Birləşmiş Ərəb Əmirliklərini Yaxın Şərqin ən effektiv vitrini, keçmişi və gələcəyi, Şərq və Qərbi uğurla birləşdirən, “ticarətin cənnəti” adlandırırlar. Birləşmiş Ərəb Əmirlikləri yarım əsrdən az bir müddətə təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edərək müasir iqtisadiyyat qurulmasına gözəl bir nümunədir. Əbu-Dabi həmçinin, sərmayədar kimi də diqqəti hər zaman cəlb edir. Əmirliklər zamanla ayaqlaşamanı da hamıdan yaxşı bacarırlar və bu sahədə onlardan öyrənməyə çox şey var. Birləşmiş Ərəb Əmirlikləri ilə ölkəmiz arasında son illər iqtisadi əlaqələr daha da möhkəmlənir və Bakı turizm, energetika, logistika və ticarət sahəsində Əbu-Dabi ilə birgə layihələr üçün çalışır. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər üçün də əlverişli turizm məkanlarından sayılır.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfiri Məhəmməd Əl Bluşi ölkə mediasına ilk müsahibəsini “AzPolitika.info” saytına verərək ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivləri, Əbu-Dabinin təklifləri və mümkün yeni təşəbbüsləri barədə fikirlərini bölüşüb.

- Cənab səfir, bu ilin sentyabr ayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümü qeyd edildi. Hazırda Əbu-Dabi - Bakı əməkdaşlığı hansı sahələri əhatə edir? Yaxın gələcəkdə hansı yeni təşəbbüsləri gözləmək olar?

- Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulub. 2011-ci ildə Bakıda BƏƏ səfirliyinin açılmasından sonra biz ikitərəfli əlaqələrimizi əhəmiyyətli dərəcədə gücləndirdik. Ölkələrimizin rəhbərlərinin güclü iradəsi sayəsində ikitərəfli münasibətlərin yüksək və uğurlu səviyyəsinə çatmışıq və bu, müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, turizm, ticarət və investisiya sahəsində genişlənməkdədir.

- Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır. Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafında daha hansı addımlar atıla bilər?

- Məlumdur ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası böyük potensiala və imkanlara malikdir və bu da özünü davamlı inkişaf nailiyyətində göstərir. Yeni yaranan sektorlarda, rəqəmsal iqtisadiyyat, qabaqcıl texnologiyalar, süni intellekt, kosmos elmi, təhsil, turizm və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi üçün fürsətlər mövcuddur.

- Dubayın Cəbəl Əli Limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsi aparılır. Bu istiqamətdə əməkdaşlığın inkişafı üçün hansı imkanlar var?

- BƏƏ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir və limanların əməkdaşlığı iki ölkə arasında əsas elementlərdən biridir. Biz ikitərəfli ticarət həcmini artırmağı hədəflədiyimiz üçün logistika sahəsində də əməkdaşlığa böyük əhəmiyyət veririk.

- 2018-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı artır. Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda turizm məkanı kimi çox populyardır. Necə düşünürsünüz, bu sahədə əməkdaşlığın genişlənməsi üçün nələri etmək mümkündür?

- BƏƏ dövlətinin qurucu atası Şeyx Zayed Bin Sultan Al Nahyan səhranı yaşıl bir məkana çevirmək baxışına sahib idi. Beləliklə, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər və əsas qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkandır. Həmçinin, BƏƏ-nin Azərbaycanın turizm sektoru üçün əsas hədəf bazarlarından biri olduğunu bilmək çox gözəldir. Azərbaycan da öz növbəsində BƏƏ-dən olan turistlər üçün çox əlverişli istiqamətdir. Ölkələrimiz bir-birindən qısa məsafədə yerləşir. Bu, azyaşlı uşaqları olan ailələrin Azərbaycana səfər etməsi üçün çox yaxşı səbəbdir. Bundan əlavə, Azərbaycanın iqlimi, təbiəti, mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi, BƏƏ ilə ortaq dəyərləri bu gözəl ölkəni, xüsusilə müasirlik və tarix şəhəri olan Bakını ziyarətçilər üçün cəlbedici edir.

Bu əməkdaşlıqda daha çox nəticə əldə etmək üçün atılan addımlara gəlincə, deyərdim ki, daha çox müştərək turizm yarmarkaları, qonaqlama üzrə birgə təlimlər, reklamlar təşkil olunsun. B2B-lərin sayını artırmağı da təklif edərdim.

- 3 oktyabr 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yazda elan edilən viza dəyişiklikləri qüvvəyə minib. İndi səfərə gələn mütəxəssislərə, xüsusən tələbat yüksək olan bacarıqlara malik olanlara, eləcə də fərdi sahibkarlara və frilanserlərə işəgötürənin və ya sponsorun zəmanəti olmadan ölkədə işləməyə imkan verən yeni viza növləri təklif olunur. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

- “Qızıl viza” haqqında ətraflı məlumat üçün Şəxsiyyət, Vətəndaşlıq, Gömrük və Liman Təhlükəsizliyi Federal Qurumun (ICP) saytına daxil olmağı təklif edirəm: https://icp.gov.ae/en/

- Cənab Səfir, mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi üçün hansı yeni təşəbbüslər ola bilər? 

- Düşünürəm ki, qarşılıqlı səfərlərin sayının artırılması üzərində işləməliyik. Bundan əlavə, BƏƏ-Azərbaycan birgə mədəni tədbirlərin təşkili yaxşı olardı.

- Ölkəmizə bu il gəlmisiniz və yəqin ki, həm Bakı, həm də ümumiyyətlə, Azərbaycanla ilkin tanışlıq imkanınız olub. Təəssüratlarınızı bölüşməyinizi xahiş edirəm.

- Azərbaycan möhtəşəm ölkədir. Şamaxı, Quba, Lənkəran kimi bir neçə rayona səfər etmək imkanım olub. Mən burada Azərbaycan xalqının qonaqpərvərliyini qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək, Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq, ölkənizə davamlı uğurlar və firavanlıq arzulayıram.

Laçın SƏMLA 

“AzPolitika.info”