MİLLİ MƏCLİSDƏN FRANSA SENATININ QƏTNAMƏSİNƏ KƏSKİN ETİRAZ - Bəyanat qəbul edildi (Yenilənib)
Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb.
Bəyanatı Ramin Məmmədov oxuyub.
Bəyanatda deyilir:
- Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. 30 ildir Ermənistan-Azərbaycan "dağlıq Qarabağ" münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.
Fransaya törətdiyi bəzi həqiqətləri xatırladırıq. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "şəhid ölkə" adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.
Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib.
Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.
Fransanın himayə etdiyi erməni terrorçular müttəfiqi olduğu Ermənistanda qəhrəman kimi qəbul edilib və sonradan Azərbaycanda qarşı terror aktları törədiblər. Fransa parlamentarilərini ilk öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq.
Milli Məclis yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan hökumətinə təklif edir ki,
Fransanın Azərbaycan və Ermənistan arasında normallaşdırma prosesinə cəlb edilməsinə icazə verilməsin, Fransanın Azərbaycanda hansısa aktivləri aşkar edilərsə, onlar dondurulsun, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycanla əməkdaşlığına yenidən baxılsın.
Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransa cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırsın, Türk Dövlətləri Təşkilatı çərçivəsində Fransanın türkofobiya siyasəti, İƏT çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılsın.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.
"Report"un xəbərinə görə, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.
Bəyanat səsverməyə qoyularaq qəbul olunub.
***
Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.
"Report"un xəbərinə görə, komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib.
Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.
Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.
***
Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq. “Report” xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, MM tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı: “Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.
Təklif qəbul olunub.
S.Qafarova əlavə edib ki, Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibəti dəfələrlə müşahidə olunub: “Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barədə ədalətsiz mövqe nümayiş etdirmişdi. Fransa Senatının qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır. Hər sətrindən Azərbaycan xalqı və dövlətinə nifrət yaradan qətnamə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və qəsbkarlıq siyasətinə haqq qazandırmaq və niyyətə görə bir akt kimi qiymətləndirilməlidir”.
Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.
Komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib.
Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.
Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib. Azərbaycan XİN açıqlama yayaraq bildirib ki, bu qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Şərhlər
Fransa səfiri pırı-pırtı ilə birlikdə 6 saat müddətində ölkədən qovulmalıdır. FRANSA ALÇALDILMALIDIR!
"Son iki ildə bizə qarşı bir neçə dəfə ədalətsiz mövqe nümayiş etdirib"sə biz niyə cavabını lazımınca verməmişik?İndi də bəyanat hazırlayırıq.Canım,nə bəyanat?Bəyan edə-edə durmuşuq illərdir.Nəhayət,hərəkət etmək lazımdır.Səfirini çıxaraq ölkədən,vəssalam.Görün o saat nə əl-ayağa düşürlər.Bu nə yaman astagəllikdir bizlərdə?44 günlük müharibənin elə ilk günlərindəcə Fransa deyildimi BMT Təhlükəsizlik Şurasını təcili toplayıb Azərbaycana qarşı qoşun yeritməyi tələb edən?Hər hansı ölkə elə bir tək belə düşmənçiliyə görə Fransa səfirini ölkəsindən çıxarıb onunla bütün əlaqələrini kəsərdi.Qaradan da tünd rəng varmı ki?