BƏXTİYAR PAŞANIN AZƏRBAYCAN ORDUSUNDA XİDMƏTƏ BAŞLAMASI NƏ VƏD EDİR? – "Artıq “Tək millət, iki dövlət, tək ordu” deyirik”

Xəbər verildiyi kimi, bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xidmət Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Məlumat üçün qeyd edək ki, əslən Türkiyənin Tunceli bölgəsindən olan Bəxtiyar Ersay ilk hərbi təhsilini "Işıklar" Hərbi liseyində alıb. Daha sonra Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbi artilleriya üzrə başa vuraraq, leytenant rütbəsinə yiyələnib. Bəxtiyar Paşa hərbi akademiyanı kapitan rütbəsində bitirib.

Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə böyük uğurlara imza atıb. Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tunisdə gedən proseslər fonunda, minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında Bəxtiyar Ersay dayanıb.


Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. O, dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb. Azad edildikdən sonra Türkiyə Silahlı Qüvvələrindəki vəzifəsinə qayıdıb. FETÖ-nün 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.

B. Ersay PKK-ya qarşı keçirilən əməliyyatlarda da yaxından iştirak edib. O, 2016-cı ildə Hakkari-Çukurca Sərhəd Briqadasının komandanı vəzifəsini yerinə yetirib. Daha sonra Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən isə Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şixəliyev “AzPolitika.info”-ya şərhində qeyd edib ki, Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi təsadüfi deyil: “Bu təyinatı uzun illərdir davam edən Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının nəticəsi kimi qiymətləndirməliyik. Hələ 1992-1994-cü illərdən başlayaraq Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində imzalanan sazişlərə əsasən türk zabitlər Azərbaycan Silahlı Qüvvələrində (SQ) vasitəçi və təlimatçı qismində xidmət edirdilər. 44 günlük müharibədə qazanılan uğurun davamı olaraq imzalanan Şuşa Bəyannaməsinə əsasən Azərbaycan ordusunun Türkiyə ordusunun modelinə keçidi başladı. Xatırladım ki, Şuşa Bəyannaməsindən əvvəl də Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, gələcəkdə Azərbaycan ordusunun Türkiyə modelinə keçidi təmin olunacaq. Şuşa Bəyannaməsi bir növ bu fikirləri zirvəyə daşımış oldu. Nəticə etibarilə Türkiyə Azərbaycanda özünün xüsusi qrup komandanlığını yaratdı. Ardınca bu komandanlığa 4 general ezam olundu. Qrup komandan vəzifəsi isə general-polkovnik Bəxtiyar Ersaya tapşırıldı. Sözügedən qrupun əsas tapşırıqlarından biri də Azərbaycan SQ-nin Türkiyə ordusu modelinə keçidini koordinasiya etmək idi”.

Ekspertin sözlərinə görə, müharibədən sonrakı mərhələdə Azərbaycanda hərbi institutun, komando briqadalarının, Quru Qoşunlarının komandanlığının yaradılması və onların Türkiyədəki ştatlara uyğunlaşdırılması Türkiyə SQ-nə keçidin əsas elementləri hesab olunur: “Eyni zamanda bu yaxınlarda keçirilən “Qardaş Yumruğu” təlimi Türkiyə və Azərbaycanın 2023-cü ildə də bərabər olacağının əsaslarını müəyyən etdi. Bundan sonrakı mərhələdə Türkiyə və Azərbaycan birliyi mövcud olduqca Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi də Azərbaycanın təhlükəsizliyi kimi qiymətləndiriləcək.

Biz əvvəllər “Bir millət, iki dövlət” deyirdiksə, artıq “Tək millət, iki dövlət, tək ordu” deyirik. Bütün bu baş verən proseslər gücümüzə güc qatacaq, dostlarımızı sevindirəcək, düşmənlərimizi isə bir qədər də məyus edəcək”.

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

TT 2022-12-15 07:40:17

Allah xeyrin versin ))) Prezidentimiz bilir ne edir !!!

Tahir 2022-12-14 13:40:38

Elə birbaşa Bəxtiyar Paşanı Müdafiə naziri təyin etmək və beləcə ordu ilə bağlı bütün problemlərin həllinə nail olmaq olmazmı? Bəlkə də məhz belə olacaq, bəlkə hələ tezdir və bunu Ali Başa Komandan özü daha yaxşı bilir.

Son yazılar