NANKOR, ƏBLƏH, TÜRKƏ DÜŞMƏN

Nurəddin İsmayıl

Xalqlar həbsxanası İran, siyasi sistemin islam dini üzərində qurulduğu teokratik-klerikal dövlətdir və burada şəriət qanunları siyasi institutların əsası kimi qəbul edilir. Bu ölkə uzun illərdir başında ayətullahların, höccətullahların durduğu, həlledici məqamda son qərarı dini rəhbərin verdiyi şəriət qanunları ilə idarə olunur və kimsənin bu qanunları qəbul etməməsi onun cənabi Allaha qarşı getməsi kimi dəyərləndirilir. Çün, adam “Vilayəti Fəqih”, dolayısı ilə Allahın yerdəki valisidir.

Maraqlıdır ki, bu ölkədə bütün qanusuzluqlar, haqsızlıqlar, milli, məzhəbi ayrı seçkiliklər şəriət, din, Allah adına edilir və etdikləri zülmü də islamın qorunması adına yazırlar. Xalqlar həbsxanasına çevrilən İran başdan-başa yasxanadır, kütləvi ağlaşma məkanıdır və burada xoş təbəssümə yer yoxdur. Buranın qaragüruhu ağlamaqdan, şüvən qoparmaqdan, başına qəmə vurmaqdan, sinə yarmaqdan ekstaz vəziyyətə gətirilir və bu da siyasi, dini hakimiyyəti zəbt edən məzhəbçi zehniyyətin əməlli-başlı işinə yarıyır. İş bununla bitsə, nə var ki...

Molla rejimi daxildə tətbiq etdiyi şəriət qaydalarının dairəsini daha böyük coğrafiyayaya doğru genişləndirmək, digər müsəlman xalqlarını da özünün uydurduğu nağıllara inandırmaq istəyindədir. Bu səbəbdəndir ki, imperiya damarı tutanda, bədheybət üzünü, qaranlığa qərq etdiyi Güney Azərbaycandan, bütövlüyün işartısı gələn Qüzey Azərbaycana döndərir.

Görəsən, son vaxtlar İranı cin atına mindirən, ipə-sapa yatmaz edən səbəb nədir? Ölkəmizə qaşı yersiz iddialarından, təkəbbüründən, qeyzindən niyə əl götürmür?

Fars molla rejiminin Azərbaycana qarşı absurd tələbləri, təhdidləri səngimək bilmir. 44 günlük Vətən savaşında Azərbaycanın əldə etdiyi qələbədən sonra İranın Azərbaycana qarşı pozucu fəaliyyəti daha da intensiv xarakter alıb və bu ölkə sözdə dost, qonşu ölkə olmaqdan çıxıb, Azərbaycana düşmən kəsilən ölkələr sırasına daxil olub.

44 günlük Vətən savaşı çox qaranlıq mətləblərə işıq saldı. Ölkəmizin bu savaşda əldə etdiyi qələbədən, siyasi səbatsızlığını, hərbi fərsizliyini anlayan Ermənistandan daha çox, İranın sarsıntı keçirdiyini müşahidə etdik. Molla rejimi bu vaxta qədər ölkəmizə qarşı oynadığı gizli oyunları açıq müstəviyə keçirdi. Şərqi Zəngəzurda ölüm-dirim mücadiləsi verən ordu hissələrimizin qarşısında əngələ çevrildi. Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti”, təcavüzkar Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi elan etdi. Araz boyu sərhədlərimizdə böyük hərbi kontingentin qatıldığı hərbi təlimlər keçirməyə başladı. Ölkə daxilində yerləşdirdiyi casus şəbəkəsinin hərəkətə keçməsi üçün son təlimatlarını verdi. Diplomatk qaydaları iqnor edərək səfirliyə məxsus avtomobillərdə buradakı qulbeçələrinə təbliğati materiallar göndərməkdən belə çəkinmədi. Özünü islam keşikçisi, şiə təəssübkeşi kimi qələmə verən bir ölkə, necə olur ki, öz ümmətindən, öz məzhəbindən olan bir ölkəyə deyil, bütün zamanlar üçün müsəlman dünyasına yağı kəsilən, bütün açıq və gizli fəaliyyətini islam ölkələrində çaxnaşma törətmək yönündə quran Ermənistana qahmar çıxır? Əlbəttə, İranın Azərbaycana, bütövlükdə Türk dünyasına nifrət püskürməsinin İran-Turan davası kimi tarixi kökləri var və bu ayrıca bir mövzunun söhbətidir. Amma aşkar olan o ki, İran hələ də Azərbaycana özünün müstəmləkəsi, təbəəsi kimi baxır və bu iştahlı, əbləh düşüncə onu ard-ardına yanlışlıqlara sövq edir. Unudur ki, Azərbaycan müsəlman şərqinin ilk demokratik dövləti olaraq yaranmış və aralıq məsafədə bolşevik Rusiyasının tərkibinə zorla qatılsa da, sonradan öz istiqlaliyyətini bərpa etmiş, dünya dövlətləri tərəfindən tanınmışdır.

