“YAZIQ” LƏQƏBLİ “MEDVED”İN QƏZƏBİ... – İndi də milyonlarla Rusiya vətəndaşını hədələməyə başlayıb

Ukraynaya qarşı işğalçılıq müharibəsinin üzə çıxardığı “fenomenlər”dən biri də Rusiyanın sabiq Prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin siyasi, intellektual səviyyəsi və “bacarıqları”dır.

Müharibə başlayandan bu günə qədər Medvedev nə beynəlxalq hüquqa, nə diplomatiyaya, nə də adi bəşəri dəyərlərə uyğun olmayan, nüvə silahının tətbiqi də daxil olmaqla, ən radikal, sərt və çox zaman qeyri-adekvat və gülünc təsir bağışlayan çoxlu sayda isterik bəyanatlar verib və paylaşımlar edib.

Maraqlıdır ki, ilk vaxtlarda Medvedevin açıqlamalarına cidd reaksiya verən Qərb və Ukrayna, artıq bir növ sabiq Prezidentin “başını buraxıb”. İndi onun hədə-qorxularına, çağırışlarına, proqnozlarına və s. demək olar ki, əhəmiyyət vermirlər. Lakin bu, Medvedevi qətiyyən “həvəsdən salmır” və onun “od püskürməsini” zəiflətmir. Əksinə, Rusiya daha acınacaqlı duruma düşdükcə, Medvedev “barıtı” daha da çoxaldır...

Bu günlərdə məşhur milyarder İlon Mask Medvedevin son proqnozlarından ibarət sosial şəbəkə paylaşımlarına ironiyalı münasibət göstərib və onları “heyrətamiz məlumatsızlıqdan irəli gələn ən gözlənilməz və absurd öncəgörmələr” adlandırıb.

Bəs Medvedevin hətta fantaziya həvəskarı olan Maskı belə təəccübləndirən və heyrətləndirən 2023-cü il proqnozları nələrdir? 

Bu proqnozlar 10 bənddən ibarətdir və onların arasında ən “günahsız” görünəni enerji daşıyıcılarının dünya bazarındakı qiymətlərilə bağlıdır. Medvedev hesab edir ki, gələn il neftin bir barreli 150 dollar(bütün beynəlxalq institutlar 100 dolların altında olacağını proqnoz edir-red.), təbii qazın min kubmetri isə 5000 dollar olacaq. Ancaq bunlar hələ “toya getməli” proqnozlardır. Medvedev proqnozlaşdırıb ki, Böyük Britaniya Avropa Birliyinə(AB) geri qayıdacaq və bundan sonra AB dağılacaq, avro valyuta kimi dövriyyədən çıxacaq. Polşa və Macarıstan Ukraynanın qərbini öz aralarında bölüşdürəcək. Polşanın özü də bölünəcək, Almaniyada isə “Dördüncü Reyx” yaranacaq və Polşanı, Pribaltika respublikalarını, Çexiyanı, Rumıniyanı, Slovakiyanı, “Kiyev respublikası”nı və digər “marginalları” özündə birləşdirəcək. “Dördüncü Reyx” ilə Fransa arasında müharibə olacaq, Şimali İrlandiya Böyük Britaniyadan ayrılacaq, ABŞ-da vətəndaş müharibəsi olacaq, Texas və Kaliforniya ştatları ABŞ-dan ayrılıb, müstəqillik qazanacaq, vətəndaş müharibəsindən sonrakı seçkilərdə İlon Mask Prezident olacaq, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı çökəcək, dollar və avro valyuta kimi sıradan çıxacaq, aktiv olaraq rəqəmsal valyutaya keçid baş verəcək və sair. Sözsüz ki, İlon Maskın bu “proqnozlara” münasibət bildirməsi onun da adının həmin “öncəgörmələrdə” keçməsidir. Əslində isə Medvedevin bu sadaladıqları Rusiyanın hazırkı hakimiyyətinin yarı ironik təsir bağışlayan “arzular toplusu”, “nağıllar aləminə səyahət”dir. Bir insan beyninin belə nağıllar uydurması üçünsə hansı daxili mənəvi-psixoloji durumda olduğunu, hansı hisləri yaşadığını təsəvvür etmək çətin deyil. Bu uydurmalar baxımından Medvedev hətta məşhur uşaq yazıçısı Hans Xristian Andersenlə rəqabət apara bilər. 

Ancaq maraqlıdır ki, Rusiyada onu Andersenə yox, daha ciddi tarixi personaj olan Çar II Nikolaya bənzədirlər. Xüsusilə də xarici görünüşünə görə Medvedev doğrudan da II Nikolaya çox bənzəyir. II Nikolayın necə acı, faciəli tale yaşadığı yaxşı məlumdur. O, demək olar hələ də rusların ən çox kədərlə xatırladıqları, yazıqları gələn Çar hesab olunur. Maraqlıdır ki, Medvedevin də siyasi dairələrdə və Rusiya cəmiyyətinin aktiv kəsimindəki ləqəbi “Yazıq”dır. Bu ləqəbi o, hələ 2011-2012-ci illərdə, Putinin “yerdəyişmə oyunu”nda iştirak edəndən və prezidentlik postunu Putinə təhvil verəndən sonra qazanıb. Elə 2020-ci ildə Baş nazir vəzifəsindən atılaraq, Təhlükəsizlik Şurası katibinin müavini kimi ikinci dərəcəli posta göndərilməsi də həmin “yazıqlığın” göstəricisi sayılır.

Ancaq bir şeyi də qeyd etməmək insafsızlıq olardı ki, necə deyərlər, Medvedevi Medvedev edən, yəni Baş nazir, hətta prezident kreslosuna oturdan da Putin olub. Yoxsa, hazırda gündəm olan qeyri-adekvat açıqlama və davranışların sahibi, qeyri-ciddi, iradəsiz bir fiqur kimi, Medvedev 1000 il də qalsa, belə yüksək vəzifələrə çıxa bilməzdi. Əksinə, Rusiyanın və rusiyalıların maraqları açısından baxsaq, yaxşı ki, Medvedev prezident vəzifəsini formal olaraq daşıyıb və Putinin nəzarətində olub, yoxsa Rusiyanın hazırda dumanlı vəziyyətə düşmüş taleyi hələ onun prezidentlik dövründə böyük və proqnozlaşdırılması mümkün olmayan təlatümlərlə üz-üzə qalardı.

Hər necə olsa, Rusiya kimi böyük bir dövlətin Prezidenti, Baş naziri olmuş bir şəxsin bu gün özünü Kremlin trolu kimi aparması olduqca acı təəssürat və eybəcər mənzərə yaradır. Bu da Medvedevin “yazıqlığına” bir qədər də yazıqlıq qatır...

Sonda onu da qeyd edək ki, Putinin xoşuna gəlmək üçün ABŞ-ı, Qərbi və üstəgəl keçmiş SSRİ respublikalarını hədələyən Medvedev indi də Rusiyanı tərk edən həmvətənlərinə hədə-qorxu gəlir. Medvedev öz “Telegram” kanalında yazıb ki, Rusiyanı tərk edənlər və onun ünvanına tənqid söyləyənlər ömürlərinin sonuna qədər vətənə buraxılmamalı, “cəmiyyətin düşmənləri” elan olunmalı, onların Rusiyadakı əmlakları və qazanc yerləri isə müsadirə olunmalıdır.

Bütün bunlar əlbəttə ki, Rusiya hakimiyyətinin Ukraynadakı məğlubiyyətindən, dünya səviyyəsindəki iqtisadi, siyasi, mənəvi çöküşündən, hətta ən yaxın müttəfiqlərinin də ondan üz döndərməsindən və ən nəhayət, gələcəyin qaranlıq görünməsindən doğan aqoniyadan, çıxılmazlıqdan irəli gəlir və belə görünür ki, bu vəziyyət sonda Rusiyada təkcə Medvedevi “yazıq” etməyəcək...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar