TOKAYEV DAHA 7 İL QALIR... - Qazaxıstandakı seçkilər Türk coğrafiyasına nə vəd edir?

"BMT Nizamnaməsində təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib. BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplər rəhbər tutulsa, dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox dövlət peyda olacaq. Əlbəttə, bu, xaos yaradacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Görünür, bu prinsiplər Luqansk və Donetsk kimi kvazi-dövlət ərazilərinə də şamil olunacaq”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ilin iyununda, Ukraynada davam edən savaşın qızğın dövründə, Rusiya ordusunun bu günkü qədər məğlub və aciz durumda olmadığı bir vaxtda Peterburqda keçirilən və Putinlə üzbəüz oturduğu forumda söylədiyi bu fikirlər onun karyerasının bəlkə də ən cəsarətli və unudulmaz səhifəsi olaraq qalacaq. Çünki bu, Putinin adı gələndə dizi əsən Qərbdəki Makron kimi bəzi liderlərdən fərqli olaraq, birbaşa onun üzünə söylənilən açıq həqiqət idi.

Bundan sonra həm öz ölkəsində, həm postsovet məkanında, həm də Qərbdə Tokayevə qarşı heç də birmənalı olmayan münasibət xeyli dəyişdi. Çünki buna qədər bir çoxları ona daha çox yanvar ayında Qazaxıstanda baş qaldıran etirazları başqa bir dövlətin, xüsusilə də Rusiya kimi birisinin əli ilə yatırmağa çalışan, yəni, hakimiyyətdə qalmaq xatirinə bir növ öz xalqını yad hərbi qüvvənin “ayağına verən” rəhbər kimi yanaşırdı. Lakin qısa müddətdə KTMT adı altında Qazaxıstana soxulan rus qoşununu ölkədən çıxarmağa müvəffəq olan Tokayev vəziyyəti stabilləşdirə bildi...

Yanvar iğtişaşları zamanı rus qoşununun müdaxiləsinə imkan yaradanda çoxları bununla da Tokayevin xalqın gözündən düşdüyünü, etimadını itirdiyini, onu ölkə başçısı qismində qaranlıq perspektivlər gözlədiyini iddia edirdilər.

Lakin belə görünür ki, müasir dünyada siyasi prioritetlər, cəmiyyətin ab-havası, bu və ya digər siyasi xadimə münasibət az qala yaz havası kimi dəyişkən və təlatümlüdür. Hər halda, Qazaxıstandakı son seçkinin nəticələri də bunu göstərir.

Əlbəttə ki, bu nəticələrin obyektivliyi müəyyən dərəcədə şübhə altına alına bilər. Çünki Tokayevin 82 faizə yaxın, onun ən yaxın izləyicisinin isə cəmi 3 faiz səs toplamasına səmimi olaraq inanmaq belə demək mümkünsə, bir qədər çətindir.

Ancaq faktiki görünən odur ki, cəmiyyət pis-yaxşı, bu nəticə ilə barışır, hər hansı kütləvi etiraz, narazılıq müşahidə olunmur və nə müxalifət, nə Nazarbayevdən qalan klan təmsilçiləri, nə də xarici qüvvələr seçkidə Tokayevə problem yarada bilən namizədlə çıxış edə bilmədilər...

Tokayev yanvar etirazlarından sonra kifayət qədər ciddi sayıla biləcək islahatlara getməyə başladı. Daha doğrusu, ən azından bu islahatların anonsunu verdi və Nursultan Nazarbayevin dönəmindən qalan klanı sıradan çıxarmağa başladı. Bununla da cəmiyyətdəki narazılıqları həmin klana bir növ transformasiya etdirməyi bacardı. 

Nazarbayevin izlərini Qazaxıstanın müasir siyasi həyatından silməyə çalışan Tokayev hətta ona həsr olunan “Respublikanın İlk Prezidenti Günü”nü də dövlət bayramları siyahısından çıxardı...


Ancaq hər şey dekorativ xarakterli addımlarla bitmədi. Sentyabrın 1-də xalqa müraciətlə çıxış edən Tokayev gözlənilmədən inqilabi sayıla biləcək sensasiyalı dəyişikliklər təklif etdi.

O, öz səlahiyyət müddətinin bitməsinə xeyli vaxt qalsa da, ölkədə növbədənkənar prezident seçkiləri keçirməyi təklif etməklə yanaşı, prezidentlik müddətinin 7 ilə çatdırılması fikrini irəli sürdü. Bununla yanaşı, bir nəfərin yalnız bir müddətə seçilməsinə icazə verilməsinə tərəfdar olduğunu bildirdi.

Tokayevin digər maraqlı qərarı Qazaxıstanda yanvarda baş verən iğtişaşlarda həbs olunanlarla bağlı oldu. O, həmin aksiyalarıniştirakçılarına amnistiya elan olunacağını dedi . İyun ayında keçirilən referendumda yuxarıda qeyd edilən təkliflər rəsmən təsdiqləndi və rəsmiləşdi.


Həmçinin, Prezident bir sıra sosial və iqtisadi məsələlərlə də bağlı yeniliklər vəd edərək bildirdi ki, ölkədə “Uşaq Fondu” yaradılacaq və hər yeni doğulan uşağın şəxsi hesabına 18 yaşının tamamına qədər dövlət tərəfindən vəsait köçürüləcək. Bu vəsait hər bir gəncin mənzil və digər sosial problemlərinin həllinə yönəldiləcək.

Bunlardan əlavə, qərara alınıb ki, 2028-ci ilə qədər qadınlar üçün pensiya yaşı 61 yaşdan yuxarı qaldırılmasın.

Bundan başqa, gözlənilir ki, yeddi il ərzində ölkədə 111 milyon(!) kvadratmetr mənzil tikiləcək, gənc ailələr evlə təmin ediləcək. Biznesin inkişafı üçün şərait yaradılacaq, yeni, mütərəqqi Vergi Məcəlləsi qəbul ediləcək.

Ölkənin siyasi sisteminə köklü şəkildə yenidən baxılacaq, sosial məsələlər sistemli şəkildə həll olunacaq, uşaq bağçası, məktəb və yataqxana çatışmazlığı keçmişdə qalacaq və sair.

Bunlar əsasən Qazaxıstanın daxili siyasi-iqtisadi həyatına aid olan məsələlərdir.


Ancaq ölkənin xarici siyasətdəki prioritetləri də kifayət qədər maraqlı məcrada dəyişir. Məsələn, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılmaq üçün Qazaxıstana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Kasım-Jomart Tokayev şəxsən qarşıladı. Bu, simvolik jestdir və Qazaxıstan hakimiyyətinin Türkiyənin timsalında Türk dövlətlərinin istənilən formatda birliyinin yaradılmasına və möhkəmlənməsinə, ümumiyyətlə, türkçülük amilinə münasibətinin göstəricisidir.

Onun bu məsələ ilə bağlı rəsmi açıqlamaları da belə düşünməyə əsas verir ki, Qazaxıstan lideri Türk birliyi ideyasına olduqca isti münasibət göstərir. Qazaxıstan hazırda həm Rusiya, həm də Qərbin təzyiqləri ilə üz-üzədir. Buna baxmayaraq, o, Qazaxıstanın Türk Dövlətləri Təşkilatında yüksək səviyyədə təmsil olunur və Türk dünyasına inteqrasiyaya böyük önəm verir.


“Qazaxıstan geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasət aparmalıdır. İqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq”. Bunu da Qazaxıstan Prezidenti deyir və əslində, bununla da hər kəslə, xüsusilə də Çinlə iqtisadi və siyasi əlaqələrin vacibliyinə işarə edir.

Rusiyaya gəlincə, onunla Qazaxıstanın 7,6 min kilometrlik ümümi sərhədi var və bu, ABŞ ilə Kanada arasındakı sərhəddən sonra dünyadakı ikinci ən uzun sərhəddir. Tokayev müharibənin ilk aylarında Rusiya dövlət televiziyasına bildirmişdi ki, onun ölkəsi sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməyəcək. Lakin onu da qeyd etmişdi ki, Moskva Qazaxıstan üçün əsas müttəfiq olaraq qalacaq. Bu, çox incə və reallaşdırılması mürəkkəb olan xarici siyasətdir.

Tokayev Moskvanı qıcıqlandırmamaq üçün ölkəsində müharibə əleyhinə yürüşlər keçirilməsinə qadağa qoyub. Bununla yanaşı, məsələn, Rusiyada təbliğat rəmzinə çevrilən “Z” işarəsinin açıq şəkildə nümayişinə də imkan verilmir. Ən əsası isə Luqansk və Donetskin timsalında Rusiyanın Ukraynada işğal etdiyi əraziləri heç zaman tanımayacağını bəyan edir.

Beləliklə, əvvəlcə Rusiyanın Qazaxıstandakı iğtişaşalara müdaxiləsinə razılıq verib, öz mövqeyini gücləndirən Tokayev sonradan Rusiyaya onun vassalı funksiyası daşımaq fikrində olmadığını çatdırdı.

Bir müddət əvvəl qazaxıstanlı deputat Sayasat Nurbek Qazaxıstanın Rusiya siyasətini izah etmək üçün burundukun (gəmirici heyvandır) nəyə görə zolaqlı olması haqqında Sibir təmsilini misal çəkmişdi: ”Ayı ilə burunduk dostlaşırlar və günlərin bir günü kefi yaxşı olan ayı brundukun kürəyini tumarlamaq istəyir. Bu zaman burundukun kürəyini dırnaqları ilə cızır. Bu təmsilin məğzi belədir: sən ayının dostusunsa, onun kefi lap yaxşıdırsa belə, kürəyini həmişə qoruyacaqsan”.

Sözsüz ki, bu, əslində təkcə Qazaxıstana deyil, Rusiyanın digər qonşularına da aiddir...


Hər halda, istənilən Türk dövlətindəki sabitlik və inkişaf Azərbaycanın xeyrinədir. Qonşumuz Qazaxıstanın Tokayevin idarəçiliyində bütün Türk birliyinə fayda verən və bir çox nailiyyətləri ilə nümunəyə çevrilən dövlətlərdən biri olacağına ümid çoxdur. İnanaq ki, Qazaxıstanın seçdiyi yol imperiya güclərinin postsovet məkanına təzyiq və təhdid imkanlarını xeyli məhdudlaşdıracaq, ölkələrimiz arasında müstəqil, ikitərəfli, faydalı əlaqələrin möhkəmlənməsinə töhfə verəcək...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2022-11-21 21:16:13

Dövlet başçısının ağıllı siyaset aparması,qetiyyetli ve qururlu olub özünün ve milletinin şerefini qodumaw iqtidarında olması milletin her bir ğzbünğn qeydine qalması ümümbrşeti bir deyerdir ki,bele rdheberi olan bir millet geç tez qüdretli ve xoşbext olacaqdır.

Son yazılar