“PUTİN İSTƏYİR Kİ, BAŞI AÇILANDAN SONRA BURADA SUYU BULANDIRSIN” - “Vardanyan Azərbaycan üçün heç kimdir”

Zərdüşt Əlizadə: “Laçın yolundakı aksiya göstərdi ki, Azərbaycan və Rusiya rəhbərləri arasında razılıq əldə edilməyib”

“Azərbaycan tərəfi tədricən Qarabağdakı erməniləri öyrədəcək ki, Laçın yoluna nəzarət etmək niyyətindədir”

“Vardanyana əmr etdilər ki, pullarını qorumaq istəyirsənsə, get Qarabağa və bizim tapşırığımızı yerinə yetir”

Azərbaycan dövlət qurumları nümayəndələrinin Qarabağda qanunsuz istismar olunan mədənlərin monitorinqinə buraxılmaması səbəbindən azərbaycanlı aktivistlərin Xankəndi- Laçın yolunda başlayan etirazı davam edir. Moskva yaranan bu durumdan maksimum istifadə edərək, Ermənistan və Azərbaycan arasında gərginliyi artırmağa çalışır, Qarabağdakı ermənilərə “sizin “nicatınız” ancaq bizik, bizim dediyimizi edin” mesajını verirlər.

“AzPolitika.info” hazırda regionda baş verənləri politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:

- Zərdüşt bəy, bir həftədir ki, Xankəndi-Laçın yolunda məlum etiraz aksiyası keçirilir. Lakin hələ də Azərbaycan dövlət qurumlarının mütəxəssisləri rus silahlı kontingentinin nəzarətindəki ərazilərimizə buraxılmır. Sizcə, bu prosesin görünən və görünməyən tərəfləri nədir?

- Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələrinin Qarabağdakı ermənilərin yaşadığı hissədə mədənləri yoxlamaq cəhdi ondan xəbər verirdi ki, Azərbaycan və Rusiya rəhbərləri arasında gedən danışıqlarda razılıq əldə edilməyib. Deməli, ruslar düşünürlər ki, indiki şəraitdə Azərbaycan heç nə edə bilməz.

Üçtərəfli bəyanatda açıq qeyd edilir ki, sülhməramlılar sadəcə, sülhə xidmət edirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməzlər. Deməli, biz gedib mədənləri yoxlamalıyıq. Rus sülhməramlılar da deyirlər ki, sabah gəlib mədənləri yoxlayarsınız. Bizimkilər mədəni yoxlamağa gedəndə orada yolu “erməni ictimaiyyətinin nümayəndələri” kəsirlər. Bundan sonra Azərbaycan deyir ki, əgər siz “erməni ictimaiyyətindən” istifadə edirsinizsə, indi sizə Azərbaycan ictimaiyyətinin silahını göstərərik. Beləcə bizim ekofəallar gəlib yolu bağlayırlar, erməni tərəfi də başlayır ki, Azərbaycan Qarabağdakı mülki əhalisi blokadaya salıb.

Bu baş verənlər əslində, rəsmi danışıqların səmərəsizliyinin ifadəsidir. Aydındır ki, qərarları nə erməni, nə də Azərbaycan ictimaiyyəti qəbul etmir. Üstəlik, erməni ictimaiyyətinə mədən lazım deyil, çünki mədənlərdən gələn pul Qarabağdakı ermənilərə xərclənmir. Qarabağdakı, Ermənistandakı hansısa oliqarxların cibinə gedir. Erməni əhalisinin vecinə deyil bu mədənlər. Əlbəttə, qızıl, gümüş və ya moliblen mədənlərində sadə ermənilərdən kimlərsə işləyir, amma əsas gəlirlər “yuxarılara” gedir. Qarabağdakı erməni əhalisi bu mədənlərdən xeyir görmür. Belə bir şəraitdə ictimai silahdan istifadə edilməsi göstərir ki, tərəflərin hansısa razılıq əldə etmək imkanları məhduddur.

- Bu halda gözləntilər nədir?

- Hazırda Qarabağdakı ermənilərin elektrik enerjisi var, onlara qaz da verilir. Bir müddətdən sonra yəqin ki, hansısa bəhanələrlə xəstələr Ermənistana gedib-gələcək. Bu hallar olacaq, amma düşünürəm ki, tərəflərin mövqeyində ziddiyyətlər də olduğu kimi qalacaq. Əlbəttə, mən Azərbaycanı və Rusiyanı nəzərdə tuturam. Ermənistanda iddia edirlər ki, guya baş verənlər Azərbaycanla Rusiyanın birgə oyunudur. Məncə, onlar yanılır və hər şeyi ağ-qara rənglərdə görürlər. Onlar daim düşünürlər ki, Rusiya ya Azərbaycanın, ya da Ermənistanın tərəfində olur. Əslində, Rusiya öz tərəfindədir.

Azərbaycan tərəfi tədricən ona nail ola bilər ki, Qarabağdakı erməniləri, elə Ermənistan əhalisini də öyrədəcək ki, Bakı Laçın yoluna nəzarət etmək niyyətindədir və bunun üçün əməli addımlar atır. Təsadüfi deyildi ki, ekofəalların piketi zamanı Nikol Paşinyan Qarabağda yerləşən hərbi hissənin ağır texnikasının bir hissəsinin çıxarılması barədə qərar verdi. Bu, müsbət hadisədir. Bundan sonra da qərar verər ki, Zəngəzur yolunu tikməyə başlayırıq. Rusiya ilə onların arasındakı Zəngəzur yolunun statusu məsələsi son anda bizim vecimizə deyil. Bizim üçün vacib olanı Naxçıvana yol qazanmaqdır. Əsas odur ki, razılıq versinlər və yolun tikintisinə başlanılsın.

- Deməli, səhnə arxasında həm də Laçın yoluna qarşı Zəngəzur yolu məsələsi qoyulur?

- Müharibənin başa çatmasından bir neçə ay sonra İlham Əliyev dedi ki, Zəngəzur yolunun statusu Laçın yolunun statusu kimi olacaq. Əliyev bu fikri Bakıda, Moskvada, Brüsseldə də deyib. Yəni, bu seçim Ermənistanın seçimidir. Zəngəzur yoluna hansı statusu versələr, Laçın yolu da həmin statusda olacaq. Əslində, burada bir faciə yoxdur. Fərz edək ki, Laçın yolundakı rejim Zəngəzur yolundakı kimi oldu. Erməni gələcək, pasportunu, yükünü təqdim edəcək. Qadağan edilən bir şey yoxdursa, xoş getdin. Sadəcə, Laçın yolu ilə Fransa və İran vətəndaşları gedə bilməyəcək. Onlar Azərbaycan Sərhəd Xidmətindən viza almalı olacaqlar.

- Siz dediniz ki, Paşinyan Xankəndindəki Ermənistan ordusunun hansısa hərbi hissəsindəki ağır texnikanın çıxarılması göstərişini verib. Ancaq yayda Paşinyan elan edirdi ki, Qarabağda Ermənistan Silahlı Qüvvələri yoxdur. Hətta Ermənistan Təhlükəsizlik Şurasının sədri bəyan etmişdi ki, sentyabra qədər Qarabağda olan Ermənistan hərbi qulluqçuları çıxarılacaq...

- Siyasətçilər yalan danışanda bu, yalan sayılmır. İctimai rəydə belə fikir formalaşıb ki, siyasətçilər yalan danışmır, onlar yalnız diplomatik “məharət” nümayiş etdirirlər.

