QƏLƏBƏYƏ “HƏ”, SƏFƏRBƏRLİYƏ “YOX” - Kremlin keçirdiyi qapalı sorğunun maraqlı nəticələri

“Rusiya Federal Mühafizə Xidmətinin(FMX) keçirdiyi qapalı sorğunun nəticələrinə görə, əhalinin yalnız 25 faizi Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”ın davam etdirilməsinə tərəfdardır. Hansı ki, iyul ayında bu göstərici 57 faiz idi”.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Meduza” kanalı Kremlin sifarişi ilə FMX-nin keçirdiyi sorğunun nəticələrinə dair bəzi məlumatları dərc edib. 

Məlumatda ilk olaraq göstərilir ki, Kreml nəinki nisbətən müstəqil sorğu mərkəzlərinin, hətta hər zaman özünün xidmətindən yararlandığı rəsmi qurumun – Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin belə açıq rəy sorğuları keçirməsini məhdudlaşdırıb. Bundan sonra belə sorğular qapalı şəkildə keçiriləcək və nəticələri yalnız Kremlə məruzə ediləcək. Mütəxəssislər bunu Rusiya əhalisinin Ukraynadakı “xüsusi hərbi əməliyyata” və Kremlə münasibətinin kəskin şəkildə dəyişməsi ilə izah edirlər.

Sorğunun nəticələri göstərir ki, savaşın əvvəllərində “qan-qan” deyən rusiyalıların arasında Ukraynada davam edən müharibənin tezliklə sülh danışıqları ilə yekunlaşmasını istəyənlərin sayı kəskin şəkildə artıb. Müharibənin bitməsini və sülh danışıqlarını tələb edənlərin sayı az qala iki dəfə çoxalaraq, 32 faizdən 55 faizə yüksəlib.

Qeyri-dövlət soqrğu mərkəzi olan “Levada-sentr”-in başçısı Denis Volkov isə deyib ki, rusların Ukraynadakı savaşa mənfi münasibəti xüsusilə sentyabrın 21-dən, yəni səfərbərlik elan ediləndən sonra baş qaldırıb: “Hərbi əməliyyatlara dəstək yüksək olaraq qalır, lakin insanlarda bu əməliyyatlarda şəxsən iştirak etmək arzusu qətiyyən yüksək deyil”.

Volkov deyib ki, müharibənin əvvəlində insanlar müharibəyə onlardan uzaqda baş verən hadisə kimi baxır, dövlətdən və ordudan qələbə tələb edirdilər. İndi isə savaşın onlara da toxunacağı riski artdığından, danışıqlara meyllənməyə başlayıblar.

Təbii ki, bütün bunlar təkcə səfərbərliklə deyil, həm də cəbhədəki ardıcıl uğursuzluqlar və biabırçı məğlubiyyətlərlə, bağlıdır. Artıq sıravi rusiyalıların böyük hissəsi anlayır ki, Rusiya bu savaşda qalib gələ bilməyəcək və qarşıda heç bir müsbət perspektiv görünmür.

Məsələn, cəmi 70 min əhalisi olan kiçik Baxmut şəhəri ətrafında Ukrayna ordusu cəmi iki briqada, yəni təxminən 6 Batalyon Taktiki Qrup(BTQ) ilə işğalçı ordunun 40 BTQ-sinə qarşı 3 aydır ki, savaşır və duruş gətirir. Rus qoşunları bütün səylərinə və böyük itkilərə rəğmən əslində, elə bir strateji, hətta taktiki əhəmiyyəti belə olmayan bu şəhəri heç cür işğal edə bilmir. Özündən çox razı olan və reklam edilən “Vaqner” qruplaşması bu şəhər ətrafında saysız-hesabsız itkilər verməkdədir. Nəticədə beynəlxalq aləmdə terrorçu qruplaşma kimi tanınmaqda olan bu hərbi birləşmə də Rusiya daxilində öz nüfuzunu itirir. Üstəgəl, Xerson istiqamətindən rusların çəkilməsi nticəsində azad olmuş 8 Ukrayna briqadasının bir hissəsi artıq bu cəbhəyə dəstək üçün göndərilib.

Beləliklə də, Kremlin son zamanlar gözünü dikdiyi və Rusiya cəmiyyətinə qələbə kimi təqdim etməyi planlaşdırdığı Baxmut uğrunda döyüşlər də uğursuzluğa düçar olur.

Ümumilikdə isə son rəy sorğuları bir daha göstərir ki, Rusiya toplumunda işğalçılıq, şovinizm, imperiyaçılıq hissləri olduğu kimi qalır. Əvəzində sadəcə, öz həyatlarına görə narahatlıqları xeyli dərəcədə artıb. Rusiyalıların narazılıqları isə əsas etibarilə ukraynalılara qarşı qətliamlar, Ukrayna torpaqlarının işğalı və s. ilə yox, rus ordusunun yaxşı təchiz olunmaması, komandirlərin başıpozuqluğu, döyüşən hərbçilərə lazımi maddi dəstək göstərilməməsi, ordudakı yeyintilər və s. ilə bağlıdır. 

Yəni, toplum müharibənin yox, hakimiyyətin bacarıqsızlığının, yarıtmazlığının əleyhinədir - eynilə 44 günlük müharibədəki erməni toplumu kimi. Belə bir toplumun “ağıllanması” isə yalnız Ukrayna Ordusunun döyüş meydanındakı qələbəsi və işğalçı qüvvələrin sarsıdıcı məğlubiyyəti sayəsində mümkündür, bu isə o qədər də uzaqda deyil...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hüseyin 2022-12-02 13:34:51

Slava Ukraina ! Diktatorlara və onu dəstəkləyənlərə ölüm!

Son yazılar