Bu ilin oktyabrında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 121,9 mln manat köçürülüb. Bu, ötən ayla müqayisədə (133,5 mln manat) 8,8% azdır.
DGK-nın məlumatına görə, ötən ay gömrük vergi və rüsumu 2013-cü ilin oktyabrındakından da (122,7 mln manat) az olub. Ölkəyə mal idxalının analizi göstərir ki, dövlət büdcəsinə gömrük vergisi ödənilməsindən yayınma bir neçə yüz milyonlarla ölçülür. Bu ilin 9 ayında DGK xətti ilə dövlət büdcəsinə 1 mlrd 256,8 mln manat köçürülüb. İllik planın ödənilməsi üçün 253,2 mln manat yığmaq lazımdır. 2015-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, gömrükçülər 80 mln manat çox vəsait toplamalıdır. Gələn il bu rəqəm 1 590 mln manat olmalıdır.
Müstəqil ekspertlərə görə, hər il Azərbaycan gömrüyündə bir neçə mlrd dollar məbləğində mal “yoxa çıxır”. Bu mallardan alınan rüşvət korrupsiyaçı məmurların cibinə axır.


Şərhlər