“Bizim məqsədimiz ölkəmizin ərazisinə silah, antikonstitusion fəaliyyətlə məşğul olan şəxslərin, kontrabanda daşıyanların keçməsinin qarşısını almaqdır. Qanunlarımıza zidd fəaliyyət göstərməyənlər, o cümlədən humanitar təmaslar maneəsiz şəkildə davam etməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov “Feysbuk” səhifəsində yazıb. “Əleyhdarlarımızın əli ilə bəzi populistlərin dilindən “Laçın dəhlizini bağlamaq” kimi səhv ifadəni oxumaq bir qədər qəribə görünür”,- o əlavə edib.
T.Zülfüqarovun sözlərinə görə, Laçın dəhlizində sülhməramlıların postları ilə yanaşı qanuna müvafiq nəzarəti təmin etmək üçün Azərbaycanın sərhəd, gömrük və fitosanitar xidmət postları qurulmalıdır: “Bu, funksiyaları ayırmağa imkan verəcək. Azərbaycanın dövlət strukturları sərhəd haqqında qanunun tələblərinə uyğun fəaliyyət göstərəcək, Rusiya sülhməramlıları isə 10 noyabr Bəyanatının müvafiq öhdəliklərinə uyğun təhlükəsizliyi təmin etməkdə davam edəcəklər. Belə yanaşma problemin həlli üçün münaqişəsiz dəyişimləri təmin edəcək, düşmənlərimizin əlindən əks-təbliğat arqumentlərini alacaq“.
Sabiq nazirin fikrincə, təxribatların qarşısını almaq üçün bizim postların fəaliyyəti onlayn qaydada təşkil oluna bilər.
“AzPolitika.info”


Şərhlər