HARINLAMIŞLARIN “DUELİ”

Mirza AĞ

Rusiya KİV-nin yaydığı məlumatlara görə, amerikalı «harınlar» bu fikirdədirlər ki, NATO-ya qarşı birbaşa müharibədə Rusiyanın qələbə şansı yoxdur.

Məsələn, ABŞ-ın Respublikaçılar partiyasından olan Nümayəndələr Palatasının üzvü Adam Kinzinger bəyan edib ki, Rusiya birbaşa toqquşma nəticəsində NATO tərəfindən 3 günə məğlub edilər.

Amerikalı konqresmen Tvitter-in bir istifadəçisi ilə mübahisəyə girişib - o, özündən soruşub ki, nə üçün Şimali Atlantika Alyansı indiyə qədər Rusiya Federasiyasını (RF) məhv etməyib, əgər ki, Rusiya ordusu bunca acınacaqlı durumdadırsa?

«Ümid edirəm ki, bu, zarafatdır. NATO Rusiyaya qarşı real üç günlük əməliyyatı xatırladacaq» - Kinzinger cavabında yazıb.

Bundan bir gün sonra isə rusiyalı ekspert, hərbi-siyasi analiz Bürosunun rəhbəri Aleksandr Mixaylov amerikalı konqresmenin sözlərini şərh edərək, deyib ki, Rusiya NATO-nu 3 günə yox, 40-50 dəqiqəyə yer üzündən silə bilər.

Onun fikrincə, Rusiya dünyada ən böyük nüvə potensialına malikdir və arsenalında olan vasitələrdən özünün müdafiəsi üçün istifadə etməyə hazırdır - «Beşinci kanal» ondan sitat gətirib.

Hücum təqdirində, Rusiya hər-hansı gərginlik yaşamadan, sözün əsl mənasında, Birləşmiş Ştatları yer üzündən silər.

«Əgər NATO Rusiyanı məhv etməyə girişsə, o zaman Rusiya özünün strateji silahlarından istifadə etməyə, o cümlədən, termonüvə silahından istifadəyə məcbur olacaq - bu silahlar daşıyıcılara yerləşdirilib və hazırda tam döyüş hazırlığında və növbətçiliyindədir. Bizim raketçilər yalnız siqnal gözləyirlər. Belə təcavüz təqdirində 40-50 dəqiqəyə heç nə qalmayacaq. Bu, yanmış torpaq olacaq» - Mixaylov deyib.

İndi isə başqa bir məqama diqqət yetirək ki, həm ABŞ, həm də Rusiya dünyada ən böyük nüvə dövləti olmaqdan başqa, həm də dünya dövlətlərinin hamısını özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu isə o deməkdir ki, bu dövlətlər həmişəlik olaraq TŞ üzvü olmaq hüququna yiyələniblər. Bu səbəbdəndir ki, Ukrayna kimi qeyri-nüvə dövlətinə təcavüz edən (həm də onun təhlükəsizliyinin qarantlarından biri olan) Rusiyanın indi BMT TŞ-dan çıxarılması məsələsi aktuallaşan zaman, bunun mümkünsüz olduğunu BMT və digər üzv dövlətlər etiraf edirlər. Bu isə ona dəlalət edir ki, əslində, dünyanın təhlükəsizliyinə məsul (cavabdeh) olan dövlətlər dünyada real təhlükə mənbəyinə çevriliblər. Məhz buna görə də bir sıra siyasətçilər hesab edirlər ki, BMT artıq köhnəlib və ciddi yenidən təşkilə möhtacdır…

Deməli, BMT TŞ daimi üzvüsənsə, istədiyini edə, dünyada suları bulandıra və bulanlıq suda balıq tuta bilərsən. Daimi üzvlərin belə qeyri-leqal imtiyazlarını Azərbaycan da ötən 30 ildə öz üzərində daim hiss edib. Belə ki, BMT TŞ daimi üzvləri Fransa, Rusiya və ABŞ ATƏT adlandırılan məkr yuvası daxilində yaradılmış Minsk qrupunun həmsədrləri olublar. Amma 30 il sağa-sola səfərlər etsələr də Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində «çöpü-çöp üztünə» qoymayıblar…

Rusiya Minsk qrupunun həmsədri olduğu kimi, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin memarı sayılır və hələ də bu münaqişəni özünün sehrli çubuğu ilə idarə etməkdədir. Yerindəcə qeyd edilməlidir ki, məhz Rusiyanın sayəsindədir ki, kiçik və gücsüz Ermənistan güclü və varlı Azərbaycanın qarşısında hələ də duruş gətirə bilir və özünün təcavüzkar əməllərindən əl çəkmək istəmir…

ABŞ da onların bir tayıdır və Rusiyanı mövqelərindən sıxışdırıb çıxartmaq üçün lazım gələndə iblislə də sazişə girməyə hazırdır…

İndi 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmək cəhdi göstərdiyi bir zamanda, dünyanın həmin «yasavulları» bir ağızdan deyirlər ki, yox a, nə danışırsan, erməninin təhlükəsizliyinə zəmanət verməlisən, onun statusunu müəyyən etməsən sülhü yuxuda da görməyəcəksən və s.

Bunu bəhanə edib də yasavullar (Fransa, Rusiya, ABŞ) tələsik BMT TŞ iclasını cağırıb, bir ağızdan qırıldadırlar ki, Xankəndi-Laçın yolunu açın, yoxsa humanitar fəlakət baş verər, Vartanla-Cartanın Ermənistanla ələqəsi kəsilər və bu «yazıq ermənilər» Azərbaycan ərazilərinə slah-sursat daşıya, mina basdıra və səngərlər qaza bilməzlər…

Belə bir məqamda Azərbaycanda bəziləri ermənilərlə Azərbaycan türklərinin birgə yaşamaq perspektvindən danışmağa, Qarabağdakı azsaylı ermənilərə müraciətlər ünvanlamağa cəsarət edirlər. Belə perspektiv barədə xəyala daldıqca ermənilər tərəfindən xarabazara çevrilmiş kəndlərimizi, şəhərlərimizi, viranə qoyulmuş bağ-bağcalarımızı göz önünə gətirib də dəhşət içərisində «Dayanın, düşünün - ermənidən bizə qonşu omayacaq, özünüzü aldatmayın… Tarixi fürsət yaranıb, qoy, çıxıb Azərbaycandan getsinlər - hansı cəhənnəmə istəyirlərsə!» - deməkdən özümü saxlaya bilmirəm.

635x100

Şərhlər

Elmira 2022-12-22 11:15:24

Mirzə bəy, çox düz buyuyursunuz: ermənilərlə bir yerdə biz daha yaşaya bilmərik! Amma bu dediyimiz sadəcə diplomatik "priyomdur".

Son yazılar