- Bu prosesdə xüsusi bir nüans diqqəti çəkir. Bizim ekofəallar Laçın yolunda aksiyaya başlayandan sonra Qarabağdakı separatçı rejim dərhal “xüsusi qərargah” yaratdı və bütün səlahiyyətlər bu qərargaha rəhbərlik edən Ruben Vardanyana verildi. Belə çıxdı ki, Xankəndində siyasi oyunlar gedir və Vardanyan hakimiyyəti ələ keçirməklə yerli erməniləri - Araik Arutyunyanı, Samvel Babayanı və Vitali Balasanyanı üstələdi...

- Yüz faiz orada siyasi oyunlar gedir. İki səbəbdən Ruben üstələdi. Birincisi, müharibədən sonra Qarabağ ermənilərinin ənənəvi köhnə “liderlərinin” mövqeləri laxladı. Təbii ki, 25-30 il onlar üzdə idilər, özlərini məğrur və məğlubedilməz aparırdılar. Əlbəttə, ciblərini də doldururdular. Qarabağdakı ermənilər də deyirdilər ki, bunlar “artsax”ı müstəqil ediblər, “dövlət” qururlar və s. Amma 44 günlük müharibədən sonra onların ulduzu sönməyə başladı. Üstəlik, bu hərbi canilər real olaraq Azərbaycan tərəfi ilə təmaslar axtarmağa başladılar. Bu təmaslar da başladı. Əvvəl gizli, sonra yarımgizli, az sonra bir qədər açıq. Rusiya da baxıb gördü ki, dünənə qədər onun nökəri rolunda çıxış edən Qarabağ ermənilərinin “liderləri” deyəsən cızıqlarından çıxır, Moskvanın göstərişlərinə məhəl qoymadan Azərbaycanla dil tapmaq haqqında düşünürlər. Bu da ruslar üçün qəbuledilməzdir. Ona görə də Rusiyada 100 milyonlar qazanan və qazanmaqda olan Ruben Vardanyana əmr etdilər ki, pullarını qorumaq istəyirsənsə, get Qarabağa və bizim tapşırığımızı yerinə yetir. Milyarder erməni gəlir və söz verir ki, Qarabağda həyatı dirçəldəcək, yeni həyat başlayacaq və s. Sadə ermənilər də buna sevinir. Araiki də məcbur etdilər ki, onu “dövlət naziri” təyin etsin. Faktiki olaraq hakimiyyət indi Araikə deyil, Ruben Vardanyana məxsusdur.

- Vardanyan nə edə, nəyi dəyişə bilər?

- Onun əlində nə var ki, nə etsin? Qarabağın dağlıq hissəsində özünü “dövlət” adlandıran qurumun hansı imkanları var? Orada ordu yoxdur, olan da hərəkət etsə başı əziləcək. Maddi imknları Ermənistan dövlət büdcəsindən gələn 360 milyondan ibarətdir. Bu pulu da hərbçilər, təqaüdçülər arasında bölüşdürüb yeyirlər. Yəni, Ermənistan vergi ödəyicilərinin hesabına dolanırlar. Heç nə istehsal edə bilmirlər. Bir neçə mədən var ki, onu da kimlərsə istismar edir. Belə bir şəraitdə Vardanyan nə edə bilər? Yaxşı, mitinq keçirdi, sonra? Mitinqdə gurultulu çıxışlarla nəyəsə nail olmaq mümkün olsaydı, bizim müxalifət çoxdan dağı-dağ üstündə qoymuşdu. Demək istəyirəm ki, mitinqlər heç nəyi həll etmir.

Əgər mitinqlərlə nəyəsə nail olmaq mümkün olsaydı, Ruben Vardanyan özünü Azərbaycan rəhbərliyinə sırımazdı. Vardanyan Rusiyanın təlimatı ilə fiqur kimi özünü Azərbaycan rəhbərliyinə sırımaq istədi, ancaq Azərbaycanda dedi ki, biz səni tanımırıq. Niyə? Məsələn, Rusiya əvvəl çalışdı ki, Donbas və Luqansk separatçılarının rəhbərlərini Ukraynaya sırısın. Ukrayna rəhbərliyi isə onları qəbul etmədi, çünki onlar heç kimdir, Rusiyanın agenturasıdır. Sadəcə, Rusiya özü səsləndirə bilmədiyi tələbləri, hansı ki, bu tələblər beynəlxalq hüquqa ziddir, separatçı respublikaların qanunsuz liderlərinin dili ilə səsləndirir. Azərbaycanı da məcbur etmək istəyirdilər ki, oturub Ruben Vardanyanla danışsın. Vardanyan da Azərbaycan üçün heç nə və heç kimdir. Bu səbəbdən də İlham Əliyev açıq dedi ki, biz onu tanımırıq və onunla danışıq aparmaq niyyətimiz yoxdur. Aydındır ki, Vardanyan Moskvadan göndərilib. Biz vaxtı gələndə ola bilsin ki, hətta hərbi cani olan Qarabağdakı erməni “liderləri” ilə danışaq. Amma indi yox, vaxtı gələndə. Hələlik isə bizim planda Ermənistanla sülh müqaviləsinin bağlanması durur. Həmin sənəddə yazılacaq ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Ondan sonra biz öz daxilimizdə erməni əhalisi və onun nümayəndələri ilə danışmağa hazırıq. Amma Ruben Vardanyanı tanımırıq, bu adda Qarabağ ermənisi yoxdur və bundan sonra da olmayacaq.

- Azərbaycan və Ermənistan rəhbərliyi bir neçə ay əvvəl elan edirdi ki, ilin sonuna qədər sülh sazişi imzalana bilər. Amma bu, baş vermədi. Görünən odur ki, Azərbaycanla Rusiya arasında ciddi mövqe fərqi olduğu kimi, Bakı və İrəvanın da mövqelərində fərqli çalarlar var. Siz sülh sazişinin bağlanmasını gözləyirsinizmi?

- Sülh sazişinin baş tutmasını indiki mərhələdə Rusiya və Fransa istəmir. Bu, ona görə deyil ki, Fransa bizə qarşıdır. Yox. Fransa ona görə istəmir ki, Türkiyəyə qarşıdır və Parisdə anlayırlar ki, bu məsələdə Azərbaycan və Türkiyə vahid mövqedən çıxış edirlər. Türkiyə kənarda durmaqla paralel həm də Azərbaycanın yanında durub. Ona görə də Fransa çalışır ki, sülh sazişi olmasın.

Rusiya isə ona görə sülh sazişini istəmir ki, bunun baş verməsi onun manevr imkanlarını məhdudlaşdıracaq. Yəni, Azərbaycanla Ermənistan arasında əlaqələr yaranacaq. Dünənə qədər Kreml ona nail olmuşdu ki, Ermənistandan azərbaycanlılar, Azərbaycandan isə ermənilər qovulmuşdu. Qarabağda münaqişə ocağı yaranmışdı, tərəflər rus silahı ilə silahlanmışdı. Özü də münaqişəni idarə edir, tərəfləri özündən asılı vəziyyətə gətirirdi. Amma 44 günlük müharibədən sonra situasiya dəyişib. Azərbaycanla Ermənistan arasında müxtəlif səviyyələrdə bir neçə danışıqlar gedib. Delimitasiya komissiyası yaradılıb. XİN rəhbərləri görüşüb danışır, hər iki ölkənin rəhbərləri arasında müzakirələr olub və sair. Artıq siyasətşünaslar da görüşüb danışır. Məsələn, ötən gün Rasim Musabəyovla İsgəndəryan danışdı. Bu proses davam edəcək. Yəni, ictimaiyyət arasında danışıqlar olacaq, bizim İctimai Televiziya erməniləri, ermənilər bizimkiləri dəvət edəcək. Bu, özü-özlüyündə müsbət tendensiyadır. Moskvada da düşünürlər ki, belə davam edərsə, bunlar barışacaq, bizdən asılı olmadan öz taleləri haqqında qərarlar qəbul edəcəklər. Ona görə də müxtəlif üsullarla çalışır ki, maneə olsun, prosesi pozsun. Bunun üçün də Putin deyir ki, əgər Ermənistan rəhbərliyi Qarabağdan əl çəkirsə, özü bilər, amma biz Rusiya deyirik ki, Qarabağın taleyi gələcəyə qalsın. Hansı gələcəyə? 100, 200 ildən sonraya. Ona qədər də əsgərimiz burada olsun. Hələlik, başı Ukraynaya qarışıb, buna görə də istəyir ki, bizim regionda prosesi dondursun və Ukraynadan başı açılandan sonra burada suyu bulandırmağa başlasın. Biz də bunu istəmirik, çalışırıq ki, məsələ həllini tapsın.

