Vladimir Putinin yenə “Pyotrluğu” tutub. Belə ki, Rusiya Prezidenti dekabrın 7-də Prezident yanında İnsan Haqları Şurasının (Rusiya kimi ölkələrdə belə şuraların mövcudluğu nonsensdir-C.M.) üzvləri qarşısındakı çıxışında növbəti dəfə özünü I Pyotrla müqayisə edib.
Qeyd edək ki, tez-tez təkrarlanan və artıq adi hal alan Putinin bu müqayisələri xüsusilə Rusiyanın Ukraynada düşdüyü biabırçı vəziyyət fonunda mətbuatda və sosial şəbəkələrdə ironiya, lağlağı obyektinə çevrilir...
Putin xatırladıb ki, hələ Çar I Pyotr öz hakimiyyəti illərində Azov dənizinə çıxış üçün mübarizə aparıb. O, daha sonra özündən razı kriminal dəstə lideri ədası ilə əlavə edib: ““Nə gizlədim, Azov dənizi də Rusiya Federasiyasının daxili dənizi oldu”.
Putin eləcə də həmin görüşdə Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibənin “uzun proses” ola biləcəyini deyib, həmçinin, növbəti dəfə nüvə silahı mövzusunda ikibaşlı fikirlər səsləndirib. Lakin bu cür bəyantlar artıq indiyə qədər də dəfələrlə təkrarlandığından, daha çox diqqəti onun Rusiyanın Ukraynada bir sıra əraziləri ilhaq etməsini “nəzərəçarpacaq nəticə” adlandırması və yenə özünü I Pyotra bənzətməsidir.

Putinin Ukraynada ilhaq etdiyi, lakin sonradan bir-bir əldən verməyə məcbur olduğu əraziləri “nəzərəçarpacaq nəticə” adlandırması ilk növbədə ondan xəbər verir ki, Rusiya başçısı özü də artıq Ukraynada bundan artığına nail ola bilməyəcəyini anlamağa başlayıb. Həmçinin o, artıq bu nəticəni Rusiya cəmiyyətinə 24 fevralda başlatdığı qanlı işğalçılıq savaşının məqbul nəticəsi kimi satmağa çalışır. Hansı ki, müharibənin başlanğıcında tamamilə başqa məqsədlər elan edilmişdi – denasifikasiya, demilitarizasiya, Kiyevdə hakimiyyət dəyişikliyi, Ukraynanı NATO-ya və Avropa İttifaqına buraxmamaq, bütün Ukraynanı işğal edib, nəzarətə götürmək və sair.
Lakin Kiyevdə, Xarkovda, Xersonda Kremlin “baltasının ağzı daşa dəydikcə”, hədəflər kiçilməyə, sıxılmağa, miskinləşməyə başladı. Bu gün Putin hakimiyyəti hətta bir neçə ay əvvəl elan etdiyi Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq hədəfindən belə danışa bilmir. Putinin onun ordusunun “tikan üstündə oturduğu” və istənilən an qoyub qaçmağa hazır olduğu müvəqqəti işğal altındakı Ukrayna ərazilərini “nəzərəçarpacaq nəticə” adlandırması Kremlin acizliyinin əyani nümunəsidir. Eyni zamanda, Putinin bu çıxışı bir daha Ukraynaya qarşı hücumun işğalçılıqdan başqa heç bir məqsəd daşımadığının açıq etirafı oldu. Bununla bağlı Ukrayna Prezident Ofisi sözçüsü Mixail Podolyakın açıqlamasında deyilir: “Maskalar atıldı. Müharibəyə başlamaq üçün ortaya atılan və artıq unudulan “NATO təxribatı”, “denasifikasiya” və digər bəhanələri unudun. Putin bütün dünya üçün aşkar olanları təsdiqlədi: Rusiya yeni ərazilərin ələ keçirilməsi üçün soyqırım tipli müharibə aparır, çünki I Pyotr bu cür vəsiyyət edib. Bundan sonra kimsə “tənzimlənmə” barədə danışacaqmı?”
Doğrudan da, Putin tərəfindən açıq bəyan olunur ki, məqsəd I Pyotrun qarşısına qoyduğu məqsədlərə nail olmaq, yəni, imperiyaçılıq və işğalçılıqdır. 21-ci əsrdə özünü sivil dünyanın parçası hesab edən belə böyük bir dövlətin bu etirafı çox acınacaqlı və qorxuncdur. Bu təfəkkürlə idarə olunan dövlət təkcə Ukrayna deyil, bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir və çox təəssüf ki, onun “sülhməramlı” adı altında məlum şərtlərdə və şəraitdə Azərbaycana soxulan hərbi kontingentinin - əsgərinin, zabitinin ayağı hələ də bizim torpaqlara dəyir...
Əlbəttə ki, hər nə qədər özünü Çar simasında görsə belə, Putini heç də I Pyotrun ən uğurlu davamçısı hesab etmək doğru olmazdı. Əksinə, bəlkə də Rusiya öz tarixində ən zəifləmiş, alçaldılmış, aşağılanmış, gözdən salınmış, insanlıqdan uzaq, təkcə siyasi, iqtisadi, hərbi cəhətdən yox, mənəvi baxımdan da çökmüş, təcrid olunmuş günlərini yaşayır və qarşıda onu nə gözlədiyini də bilən yoxdur. Və bütün bunlar Putinin “Pyotrluğu” dövründə baş verir...
Buna baxmayaraq, Putinin gerçəkdən I Pyotrla müqayisə ediləcək bəzi cəhətləri var. Məsələn, onun üçün də I Pyotr kimi, elə ruslar da daxil olmaqla, insan həyatının bir qara qəpiklik dəyəri yoxdur. Odur ki, onun başlatdığı müharibə nəticəsində Ukrayna çölləri müxtəlif millətlərdən olan insan meyitləri ilə doludur...

Putinin Azov dənizinin Rusiyanın daxili dənizinə çevrildiyi barədə özündən razı bəyanatına gəlincə, Xerson, Liman və Ukraynanın işğaldan azad etdiyi digər bir çox şəhərlər, qəsəbələr də cəmi iki ay əvvəl əbədi Rusiya əraziləri elan edilmişdi. Nə olsun? Necə oldu həmin şəhərlərin taleyi? Hələ kim bilir, Azov dənizini, həmçinin, Donetski, Luqanskı, Krımı hansı tale gözləyir, elə Putinin özünü də...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Elə bir beynəlxalq mexanizm işlənib hazırlanmalıdır ki, bu cür planet düşmənləri anındaca hakimiyyətdən uzaqlaşdırılıb zərərsizləşdirilsin. Dünya bir nəfərin əlində girinc qalmasın.
Putin bu gün dünya dövlet başçıları şöersinde en gerizekalısıdır mence.Allahın yaratdığı yer küresinde olan yeraltı yerüstü faydalı qazıntıların 40 %- e yaxını bunların torpağındadır,bes millet ve dövlet hansı seviyyededir.Tutaq ki yer küresini verdiler ruslara ne deyişecek,heç ne,yene de İvan alkaşlığında Nataşa da “ qucaqlarda”.