MAKEYİN ÖLÜMÜ – LUKAŞENKO ÜÇÜN SİQNAL? - “Belarus Prezidenti aşpazını və mühafizəçilərini dəyişir”

Son günlər Qərb mətbuatı tez-tez Rusiyanın Belarus ordusuna nəzarəti tam ələ keçirmək üçün Prezident Aleksandr Lukaşenkoya sui-qəsd hazırladığına dair məlumatlar yayırdı. Rusiyalı tanınmış müxalifətçi vəkil Mark Feyqin də öz kanalında belə bir hadisənin gözlənildiyini demişdi.

Lakin bu söz-söhbətlərin qızğın yerində, gözlənilmədən Belarusun Xarici İşlər naziri Vladimir Makeyin ölümünə dair xəbər yayıldı. Belarus hakimiyyətindən gələn İlk rəsmi açıqlamada Makeyin infarktdan dünyasını dəyişdiyi bildirilir. Lukaşenkonun özü hələlik bu barədə ümumiyyətlə hər hansı açıqlama verməyib.

Lakin bir çox mütəxəssislər, siyasətçilər, politoloqlar və s. Makeyin öz əcəli ilə ölməsi xəbərinə şübhə ilə yanaşırlar.

Bu hadisənin xüsusilə də indiki mürəkkəb dövrdə, Rusiyanın Belarusu Ukrayna savaşının daha aktiv iştirakçısı kimi görmək istədiyi, lakin Lukaşenkonun buna bacardığı qədər müqaviməıt göstərməsi fonunda baş verməsi Makeyin ölümü ətrafında müəmmaları xeyli artırır.

 Vladimir Makey

Qeyd edək ki, 64 yaşlı XİN başçısının kifayət qədər sağlam həyat tərzi sürdüyü və yaşının da o qədər çox olmadığı önə çəkilməklə yanaşı, bu ranqda olan dövlət məmurlarının tez-tez keyfiyyətli həkim müayinələrindən keçirildiyi bildirilir.

Məsələn, Putin hakimiyyətinə müxalif tanınmış rusiyalı iş adamı Leonid Nevzlin özünün Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadla iddia edib ki, Vladimir Makey Kremlin sifarişilə öldürülüb.

 Leonid Nevzlin

Nevzlin öz “tvitter” səhifəsində yazıb ki, Belarus XİN başçısını Rusiya xüsusi xidmət orqanları zəhərləyiblər: “Makeyi Rusiya FTX-sinin laboratoriyasında hazırlanmış xüsusi maddə ilə zəhərləyiblər. Bunu həmin qurumlardakı mənbələr deyir. Belədə klinik mənzərə həmin şəxsin infarktdan, insultdan, yaxud ürək çatışmazlığından öldüyünü göstərir. İnsanı bu maddələrlə zəhərləmək və onun guya öz əcəli ilə öldüyünü göstərmək olduqca asandır...”

Makeyin qəsdən öldürüldüyünə dair versiyanın siyasi səbəblərinə gəlincə, üzdə hər nə qədər Putini dəstəklədiyini ifadə etsə də, Lukaşenkonun hər vəchlə öz ordusunu Ukraynaya soxmaq istəmədiyi, Putinin avantürasından məsafə saxlamağa çalışdığı və öz siyasi gələcəyini düşündüyü məlumdur.

Bununla yanaşı, “Lukaşenkonun Qərbə pəncərəsi” hesab olunan mərhum XİN başçısı Belarus Prezidentinin Qərblə gizli danışıqlarında əsas fiqur hesab olunub. Makey hələ 2000-ci ildən Lukaşenkonun yanında olub. Mərhum XİN başçısı 2000-2008-ci illərdə Lukaşenkonun müşaviri, 2008-2012-ci illərdə Belarus Prezident Administrasiyasının rəhbəri, 2012-ci ildən ölümünə qədər isə XİN başçısı vəzifəsini tutub.

Ümumiyətlə, Qərbyönümlü diplomat kimi tanınan Makeyin Belarus Prezidentinə çox yaxın və onun barəsində çox məlumatlı şəxs olduğu qeyd edilir. Bu baxımdan Makeyin ölümünü “bir gözü Qərbdə olan” Lukaşenkoya göz dağı və xəbərdarlıq hesab edənlər var...

Görünür, Lukaşenkonun özü də XİN başçısının öz əcəli ilə öldüyünə bir o qədər inanmır. Yuxarıda adını çəkdiyimiz Leonid Nevzlin yenə öz mənbələrinə istinadla bildirib ki, Lukaşenko Makeyin ölümündən sonra öz aşbazının, mühafizəçilərinin və qulluqçuların dəyişdirilməsinə göstəriş verib: ”O, heç kimə inanmır. O, kifayət qədər əsası olduğu üçün hesab edir ki, Makeydən sonra təntənəli dəfn mərasimi onun özü üçün təşkil oluna bilər. Moskvanı Belarus ordusunun Ukrayna müharibəsinə cəlb edilməsinin yubanması qane etmir və buna nail olmaq üçün o, Belarus rejiminə qarşı bütün rıçaqlarından istifadə edir”.

Bütün bu iddialarla yanaşı, Makeyin öz əcəli ilə öldüyünə inananlar da az deyil. Məsələn, Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç hesab edir ki, Kremlin Lukaşenkoya xəbərdarlıq üçün onun nazirini öldürməyə ehtiyacı yox idi. Moskvanın belə bir fikri olsaydı, elə birbaşa Lukaşenkoya sui-qəsd edər, onu aradan götürərməyə çalışardı. İndiki halda isə nazirin ölümü Lukaşenkonun daha ayıq olmasına və öz mühafizəsini hədsiz dərəcədə gücləndirməsinə əsas verə bilər.

Belarusdan Ukraynaya gözlənilən hücuma gəlincə, hərbi mütəxəssislər hesab edirlər ki, hələlik belə bir təhlükə yoxdur. Çünki Belarus ərazisindəki rus hərbçilərinin və onların birgə təlim keçdikləri Belarus qruplaşmasının sayı cəmi 10 min nəfər civarındadır ki, bu da zərbə qruplaşması yaratmağa və Belarusla sərhədi ciddi şəkildə möhkəmləndirən Ukrayna Ordusuna qarşı hücuma keçməyə imkan vermir. Belarus-Ukrayna sərhədinfəki indiki qüvvələrlə Kiyevin üzərinə getmək isə özünə qəsddən başqa bir şey deyil.

Həmçinin, Ukrayna Baş Qərargahının son məlumatlarında qeyd olunur ki, Rusiya Belarusun anbarlarındakı hərbi texnikanı və bu ölkə ərazisində təlim keçən canlı qüvvəni Donbasa daşımaqla məşğuldur. Bu isə o deməkdir ki, ən azından yaxın zamanda Belarus ərazisindən Ukraynaya hücum planlaşdırılmır.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar