ELMİN KEŞİYİNDƏ – Yaxud bir daha elmi etika, vicdan və alim məsuliyyəti barədə

Xalid NİYAZOV,

Əməkdar jurnalist, siyasi elmlər doktoru

... Telefona dərhal cavab verdi. Qısaca hal-əhval tutduq. Soruşacağımı soruşdum. Lakin səsinin ahəngindən nəsə pərişan olduğunu hiss edirdim. Dilxorçuluğunun səbəbilə maraqlandım. Gizlətmədi, dedi ki, elə indicə Ali Attestasiya Komissiyasının qapısından çıxıram. Yadıma düşdü ki, bir neçə gün əvvəl ekspert şurasına dəvət olunduğunu bildirmişdi. Ağzımı doldurub – Təbrik edirəm! – deyəcəkdim ki, məni qabaqladı: – Tövsiyə etmədilər! – dedi. Gücüm ürək-dirək verməyə çatdı, əlimdən başqa nə gələsi idi ki?!

Tanışım zəhmətkeş adam idi. İndi elmi dairələrdə dolaşan bir ibarə ilə ifadə etsək, işini də özü yazmışdı. Görünür, nə isə bir əmma tapıbmışlar. İnanırdım ki, növbəti cəhddə gəlib mütləq şuradan keçəcək. Lakin həmin anda, lütfən, sinizmə, merkantilliyə yozmayın, bir qədər sevindim... Ali Attestasiya Komissiyasının adına. Deməli, dörd il əvvəl elan edib yola çıxdıqları prinsiplərə sadiq qalmağı bacarmışdılar – vəzifəyə, “zəngə”, “tapş”a, “dayday”a deyil, adamın özünə baxırlar, elmi hazırlığına, səviyyəsinə, təfəkkürünə qiymət verirlər.

* * *

Elm və alim

Yazıçı Vidadi Babanlının “Vicdan susanda” romanını yəqin ki, xatırlayırsınız. Kontekstə varmaq, mahiyyətə enmək fikrindən uzağam. Sadəcə, elə adı müasir dünyanın bir çox etik-əxlaqi problemlərinə, fərdlər və sosial institutlararası münasibətlərin məzmun keyfiyyətinə açar salır, cəmiyyətdəki mürəkkəb hadisə və proseslərin kökünə, səbəb-nəticə alqoritminə bir də mənəviyyat bucağından boylanmağa sövq edir.

Bəli, mənəviyyat, əqidə, prinsip indiki zamanda çox ağır yükdür; onunla yaşamaq, çəkib aparmaq, qəhrinə dözmək bir məşəqqət, onsuz yaşamaq isə bir ayrı zillətdir. Evdə, işdə, çəmiyyətdə, fərqi yoxdur, istər şəxsi, istərsə də ictimai münasibətlərdə həmin dəyərlər bir tərəfdən insan mənəviyyatının ən dərin laylarına “artezian vurub” yaxşı, saf, məhrəm, işıqlı nə varsa üzə çıxarır, digər tərəfdən isə “ayağa dolaşır”, sahibini həmişə və hər yerdə “pis kişi” edir, “ağ qarğa”ya çevirir, başqaları kimi biganə, laqeyd, indifferent olmağa qoymur. Həyat təcrübəsi əsasında gəldiyim şəxsi qənaət və düşüncəmdir – istənilən peşə, ixtisas, sənət özünə münasibətdə vicdan, məsuliyyət, halallıq tələb edir. Hər bir insan ailəsinə yedirdiyi çörəyin çıxdığı yerə vicdanı, ləyaqəti, kişiliyi, ictimai əxlaqı ilə dəyər verməlidir.

Bəli, belə bir proloqun böyük hesabla elmə də dəxli vardır. Həm də daha çox və birbaşa. Çünki müasir dünyanın inkişafı məhz elmi nailiyyətlərə söykənir, hər iki mənasında dəyəri elmi-innovativ ideyalar, elm tutumlu iqtisadiyyat yaradır. Və əgər biz də həmin inkişafdan, rifahdan, vətəndaş məmnuniyyətindən yanayıqsa, gücü sözə, siyasi cümləpərdazlığa, ictimai şoulara deyil, elmə, elm təsərrüfatına verməliyik.

Bəs elm harada istehsal olunur? – Elmi-tədqiqat institutlarının, universitetlərin laboratoriyalarında, təcrübə-sınaq sahələrində. Alim necə? Savadlı, bilikli, keyfiyyətli alim yetişdirmək üçün isə öncə milli ideya və milli iradə olmalıdır, elmi mühit olmalıdır, stimul, hədəf olmalıdır, nəhayət, pul, maliyyə olmalıdır. “Pul əl çirkidir”, “Pul hər şeyi həll etmir” kimi sovetdən qalma ideologemalar, siyasi leksikanın pafoslu ibarələri, ura-patriotçu bəyanatlar müasir dövrün sərt gerçəkləri, inkişaf paradiqmaları ilə mübahisədə uduzurlar. Bazar iqtisadiyyatının belə bir sərt “proza”sı, obyektiv həqiqəti var: “quru-quru qurbanın olum”la ciddi uğurlara imza atmaq mümkünsüzdür. İslahat ritorikasının “pioner şeypuru”nun cır səsi kimi zəhlətökən təbliğatı ilə yola çıxa bilərsən, amma bu əziyyət heç vəchlə mənzilə çatacağının vədi sayıla bilməz. Deməli, hər şeyin “səbəbi-baisi” böyük Sabirin söylədiyi kimi, “parədir”.

Bəs bizdə necə, bunu anlayırlarmı?

Ömür-gününü elmə həsr etmiş alimə-professora verilən maaş dünən ali məktəbin bakalavr pilləsini bitirib gömrüyə, prokurorluğa ... işə düzəlmiş gəncin məvacibindən beş-altı dəfə azdır. Belə bir müdhiş fərq və “maliyyə diskriminasiyası” perspektivli gənclərin, xüsusilə də oğlanların elmə marağını soyudur.

Bəs gəlin görək elmə nə ayrılır? Dünya texnologiyaların inkişafının elə bir mərhələsinə gəlib yetişib ki, dırnaq boyda bir çip ölkəyə 10-15 neft eşalonunun pulunu qazandırır. Biz nəyimizlə öyünə bilərik?!

Dünya şöhrətli azərbaycanlı alim Lütfizadənin bu xüsusda praktik bir fikri var; deyir ki, elmə iki yanaşma mövcuddur: yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. İndi bir çox ağıllı ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Bəs bizdə necə? Rusların bir ifadəsi var – “ckatert-samobranka”, yəni ac və tənbəl adamın əflatuni arzusu – süfrəni açırsan və dünyanın bütün naz-neməti üstündə hazırdır. Ancaq qafasına vuran yoxdur ki, bu cür yalnız nağıllarda ola bilər... müasir Piri babaların söylədikləri “islahat” adlı nağıllarda.

Elmin strateji əhəmiyyətli, prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, hər bir ölkənin ümumi daxili məhsulunda (ÜDM) elm sahəsinin payı, iştirakı və yaratdığı dəyərin həcmi ilə müəyyənləşir. Elmdən nə isə ummaq üçün isə məlumdur ki, ona nə isə verməlisən, büdcənin cibini geniş açmalısan. Bu məsələdə Hacı Qaralıq “qənaətcilliyi” işə keçmir. Müqayisə üçün bildirək ki, dövlət büdcəsində elmin payı Avropa Birliyi ölkələrindən İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Fransa və Böyük Britaniyada 2,0 faizdən artıq, İspaniya və İtaliyada 1,1 faiz, ABŞ, Almaniya və Yaponiyada isə 3,0 faiz təşkil edir. Yaddan çıxarmayaq ki, həmin ölkələrdə xüsusi sektorun elmə qrant və ianə şəklində “maliyyə inyeksiyası” rəsmi dövlət dəstəyindən çoxdur ki, az deyil.

Elmin “sərhəd” qapısı

Təbii ki, elmin problemi çoxdur və bir, iki, lap elə üç-beş müəllif yazısı onların hamısını ehtiva etməyə qadir deyil... metastaza vermiş yaranı “aspirin”lə müalicə etməyə bənzəyərdi bu. Olanımızdan danışaq.

Alimlik adına iddia edənlər ali təhsil və elmi-tədqiqat müəssisələrində yetişsələr də, onların “de-yure” alimliyə yolu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından keçir. Bu təsisat elmin planlaşdırılması, istehsalı, idarə olunması, elmi kadrların yetişdirilməsi zəncirində elə bir strateji həlqədir ki, daima göz önündədir, fəaliyyəti az qala zərrəbinlə izlənir, yarıyan yetir, yarımayan qapısına bir daş atmağı boynunun borcu bilir. Gülməyin, amma deyilənə görə, son vaxtlar işləri keçsin deyə, gəlib AAK-ın qapısına “cadu-piti” edənlər də var.

Əvvəllər bu təşkilatın fəaliyyətində ciddi əyintilərin, süründürməçiliyin, haqsızlığın, hətta sui-istifadə hallarının olduğu heç kimə sirr deyil. AAK-dakı “qıl körpüsü”ndən keçib alimlik “imtiyazı” verən diploma yetişmək üçün elmdən, bilikdən savayı hər vasitə keçərli idi. Əksinə, savadlı tədqiqatçılar illərlə növbə gözləməli olurdular. Bu cür davam edə bilməzdi və etmədi də. İslahat “küləyi” bu qurumun qapısını da araladı, pəncərələrini də taybatay açdı. Və prof. Famil Mustafayevin komissiyaya sədr təyinatı keyfiyyətcə yeni bir mərhələnin – şəffaflığın, ədalətin, məsuliyyətin, vətəndaş prinsipiallığı ilə elmi vicdan və ləyaqətin xəlitəsindən yoğrulmuş mündəricəsi etibarı ilə yeni bir dövrün ismarıcını verdi. Struktur yenidən quruldu, sağlam və işgüzar mühit formalaşdırıldı, normativ sənədlər yenidən işlənildi, müdafiə prosesindəki lüzumsuz baryerlər aradan qaldırıldı, bu və ya digər səbəbdən illərlə yığılıb qalmış işlərə “yaşıl işıq” yandırıldı, dissertasiya və ekspert şuralarının fəaliyyət mexanizmi optimallığa doğru təkmilləşdirildi, transparentliyi, hesabatlılığı təmin etmək üçün qurumun elektron “siması” – saytı daha mütəhərrik, informativ və əlçatan şəlildə quruldu.

Təbii ki, bütün bu işlər insandan fövqəladə istedad deyil, sadəcə, rəhbər məsuliyyəti, vətəndaş fədakarlığı, elmi təəssüb və canıyananlıq, iradə və cəsarət, bir də təmizlik tələb edirdi. Yeni sədrdə bu məziyyətlər yetərincə idi. Komissiyanın mürəkkəb pandemiya və postpandemiya dövrü fəaliyyətindəki uğurlu nəticələr, artan nüfuzu və qazandığı müsbət imic də həmin minimum hədəflərin əldə edildiyinin bariz təcəssümüdür. Daha heç kim ikili standartlardan, hansısa merkantil maraqlardan, süründürməçilikdən danışa bilmir, danışanlar varsa da, zəif dissertasiyası ilə “sivişib” aradan çıxmaq istəyənlərdir, “xahiş”ləri yerə düşənlərdir, bir sözlə, “yazdıqlarından” bixəbərlərdir.

Bu il Ali Attestasiya Komissiyası üçüncü onilliyini geridə qoydu. Təbiri caizsə, elm klasterində müstəsna məqamı ilə fərqlənən AAK həmin əlamətdar günü dar, yaxud geniş çərçivədə qeyd etmədi. Zatən, “görünən dağa nə bələdçi” deyiblər. Bu gün ortada olan nəticələr komissiyanın fəaliyyətindəki iki vacib göstəricinin ölçüsü, markeri sayıla bilər – məhsuldarlığın və məsuliyyətin! Yəni, baxılan işlər də çoxdur, “ələk”dən keçməyənlər də az deyil. İradların əksəriyyəti tendensiyalı, qərəzli, alqışlar, minnətdarlıqlar isə içtən və təbiidir.

Rəqəmlər, adəti üzrə quru olsa da, bəzən çox mətləblərdən xəbər verə bilirlər. 2022-ci ildə müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş elmi işlərin “taleyi” bir tərəfdən komissiyada obyektivliyin, ciddiyyətin və məsuliyyətin artan hərarətindən xəbər verirsə, digər tərəfdən AAK-a qədərki proseslərdə elmi müzakirələrə bəslənilən qeyri-ciddi, başdansovdu münasibəti, lazımi prinsipiallıq və tələbkarlığın göstərilmədiyini nümayiş etdirir. Məsələn, açıq mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, ötən aylarda kimya, tibb, texnika, hüquq elmləri, sənətşünaslıq və pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş 30, 48, 36, 6, 14 və 17 elmi işin müvafiq olaraq 14, 13, 17, 2, 5 və 5-indən imtina edilmişdir. Elə elm sahələri var ki, orada vəziyyət xüsusilə acınacaqlıdır. Məsələn, iqtisad elmləri üzrə təqdim edilmiş 61 işdən 50-sindən, filologiya elmləri üzrə 48 işdən 26-sından, fəlsəfə üzrə 7 işin hamısından, sosiologiya üzrə 4 işdən 3-ündən, siyasi elmlər üzrə 9 işin 9-undan, coğrafiya üzrə 10 işin 5-indən, tarix üzrə 14 işin 7-sindən, biologiya elmləri üzrə 23 işin 14-dən imtina edilmişdir. Yenə də filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş 10 işdən 9-una imtina verilmişdir. Bir daha razılaşaq ki, belə bir tablo AAK-ın fəaliyyətinin aktivinə, müvafiq dissertasiya şuralarının isə mənfi saldosuna yazılacaq ən azı utancverici statistikadır.

Eyni prinsipial münasibəti ötənilki göstəricilərin müqayisəsinin timsalında da müşahidə etmək mümkündür.

“Məndən ötdü” siyasəti

Əslində, yuxarıdakı “mənzərə” elm, alim və iddiaçı adına həm qəhredicidir, həm də ifşaedici. Sonuncudan başlayaq. Əvvəla, hələ də köhnə müdafiə ab-havası, nimdaş seminar stereotipləri, başdansovdu müzakirə qəlibləri ilə yaşayan iddiaçılar məhz hansı ada iddia etdiklərinin fərqinə varmırlar. Bəziləri elə zənn edirlər ki, bakalavr diplomunun, yaxud magistr dissertasiyasının müdafiəsindədirlər. İş zəif, hazırlıq bərbad, ixtisas biliyi topuqdan aşağı və s. Bəs onlara bu özgüvəni verən kimlərdir? İlk növbədə, işini ayda məvacibinə 40 manat əlavə almaqla başa çatmış hesab edən elmi rəhbər! Bəzi rəhbərlər bostanda kartof-soğan deyil, alim yetişdirdiklərinin fərqində belə deyillər, düşünürlər ki, əvvəlki əyyamlarda olduğu kimi doktorantları ya güclü himayəçilərinin, ya da qalın pul kisələrinin hesabına “hurrey”lə vurub bütün mərhələləri keçəcəklər. Əslində, elə də olur. Müzakirəni də adlayırlar, seminardan da atdanırlar, müdafiəni də yola salırlar... Lakin hər şey Ali Attestasiya Komissiyasının qapısına qədərdi. O mübarək qapıdan içəri keçdilərmi, bütün “imtiyazlar” qalır bayırda ... elə elmi səviyyələri, hazırlıqları, bilikləri kimi.

Gəlin, necə deyərlər, “şotkaya” vuraq. Bir iddiaçı AAK-a qədər orta hesabla onlarla alimin “məhkəmə”sindən keçir, dissertasiya işinə 10-a yaxın alim rəy verir, opponentlik edir. Bəs nəticə? Nəticə göstərir ki, bir çox hallarda həmin adamlar “pis kişi” olmaq istəmirlər, kiminsə, yaxud nəyinsə xətrinə, bu eyhamı üzr istəyərək vurmağa da məcburam, daha bir “donquli” alimin elmə dürtülməsinə xeyir-dua verirlər. Ən azı məsuliyyətsizlik, riyakarlıq, əslində isə çörək yedikləri təknəyə xəyanətdir. Başqa adı yoxdur!

Şəxsi müşahidəmizdir; bəzən dissertasiya şurası üzvlərinin iştirakı formal xarakter daşıyır. “Toy generaları” kimi vəzifələrini yönəldici suallarla, tostvari müzakirələrlə, bəy tərifi söyləməklə, nəhayət, əllərini qaldırb səs verməklə bitmiş hesab edirlər. Fikirləşirlər ki, onsuz da keçəcək, pislik mənəmi qalıb?! Bilirsinizmi nəyə oxşayır? Sərhədçinin yaxud gömrük məmurunun sərhəddən qaçaqmalı keçirən adamı görməzdən gəlməyinə. Bəlkə də müqayisə bir qədər abartılı, lap psevdopatriotik görünə bilər, bəlkə də rəngləri çox tündləşdiririk, lakin hesab edirik ki, əsil “vətənşüvənlik” elm “cənnət”inə savadsız, səviyyəsiz, bəzən də “fikir oğrusu” birinin dürtülməsinə etinasız qalmaq, laqeydlik göstərmək, biganəlik nümayiş etdirməkdir.

Bu, elmi ehtikarlıqdır, insana, hələ ki, bir elm adamına çörək-sudan, pul-paradan daha əfzəl sayılan prinsipsizlikdir, fərdi məziyyətdən çıxıb etik-əxlaqi mahiyyət kəsb edən qətiyyətsizlikdir. Düşünürük ki, AAK bu sahədə, təbiri caizsə, “revizionist” siyasət yürütməli, tələbkarlıq və nəzarət “şkala”sını bir xeyli artırmalıdır.

Məsələn, Ali Attestasiya Komissiyası dissertasiya şuralarının yaradılması ilə bağlı müraciətlərə anlaşma ilə yanaşmış, bəzi hallarda isə, düşünürük ki, səxavətini belə əsirgəməmişdir. Bu gün heç bir iddiaçı, yaxud elmi-təhsil müəssisəsi hər hansı bir ixtisas sahəsi üzrə dissertasiya şurasının olmadığına irad tuta bilməz. Zira, statistika onların yalanını ifşa edəcək durumdadır. Belə ki, ölkədə 19 elm sahəsi, 210 ixtisas üzrə 79 dissertasiya şurası fəaliyyət göstərir. 26-sı AMEA-da, 24-ü isə ali təhsil müəssisələrində olmaqla yaradılmış həmin şuralara 1326 alim cəlb olunub. Bu hələ tam siyahı deyil. 23 elm sahəsi, 314 ixtisas üzrə, 31-i Elmlər Akademiyasında, 7-si isə ali məktəblərdə yaradılmış və 2364 ixtisas aliminin cəlb olunduğu 136 birdəfəlik dissertasiya şurası da alim olmaq istəyənlərin ixtiyarına verilib. Yəni, bürokratik əngəl sıfır, imkan və fürsətlər tavan səviyyəsindədir. Bəs elə isə, bir daha milli elm təsərrüfatımızdan yana taleyüklü suala qayıdırıq: Belə bir az qala astronomik və utancverici imtinanın səbəbi nədir? Kimdədir?

Heç şübhəsiz, cavabı AAK-da deyil, “AZ 1001, Bakı, İstiqlaliyyət küç., 8” ünvanınadək olan mərhələdə axtarmaq lazımdır. Komissiyanın Əsasnaməsində bu və ya digər prosedur və mahiyyəti üzrə xətalara görə Dissertasiya Şurası sədrlərinə, elmi rəhbərlərə qarşı intizam tənbehləri nəzərdə tutulmuşdur. Konkret nəticələr varmı? Yenə də il ərzində bir neçə elmi işə rəyçi və opponent sifəti ilə müsbət rəy vermiş alimlər var ki, nəticə etibarı ilə həmin işlərdən imtina edildikdə intizam nədir, heç mənəvi məsuliyyət belə daşımırlar. Onları yada salan olmur. Əksinə, zəif işə müsbət rəy yazdıqlarına görə (əksər hallarda həmin rəyləri də iddiaçının özü yazmalı olur - !) aldıqları qonorarı da vicdan əzabı çəkmədən xərcləyirlər. Yəqin ki, elmimizdən yana canı yanan bir çox alimin yekdil fikrini ifadə etmiş olarıq ki, bu sahədə də səliqə-sahman, hesabatlılıq və cavabdehlik mühiti yaradılmalıdır. Bəli, bu işlərə görə hökumət böyük nədir, heç normal pul ödəmir, əziyyətli işdir, umu-küsüsü “sağ ol!”undan çox olan bir əziyyətdir. Amma bu da bir həqiqətdir ki, milli elmimiz təmənnasız sevdalıların, əsil xiridarların, vicdanlı alimlərin ümidinə qalıb.

Daha bir diqqətəlayiq məsələ. Etiraf etməliyik ki, ölkədə dissertasiya müdafiəsi sahəsində çox tolerant, münbit hətta əlverişli bir mühit yaradılmışdır. Dövrümüzün görkəmli filosof-maarifçisi Səlahəddin Xəlilovun maraqlı bir fikri var, deyir ki, universitet diplomu olan savadsız, alimlik dərəcəsi olan cahil adamların sayına görə rekord qazanmış ölkəyə çevrilmişik. Hesab edirik ki, real vəziyyəti qayət obyektiv cizən bir qənaətdir və bölüşürük. Gender siyasətinin əleyhinə deyilik, lakin xüsusilə humanitar sahələrə xanım iddiaçıların marağı sırf alimlik iddiaları ilə izah edilə bilməz, düşüncəsindəyik. Doktorant stipendiyası ilə keçinməyin mümkünsüz olduğu bir şəraitdə elmcanlı gənclər elmdən uzaqlaşırlar, əvəzində isə savadlı xanımlarla yanaşı, ölkədəki mövcud “dissertasiya sexləri”ndən hazır iş alıb alimlik iddiasına düşmüş xanımların sayı artır.

Strateji hədəf

Bu gün Azərbaycan elmi öz qılafına qapanmış bir institut deyil. Onun qarşısında bir xalqın perspektiv inkişaf yollarını bəlirləyə biləcək strateji hədəf və vəzifələr durur – axtarışında olduğumuz milli ideya, ən ali məqsədi insan azadlığı, ədalət və bərabərlik olan milli ideologiya, milli düşüncə sistemi və ulu öndərin elmi-nəzəri və siyasi-fəlsəfi xətt olaraq bəyan etdiyi azərbaycançılıq məfkurəsi, təbiət və fundamental elm sahələrində iqtisadi dəyər yaratmağa hesablanmış innovasiyalar və s. Əvvəllər deyirdik ki, elm hər şeyi olmasa da, çox şeyi həll edir. Bu gün prioritetlər tam olaraq elmin xeyrinə dəyişib, müasir inkişafın “alfa-bettası” hər şeyin elmə möhtac olduğunu isbatlayır.

Bu gün inkişafın açarı, elmi leksika ilə ifadə etsək, drayveri daha çox şou, əyləncə, şəxsi biznes xarakteri daşıyan idmanın, səhnənin deyil, elmin, elmi nailiyyətlərin əlindədir. Ölkəmizlə Qərbi fərqləndirən prinsipial meyarlardan biri də məhz bu müstəvidə strateji maraq və mənafelərimizin nədən ibarət olduğunu müəyyənləşdirə bilməməyimizdir. Elm sahəsində uğurları təmin edəcək nəsnələr sırasında isə maddi dəstəklə yanaşı, bir qədər yuxarıda da qeyd etdiyimiz kimi elmi mühiti də fərqləndirmək vacibdir. Bizdə isə məhz bu sonuncu faktor qeybə çəkilmək üzrədir ki, bunun da çox ağrılı və qayət obyektiv səbəbləri mövcuddur. Ailənin tərbiyəsi, təknənin urvat-halallığı evin böyüyündən sorular. Əfsuslar olsun ki, akad. Akif Əlizadənin ölkə elminin baş kreslosunda Ramiz Mehdiyev kimi birisi ilə əvəzlənməsi sözün əsil mənasında milli elmin çökdürülməsi prosesinin başlanğıcına çevrildi. Bəlkə də bu heç onun “xidməti” deyildi, bu adamın mənfi imicindən ustalıqla sui-istifadə edib ölkənin elmi elitasının, ziyalı təbəqəsinin, düşünən beyinlərinin toplaşmış olduğu akademiyanı beləcə, şüurlu şəkildə dağıtdılar. Sanki “qoyun”u şaqqalayıb bir hissəsini təhsilimizi xoş günə çıxarmış Təhsil Nazirliyinə verdilər, bu birini də Mehdiyevin mənəvi varisinə peşkəş çəkdilər. Bu barədə bir ayrı yazımızda ətraflı bəhs edəcəyik, indiliksə əsas deyəcəyimiz odur ki, elmi müvazinətin, orientirlərin, dəyərlərin, perspektivlərin, prinsiplərin aşınıb “homogenləşdiyi” bir sistemdə Ali Attestasiya Komissiyasının elmi qeyrət və vətəndaş şücaəti nümayiş etdirərək elmin saflığının, sağlığının və bu kəlməni işlətməkdən çəkinmirəm, təhlükəsizliyinin keşiyində durması, sadəcə, fədakarlıq nümunəsidir.

Hər bir ölkənin sərhədləri var – hava, quru, su. Azərbaycan coğrafiyasının bəxtinə hər üçü düşüb. Və bu sərhədlərin qorunması artıq milli təhlükəsizlik məsələsidir. Hesab edirik ki, elm də hər bir xalq, millət, ölkə, dövlət, vətəndaş üçün strateji məsələdir, onun qorunması birbaşa təhlükəsizliyimizlə və inkişafımızla bağlıdır. Həmin missiyanı həyata keçirən qurum isə 30 yaşlı Ali Attestasiya Komissiyasıdır. Və bu məsələdə vətəndaş da, yazar da, alim də elmimizin “sərhədçilərinin” yanında olmalıdır.

P.S. Hə, bir də nigaran qalanların nəzərinə: həmin tanışım ikinci cəhddə gəlib şuradan keçdi. Təbrik də elədim.

635x100

Şərhlər

Adam 2023-02-01 23:57:13

elmi adlar dövlete və xalaqa vere bileceyi xeyre görə verilmelidir--bu adlar hamısı saxta və bir-birinden köçürülmükle alınıb və heç bir heç bir xeyir de getirmirlrr--inanmırsınız yoxlayın--kimleri alim adı daşıdığı sizi heyrətə gətirəcək

Əbülhəsən A. 2023-01-18 14:54:58

Hörmətli Xalid müüəllimə növbəti təşəkkürümü bildirirəm. Dəyərli alim, qələm sahibidir, olduqca vicdanlı, məsuliyyətli şəxsiyyətdir . Yazıları aktual, mənalı, ictimai əhəmiyyətlidir. Gözəl insana yeni-yeni uğurlar arzulayıram!

Mikayılov 2022-12-27 00:23:39

Elmi adlara "Fəlsəfə " sözünün əlavə edilməsinin mənası anlaşılmazdır.Hamı bilir ki,Fəlsəfə də elmdir və onun öz bölmələri var.Bu adı tibb,texniki, və digər adıara calamağın mənası və hansı ehtiyacdan ortaya çıxarılması təəcüblüdür və yersiz deyilmi?.Ən azı bu sözü təkcə tarix ixrisasına uyğun saymaq olardıBunun məqsədi səriştəsizlikdən və savadsızlıqdan xəbər vermirmi?

N.Seyfeli. 2022-12-26 23:25:57

Elme yatirim qoyub gelir goturmek lazimdir; bizde ise elmi derece alirlar ki, 5-10 manat maashina elave olsun ve hec ne teleb olunmadan omru boyu behrelensin. Teleb eden yoxdur ki, verdiyimi qaytar!

Son yazılar