Menu

Naxçıvanda nə baş verir? - Ali Məclisin deputatlarından reaksiya

29.11.2022, 16:51
Naxçıvanda nə baş verir? - Ali Məclisin deputatlarından reaksiya

Bu günlərdə diqqətlər Naxçıvana yönəlib. Muxtar Respublikadan müxtəlif xəbərlər gəlməkdədir. Bu xəbərlərdə bir sıra vəzifəli şəxslərin DTX-nın keçirdiyi əməliyyatlarla əlaqədar həbs olunan korrupsioner məmurların işinə görə Bakıya çağırıldığı bildirilir.

Doğrudur, bu xəbərləri rəsmi şəkildə heç kim təsdiqləmir, amma təkzib edən də yoxdur…

Jurnalistlərin Naxçıvandan seçilən deputatları danışdırmaq cəhdləri də nəticəsiz qalır.

Modern.az-ın əməkdaşı son günlər dəfələrlə Naxçıvanı təmsil edən deputatlarla əlaqə saxlayaraq muxtar respublikada nələrin baş verdiyini soruşmaq istəyib, amma suallara cavab ala bilməyib.

Naxçıvanlı parlamentarların hamısı bir-birini təkrarlayıb: “Məlumatım yoxdur, heç nə deyə bilmərəm”.

Görünür ki, "Talıbov xofu" hələ ki onları suyu da üfürə-üfürə içməyə vadar edir. Baxmayaraq ki, muxtar respublika rəhbərinin mövqeləri son vaxtlar xeyli zəifləyib.

Belədə əlacsız qalıb Naxçıvan Ali Məclisinin deputatlarına zəng etdik ki, heç olmasa kimsə yayılan xəbərləri təkzib etsin. Amma Ali Məclisin deputatları Milli Məclisin deputatlarından da ehtiyatlı tərpənib, səslərini belə çıxarmadılar…

Naxçıvan parlamentindən söz düşmüşkən, muxtar respublikanın Ali Məclisinin VI çağırışı 9 fevral 2020-ci il tarixində keçirilmiş seçkilər əsasında formalaşıb.

Son seçkilərdə Naxçıvan parlamentinə 45 deputat seçilib - 42-si hakim Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü bitərəf. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin vəfat etməsiylə əlaqədar deputatların sayı 1 nəfər azalıb.

Hazırda Ali Məclisdə 44 deputat fəaliyyət göstərir: 41 YAP-çı, 3 bitərəf.

Ali Məclisdə müxalifəti təmsil edən deputat yoxdur.

Ali Məclisin 44 deputatından 10-u qadın, 34-ü isə kişidir.

Naxçıvan Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyasının üzvü Azər Zeynalovdur.

Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyevadır.

Yeri gəlmişkən, Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbov da Ali Məclisdə təmsil olunur. Deputat Talıbov həm də 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. O, eyni zamanda universitetdə dərs deyir, Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Seymur müəllim Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının da sədridir.

Şərhlər

Moshu 2022-11-30 18:37:44

Bizdə bir qayda olaraq quzunu qurda etibar edirlər. Ola bilər ki, kimsə mənim fikirlərimlə razılaşmasın. Bu gün yox, həmişə bu fikirdə olmuşam. İlham Əliyevin xarici siyasəti heç cürə mübahisə predmeti ola bilməz. Daxildəki “kadrlar” ölkəni yaman günə qoyublar. Bunların nəfəsləri də yalandır. Vasif Talıbovla bağlı bir şəxsiyyət kimi mənim hansısa iradım ola bilməz, lakin dövlətçilik deyilən bir anlayış var. Tam məsuliyyətlə deyə bilərəm ki, bu adamın dövlətçiliklə bağlı minimum da olsa anlayışı yoxdur. Dövlətçilik deyəndə bunlar ailə daxili münasibətləri başa düşürlər. Dövlətçilik bunlar üçün onların ailə maraqları, biznes maraqları, təminatları və s. və i.a. başa düşülür. Nə edim ki, bu adam kiminsə bacanağıdır. Ona görə bu nurlu xalq belə acınacaqlı vəziyyətdədirlər. Mənim İsa Həbibbəyli ilə bağlı hansısa problemim yoxdur. Onu bir insan kimi çox səviyyəli, mədəni, ləyaqətli birisi kimi tanıyıram, lakin o da dövlət adamı deyil. Soruşan lazımdır ki, ay İsa müəllim sənə nə gəlib oğlunun birini Gömrüyə rəis qoydurursan, o birisini isə əvvəlcə Prezident Administrasiyasına, sonradan isə Nazirlər Kabinetinə rəis vəzifəsinə qoydurursan. Bu yağlı vəzifələr təkcə Sizin üçünmü yaradılıb? Normal işləsələr, sözüm yoxdur, düzgün də işləmirlər, cinayətin subyektinə çevrilirlər. Bu kiçik ölkədə biyabır olmaq Sizə lazım idimi? Sizin özünüzün Milli Məclisdə Komitə sədri olduğunuz da xatirimizdədir, inciməyin elə bir dərin savada da malik deyilsiniz. Mən nə edim ki, Vasif Talıbov kiminsə bacanağıdır. Ona da lazımdır oğlunu Ali Məclisdə deputat seçdirir, bu azmış kimi Seymur bəy Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. O, eyni zamanda universitetdə dərs deyir, Beynəlxalq münasibətlər kafedrasının dosentidir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının da sədridir. Adam bir əlində neçə qarpız saxlayar. Bunlar vəzifə azarına tutulublar, meşə təfəkkürü ilə yaşayanlardır. Görəsən Seymur əkə şahmat taxtasından xəbəri varmı, oynamaq qalsın bir tərəfə. Burada insanın sözü bitir. Onlar öz hərəkətləri ilə elə üfunətli vəziyyət yaradıblar ki, adamın öz dövlətindən zəhləsi gedir. Söz yox bu günkü islahatlar ölkə başçısının xeyir-duası ilə həyata keçirilir. Dövlət Gömrük Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin demək olar rəhbər kadrları Nehrəmlilərdən ibarətdir. Amerika kəşf etmirəm, bunu ölkədə uşaqdan böyüyə hamı bilir. Mənim Naxçıvandan çoxlu dost-tanışım var. Vallah onların arasında elə savadlı, ağıllı,dövlətçilik məfkurəli insanlar var ki, onlar bu vəzifəyə layiqdirlər. Gömrük Komitəsindən söz düşmüşkən, artıq ölkə başçısının 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”ndan 22 noyabr 2022-ci il tarixli fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini bu siyahıdan çıxarılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini ölkə başçısının “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”ndan 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanla bu subyektlər çıxarılmışdır. Maraqlıdır ki, İlham Əliyevin siyasətinə qarşı elə də uzaq deyil, Prezident Administrasiyasının vəzifəli şəxsləri və Milli Məclisin bəzi “ağıllıları” çıxırlar. Cənab Prezident onların qarşısını almasa xəmir hələ çox su aparacaq. Allah Viktor Hüqoya rəhmət eləsin. Yazını onun fikri ilə yekunlaşdırıram və gələcəkdə bütün yazılar bu fikirlə yekunlaşacaq: “Rüşvətlə evində xanımına, qızına paltar alan məmur evində fahişə saxlayır, çünki o pullarda bir çox kişinin əməyi vardır”.

Moshu 2022-11-30 14:04:31

Sizdən fələk də baş açmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol