“RUS ELİTASI UKRAYNADAKI MƏĞLUBİYYƏTLƏ BARIŞIB...” - “Onlar bilmirlər ki, “hansı oyunu oynasınlar”...”

“Xersondan geri çəkilmək Rusiya elitası üçün ağrılı olub – anlaşılıb ki, gerçək müharibə uduzulub”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın “Meduza” kanalı Rusiya Prezident Administrasiyasında və hökumətdəki mənbələrinə istinadla yayımladığı yazıda bildirir.

Putinin çevrəsinə aid iş adamlarından birinə yaxın mənbə kanala deyib: “Artıq anlaşılıb ki, müharibəni uduzmuşuq. İnsanlar düşünməyə başlayıblar ki, bundan sonra nə etsinlər –gələcəkdə hansı yeri tutsunlar, “hansı oyunu oynasınlar”, nəyə stavka etsinlər. Bir tərəfdən revanşist əhval-ruhiyyələr olacaq, digər yandan normallaşmaya və stabilləşməyə ehtiyac yaranacaq”.

Bununla yanaşı, “Meduza” qeyd edir ki, Kremldəki siyasi rəhbərlik hələ də optimist olmağa çalışır və ümid edir ki, Qərb Ukraynaya dəstək məsələsində ucuz enerji daşıyıcıları xatirinə parçalanacaq.

Kanal bildirir ki, nə qədər qəribə olsa da Kremlin daha bir ümid yeri Ukraynada daxili siyasi vəziyyətin dəyişməsinə və bunun nəticəsi olaraq Volodimir Zelenskinin istefa verməsinədir: “Bununla yanaşı, Kreml ümid edir ki, bir neçə aydan sonra Rusiya ordusu səfərbərlik nəticəsində daha yüksək döyüş qabiliyyətinə malik olacaq və cəbhədə vəziyyəti kökündən dəyişəcək. Prezident Administrasiyası hesab edir ki, rus ordusunun Xersondan çəkilməsi cəmiyyətin əhval-ruhiyyəsinə ciddi təsir göstərməyib. Son rəy sorğuları da bunu təsdiqləyir”.

Eyni zamanda, elitaya aid siyasətçilər və iş adamları Kremlin vəziyyəti dəyişə biləcəyinə inanmırlar: “Xersonda baş verənlər biabırçılıq və dövlətdəki başıpozuqluğun göstəricisi kimi qəbul olunur. Bu vəziyyətin yaranacağından şübhələnirdilər, lakin bu dərəcəyə çatacağına inanmırdılar”.

“Meduza” hakimiyyətdəki mənbələrinə istinadla qeyd edir ki, məğlubiyyətlər artdıqca, siyasi elitanın böyük hissəsi üçün Kreml və hökumət daha da qapalı, əlçatmaz xarakter almağa başlayır. Bu da elitanı narahat edir: “Ancaq bütün narazılıqlara baxmayaraq, məmurlar və iş adamları Putinə qarşı hansısa tədbir görməyi düşünmürlər. Sadəcə, istəyirlər ki, bütün bunlar tezliklə sona çatsın”.

Göründüyü kimi, Rusiya siyasi və biznes elitası Rusiyanın Ukraynadakı məğlubiyyətilə barışıb və artıq bu müharibənin nəylə bitəcəyinə dair müəyyən təsəvvürə malikdir. Lakin elitaların Putinə qarşı çıxacağı, yaxud onu devirəcəyinə dair gözləntilər hələ ki, özünü doğrultmur...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar