şərifə 10 il etibarlı olan adi pasport verilib.

N. Şərif səhhətində yaranmış problemlərlə bağlı 2019-cu ilin oktyabrında səkkiz həftəlik zaminə buraxılıb və bir ay sonra ona dörd həftəlik müalicə üçün xaricə getməsinə icazə verilib. O, bu günə qədər Londondadır.

Bu ayın əvvəlində Londonda keçirdiyi mətbuat konfransında Nəvaz Şərifin qızı Məryəm Nəvaz atasının ölkəyə geri qayıda biləcəyini söyləmişdi.

Bu arada, Baş nazir Misirdən birbaşa Londona uçaraq böyük qardaşı və partiyasının üç ildir sürgündə olan ali lideri ilə yeni ordu rəisinin təyinatı barədə sonuncu müzakirəsini edib. Londonda iki qardaş arasında danışıqlarda iştirak edən etibarlı mənbə bildirib ki, PTI sədri İmran Xanın onun üçün məqbul olan yeni ordu rəisinin təyin edilməsi və erkən seçkilərin elan olunması üçün gözlənilən təzyiqləri qarşısında Baş nazir Şahbaz Şərif və böyük qardaşı Navaz qərara gəlib ki, Baş nazirin ordu rəisini təyin etmək səlahiyyətləri nəyin bahasına olursa- olsun, təslim edilməyəcək. Ş.Şərif qardaşı Nəvaza bildirib ki, demək olar bütün Pakistan Demokratik Hərəkatının (PDM) bütün partiyaları Baş nazirin ordu rəisini təyin etmək və hazırkı hökumətin səlahiyyətlərini 2023-cü ilin avqustuna qədər başa çatdırmaq səlahiyyətləri üzərində eyni fikirdədir. Onlar (PML-N və müttəfiq partiyalar) hətta hökumətlərini qurban verməyə hazırdır, lakin öz mövqelərindən geri çəkilməyəcəklər. Bununla belə, mənbə hər iki qardaşın İ.Xanın növbədənkənar seçkilər tələbinə tabe olmamağa razı olduğunu deyib.

Görüşdə Navazın övladları - Məryəm, Həsən və Hüseyn də iştirak edib. Bu, Ş.Şərifin bu ilin aprelində Baş nazir vəzifəsini tutduqdan sonra Böyük Britaniyaya üçüncü səfəridir. Müdafiə naziri Xavaca Məhəmmdə Asif də özəl telekanala açıqlamasında Şərif qardaşlarının ordu rəisinin təyinatını müzakirə etdiyini təsdiqləyib.

Bir neçə gün əvvəl İ.Xan Lahorda jurnalistlərə növbəti ordu rəisinin Şahbaz hökuməti tərəfindən təyin ediləcəyi təqdirdə heç bir probleminin olmadığını deyərkən mövqeyini dəyişib. Təyinatın onunla və yaxud partiyası ilə məsləhətləşmələr əsasında həyata keçirilməsini tələb edib-etmədiyini soruşduqda, PTI rəhbəri “xeyr… onlar kimi istəyirlərsə, təyin edə bilərlər” deyib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol