BMT-nin açıqladığı məlumatlara görə, 2014-cü ildən bəri dünyada aclıqla üzləşmiş və ya ərzaq güvənsizliyindən əziyyət çəkən insanların sayı artmaqdadır. COVID-19 pandemiyası durumu daha da ağırlaşdırıb. Ötən il aclıq problemi ilə üzləşənlər 2019-cu illə müqayisədə 150 milyon nəfər artıb. Deməli, dünyada təxminən hər 10 nəfərdən biri aclıqdan əziyyət çəkir.
Bununla yanaşı, 2021-ci ildə planet əhalisinin üçdə biri qədər bölümü (2.3 milyard nəfər) tələblərə cavab verən qida məhsullarına müntəzəm çıxış imkanından məhrum olub. Bu, pandemiyanın başlanğıc dövrü ilə müqayisədə 350 milyon nəfər çoxdur.
Özəlliklə Afrika, Mərkəzi və Güney Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri bu məsələdə artan dinamikaya malikdir.
Rusiya-Ukrayna müharibəsinin təsirləri
BMT-nin fikrincə, planet əhalisinin ərzaq güvənliyinə daha bir təhlükə Ukrayna-Rusiya savaşı sayılır. Nəzərə almaq lazımdır ki, dünya üzrə buğda ixracının 30 faizi, qarğıdalı ixracının 20 faizi, günəbaxandan hazırlanan məhsul ixracınınsa 80 faizi bu iki ölkənin payına düşür. Mütəxəssislərin fikrincə, pandemiya və hərbi konfliktlər, eləcə də iqlim dəyişiklikləri kimi qlobal problemlər fonunda 2030-cu ilədək dünyada aclığın ləğvi istiqamətindəki səylər yetərsiz qala bilər.
BMT bildirir ki, indi aclıqdan əziyyət çəkən insanları və 2050-ci ilədək aclıqdan əziyyət çəkəcəyi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sistemi köklü şəkildə dəyişdirilməlidir. Bu baxımdan, kənd yerlərinin inkişafına və ətraf mühitin qorunmasına, kiçik fermer təsərrüfatlarının gəlişməsinə dəstək verməklə hamıya yetərincə ərzaq təmin edilə və layiqli gəlir imkanı yaradıla bilər. Eyni zamanda, kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədi ilə beynəlxalq əməkdaşlıq gücləndirilməli, kənd təsərrüfatı sahəsində tədqiqatların aparılması və yeni texnologiyaların tətbiqi genişləndirilməli, kənd infrastrukturuna investisiyalar artırılmalıdır.
Azərbaycanda yetərincə qidalana bilməyənlər var
Dövlət Statistika Komitəsi (DSK) Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycanda da yetərsiz qidalananlara dair bilgini açıqlayıb. Qurumun fikrincə, əhalinin 2.5 faizi yetərincə qidalanmır. Bu göstərici faiz olaraq az görünsə də, söhbət 250 min civarında insandan gedir.
DSK-nın hesablamasına görə, 2020-ci ildə də sözügedən göstərici eyni səviyyədə olub (2.5 faiz). Metodologiyada belə deyilir: "Yetərincə qidalanmama insanın normal, fəal və sağlam həyat tərzinin qorunub saxlanması üçün zəruri enerji təminatına yetməyən qida miqdarına müntəzəm çıxışının olduğu vəziyyətdir".
“AzPolitika.info”


Şərhlər