Bu fonda Nikol Paşinyanın da durumu mürəkkəbdir. Təsəvvür edin ki, Paşinyana pul lazın olur, amma gedib Rusiyadan istəmir. Azərbaycan isə heç kimdən pul istəmir. Ermənistanın bütün iqtisadi sferası Rusiyadan asılıdır.

- Amma heç Rusiyanın da Ermənistana verəcək pulu yoxdur...

- Rusiyadan qazı gəlirmi? Gəlir, özü də ucuz qiymətə. Sabah Rusiya bu qazı Avropa qiymətlərinə satmağa başlasa, onda gərək Ermənistan əhalisi qazdan istifadə etməsin. Ermənistan dəmir yolları Rusiyanın Cənub Dəmir Yollarına aiddir. Ermənistan ordusunda, kəşfiyyatında, sərhəd xidmətində Rusiyanın mövqeyi çox güclüdür. Belə bir şəraitdə təsəvvür edin ki, Paşinyan minalanmış sahədə hərəkət edir və ayağını qoyub yoxlayır ki, mina partlamasın. Biz isə təzyiqi artırıb tələb edirik ki, 30 ildir torpağı işğal etmisiniz, əlinizdə saxlamısınız, indi gözləməyə vaxtımız yoxdur, zəhmət çəkib qərar verin və məsələni bitirək.

- ABŞ-ın Azərbaycan-Ermənistan münasibətləri və Qarabağa dair ölçülü-biçili konkret yanaşması varmı?

- Nə azərbaycanlılar, nə də ermənilər ABŞ-ın vecinə deyil. Rusiya qlobal miqyasda ABŞ-ın rəqibidir. Vaşinqton istəyir ki, Rusiyanı bizim bölgədən vurub çıxarsın. Bunun üçün nə lazımdır? Rusiyanın bölgədəki qarmağı Qarabağ münaqişəsidir. Ona görə də ABŞ öz siyasi maraqlarına uyğun olaraq çalışır ki, münaqişə bitsin. Ermənistana deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanı. Ermənistan da sual edir ki, bu halda Qarabağdakı ermənilərin taleyi necə olacaq? ABŞ da deyir ki, sən Azərbaycanın ərazi bütövlüyünü tanı, sülh müqaviləsi bağla. Sonra mən Bakı ilə danışaram ki, Qarabağ ermənilərilə danışıqlara başlasın, biz özümüzü vasitəçi kimi prosesə soxaq və çalışaq ki, ermənilər üçün hansısa imtiyaz təşkil edək. ABŞ-ın mövqeyi budur. Amma Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlansa, qısa müddətdə Qarabağ ermənilərilə bizim hökumət arasında danışıqlar başlasa, bu halda hamı dönüb Rusiyaya deyəcək ki, sən burada nə gəzirsən? Götür şələ-küləni get. ABŞ-ın da istədiyi budur.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Qoca Molla 2022-12-20 16:15:12

Zərdüşt müəllimdən ətraflı və əhatəli izah

rasim 2022-12-20 09:52:28

super rezume

Son yazılar