Fikrimzcə, İranı daha çox narahat edən Azərbaycanın müstəqil siyasət yürütməsi, getdikcə dünya ölkələri sırasında layiqli yerini tutması, ilk ev sahibliyi etdiyi Türk Dölətləri Təşkilatında aldığ rol, qardaş Türkiyə ilə hərbi, siyasi, strateji müttəfiqlik, ərazilərimizin işğalında bu və ya digər formada şəriklik etdiyi təcavüzkar Ermənistan üzərində əldə edilən parlaq qələbə, Vətən savaşında ölkəmizə lazımi dəstək verən, qarşılıqlı əlaqələrindən hər üç ölkənin faydalandığı İsrail, Pakistan kimi ölkələrlə yaxın bağlılıq, dövlət başçısının rəsmi kürsülərdən Güney Azərbaycanda, eləcə də dünyada yaşayan soydaşlarımızın haqqına sahib çıxmasıdır. Bu gəlişmələr tarixi zərurətdir və İran fars rejimi qədim Sasani zehniyyətindən uzaqlaşıb, xalqların dostluq, əməkdaşlıq şəraitində birgə yaşama qaydalarına, bir- birlərinin beynəlxalq hüquqla tənzimlənən ərazi bütövlüyü, müstəqilliyi prinsipinə uyğun xətt seçməlidir. Biz İran siyasətində bunların tam əksini gördük.

İran, BMT-nin təcavüzkar, işğalçı kimi tanıdığı Ermənistanın yanında durdu. İran müstəqil Azərbaycanın hansı ölkə ilə müttəfiqlik, siyasi, iqtisadi əlaqə qurmaq kimi doğal haqqına müdaxilədə bulundu. İran Putinin meymun kimi oynatdığ Paşinyanı Quran ayələri ilə səslənən rəsmi törənlə qarşıladı. İran son 30 ildə Azərbaycanı çökdürmək, içdən dağıtmaq, varlığını sarsıtmaq üçün hər cür riyakarlığa, ölkəni içdən parçalamaq, iğtişaş törətmək üçün hə cür məkrli oyuna əl atdı. Emissarları vasitəsi ilə din, şəriət, məzhəb adıyla ölkənin dərinliklərinə enib, əyalətlərdən tutmuş paytaxta qədər bu gün təhlükəsizlik orqanlarımızın peşəkarlıqla faş etdiyi özünün casus şəbəkəsini yerləşdirdi.

Bütün bunlar ortada ikən Azərbaycanı suçlu görməyin, Vətən savaşı dövründə ərazisinə silah, sursat, yanacaq, ərzaq daşıyıb, yeni təcavüz üçün nəfəslik verdiyi, işğalçı Ermənistanı haqlı çıxarmağın nankorluqdan, əbləhlikdən, türkə, türk dünyasına nifrətdən başqa bir adı yox...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar