Menu

ÇƏTİN SINAQLARDAN KEÇƏN VETERAN ÖMRÜ!

09.01.2023, 18:24
ÇƏTİN SINAQLARDAN KEÇƏN VETERAN ÖMRÜ!

Mustafa Yusif oğlu Mustafayev — 100 

Beynimə hopmuş, hafizəmdə daşlaşmış atamla bağlı ötən illərin o üzündən gələn həzin xatirələr indiyədək köksümü qürurla qabartmaqdadır.

1922-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan atam Mustafa Yusif oğlu Mustafayev şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Onun öz atası haqqında, yəni Babam barədə söylədikləri də yaddaşıma həkk olub. Ötən əsrin 20-ci illərin sonunda bolşevik - kommunist rejimi tərəfindən fərdi torpaq sahələrinin hesabına kollektiv təsərrüfatlar yaratmaq haqqında qəbul edilən qərar kəndlilərin torpaqla bağlı ümidlərin üstündən xətt çəkdi. Bu az imiş ki, kənd əhli pasportdan məhrum olunaraq az qala təhkimçilik dövrünü xatırladan həyat tərzi yaşamağa məhkum edildi. Buna cavab olaraq 1930-cu ilin baharında Baş-Göynük kəndində üsyan başlanır. Az sonra üsyan bütövlükdə Şəki rayonunu, eləcə də Azərbaycanın yeddi bölgəsini əhatə edir. Üsyan iştirakçılarından biri də babam Yusif olub. Həmin kəndli hərəkatı amansızlıqla yatırıldı. Üsyan iştirakçılarının bir qismi dərhal güllələndi, əhəmiyyətli hissəsi həbs edilərək Stalinin Sibirdə və Rusiyanın ucqar şimal bölgələrində yaratdığı düşərgələrə, gedər-gəlməz sürgünlərə göndərildi. Belə həbs düşərgələrində həbs cəzası çəkməyə məhkum edilən insanlardan biri də babam Yusif idi. Beləcə, atam 8 yaşında yetim qaldı.

O, bütün şüurlu həyatı boyu nə istədisə özündən arzuladı. Alnının təri, əlinin qabarı onun həyatının cığırdaşı oldu. Yəqin ki, babam vətən həsrəti ilə, doğmalararının vüsalına qovuşmaq arzusu ilə qürbətdə həyata göz yumub. 1941-ci ilin martında atamı Sovet ordusu sıralarına hərbi xidmətə çağırıblar. Üç aydan sonra faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Beləliklə, tarixə Böyük Vətən Müharibəsi adı ilə düşmüş savaş başlanır. Atam Gürcüstanda 3 ay davam edən qısa müddətli hərbi hazırlıq kursunu başa vurduqdan sonra cəbhəyə göndərilir. Bütün müharibə ərzində atıcı alayın tərkibində çoxsaylı döyüşlərin iştirakçısı olub. Sərgilədiyi igidlik, şücaət örnəklərinə görə dəfələrlə müxtəlif medallarla təltif olunub. O, qanlı-qadalı illərdə, müxtəlif vəziyyətlərdə ölümlə üz-üzə gəlsə də, Allahın verdiyi qismət sayəsində sağ qalıb. Yəqin ki, odun-alovun içində olarkən atası və məşəqqətli uşaqlıq illəri ilə bağlı hüzünlü xatirələri qəlbinin bir guşəsində saxlayıb, tez-tez o xatirələrə dalıb. Bunsuz onu təsəvvür edə bilmərəm. Müharibə bitdikdən sonra da atam Mustafa Yusif oğlunu ordu sıralarında saxlayıblar. O, əsgəri xidmətini 54 saylı Süvari diviziyasının tərkibində davam etdirib. Nəhayət, onu 1946-cı ilin sentyabr ayında ordu sıralarından tərxis ediblər.

Atam 1949-cu ildə ailə həyatı qurub. Ailədə bacı-qardaş 9 uşaq olmuşuq; 6 bacı, 3 qardaş. Hamımız dövlətimizə və xalqımıza yararlı bir övlad kimi böyüyüb, boya-başa çatmışıq və elimizin adət ənənəsi ilə ailə həyatı qurmuşuq. Bizim qayğı yükümüzü daşımaq atamla anamın həyat tərzinə çevrilmişdi. Atam adi kolxozçu kimi ömrü boyu “Qafqaz” kolxozunda çalışıb. Ancaq öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də heç bir hökumət idarəsinin qapısını döymədən, kiməsə ağız açmadan. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil.

Özü də hansı şəraitdə; xəbis niyyət arxasınca sürünən bəzi adamların çoxdan bağlanmış qapıları döyərək “üsyançı oğlu” tənəsi altında…

Xalqımızın mənəvi zənginliyini təcəssüm etdirən adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış Ağsaqqalların xətir-hörmətini saxlamaq, onların qədir-qiymətini bilmək belə adət-ənənələrdəndir. Bu ənənə xalqımızın ləyaqətinin ölçü vahidi olmaqla fəlsəfi məna kəsb edir. Belə ehtirama layiq görülən kişilərdən biri də atam Mustafa Yusif oğlu olub. Neçə illərdir ki, dünyasını dəyişsə də, kənd əhli indi də onunla bağlı xatirələr danışır, onu xoş sözlərlə yad edir, zəhməti, dürüstlüyü həyat meyarına çevirən bir insan kimi xatırlayır, mərdliyin, əyilməzliyin mücəssəməsi kimi xarakterizə edirlər. Xoşbəxt o adamdır ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 

91 illik bir ömür sürmüş atam Mustafa Yusif oğlu da belə xoşbəxt insanlardan biri idi. Allahdan Atama qəni-qəni rəhmət diləyirəm və ruhu şad olsun deyirəm!

Nə qədər ki, gec deyil, onun haqqında bu kiçik xatirəni qələmə almaq qərarına gəldim. İnsaniyyət deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdır.

Qocaman dağlarla durub yanaşı 

Tərbiyəli övladları ilə ucalıb başı! 

Hörməti böyükdür xalqın içində 

Daim yaşayacaq ürəyimizdə! 

İnsanlar bənzədir onu bir nərə. 

Adını yazırlar Qoca tarixə. 

Yüz ildən sonra da yad eyləsinlər. 

Mustafa tək mərd kişi vardı desinlər! 

İsmayıl Mustafaoğlu 

07.01.2023-cü il

Şərhlər

M.Qocayeva 2023-01-10 17:44:06

Hörmətli t.ədalət müəllim ! O dövrdə respublikalar rusiyanın tərkibində olduğundan vətən bir idi. Ona görədə millətindən, irqindən asılı olmayaraq rusiyanın müdafiəsi üçün hamı canından keçməyə hazır idi. Babam da o dövrün qanunları əsasında BVM başlayan kimi yaş həddi yol verdiyinə görə müharibəyə aparılmış və missiyasını yerinə yetirmişdir. Mən Babamnan vəxr edirəm və heç bir xəcalət çəkməyə elə bir iş yoxdur, çünki o dövrün qanunlarına bir vətəndaş kimi tabe olub ! Hər bir vətəndaş yaşadığı müddət ərzində ölkənin qanunlarına tabe olmalıdır.

S.Ənvərqızı 2023-01-09 21:46:14

Allah rəhmət eləsin, məkanları cənnət olsun !

t.ədalət 2023-01-09 20:31:44

Hörmətli İsmayıl Mustafa oğlu!Mənim də atam,əmim vədayım bu müharibədə iştirak edib.Düzü,buna görə indi xəcalət çəkirəm.Rusiya o vaxt da indiki kimi işğalçı idi.Pribaltikanı,məhz bu müharibədə işğal etdi.Əgər həmin müharibədə işğalçı Rusiya məğlub olsaydı,nə 20 Yanvar qətliamıl,nə də ki Qarabağ savaşı olacaqdı.Allah Rusiyaya lənət eləsin!Həmin Rusiya bu gün Ukraynada körpələri və dinc əhalini məhv etməklə məşğuldur.

M.Qocayeva 2023-01-09 20:28:57

Babam çox yaxşı kişi olub. Bizim böyüyüb, boya-baş çatmağımız üçün çox əziyyətlər kəçib.Allzah rəhmət eləsin, məkanı cənnət və ruhu şad olsun !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol