“BACARMIRSANSA, BMT-ni ÇAĞIR...” – Paşinyan Kremldən və müxalifətdən canını qurtarmağın yolunu axtarır

Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanın Laçın yolunda yaratdığı vəziyyət səbəbindən kifayət qədər çətin duruma düşüb. Həm ölkə daxilindəki revanşist qüvvələr, həm də xaricdəki erməni diasporu Nikol Paşinyanı yolun açılması məsələsində hərəkətsizlikdə və zəiflikdə ittiham edirlər.

Paşinyan isə özünə və hökumətinə haqq qazandırmaq üçün özündən başqa hər kəsi – Rusiyanı, Azərbaycanı, hətta az qala bütövlükdə beynəlxalq birliyi günahkar çıxarır. Eyni zamanda, vəziyyətdən çıxış yoluna, eləcə də ümumilikdə Qarabağ mövzusuna dair yeni “dahi ideyalar” ilə çıxış edir.

“AzPolitika.info” xəbər verir ki, yanvarın 10-da İrəvanda mətbuat konfransı keçirən Paşinyan Rusiya sülhməramlılarının BMT qüvvələrilə əvəz olunmasını təklif edib. O, deyib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatı başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasına müraciət oluna bilər. Bu zaman ya BMT Rusiyaya sülhməramlı mandatı verməli, ya da Qarabağa öz sülhməramlılarını göndərməlidir.

Ancaq bununla yanaşı, Paşinyanın sözlərinə görə, Ermənistan indi BMT-yə müraciət edə bilməz: “Çünki bu, o demək olacaq ki, biz Rusiyaya qarşı BMT Təhlükəsizlik Şurasına müraciət edirik. Biz dedik ki, əgər Rusiya Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək funksiyasını yerinə yetirə bilməsə, o zaman əlavə çoxmillətli sülhməramlı qrup göndərmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər”. Bununla da Rusiyanın “bostanına daş atan” Paşinyan bir növ eyham vurub ki, “əgər bacarmırsansa, BMT-ni çağır”.

O, əlavə edib ki, 2025-ci ildə Rusiya sülhməramlılarının fəaliyyət müddəti başa çatdıqdan sonra vəziyyətlə bağlı qərar qəbul edilməlidir: “Ola bilər ki, BMT Təhlükəsizlik Şurasına müraciət etməyə ehtiyac qalmayacaq, lakin ehtiyac yarana da bilər".

Bu mövzu artıq Ermənistan mətbuatında geniş müzakirələrə səbəb olub. Məsələn, rusiyalı ermənipərəst hərbi ekspert İvan Konovalov erməni mətbuatına deyib ki, Rusiyanın BMT-yə müraciət etməsi mənasızdır: “BMT-nin Baş Qərargahı Vaşinqtonda yerləşir. Ona görə də BMT rəhbərliyinin qərarı ABŞ rəhbərliyinin qərarları ilə sıx bağlıdır”. Yəni ki, “izqoy” Rusiyanın istənilən müraciəti BMT-də mənfi qarşılanacaq və rədd ediləcək. Ümumiyyətlə, dünya birliyi Rusiyanı işğalçı kimi tanıyır, sülhməramlı kimi yox. Odur ki, Azərbaycan kimi, BMT də Qarabağdakı rus hərbi kontingentinə rəsmi sülhməramlı statusu verməyəcək!

Digər yandan, əlbəttə ki, Azərbaycan öz suveren ərazisində hansı ölkəyə, təşkilata aid sülhməramlının olmasına, ümumiyyətlə, ona ehtiyac olub-olmamasına özü qərar verəcək. Bunun nə Ermənistana, nə də onun baş nazirinə heç bir aidiyyatı yoxdur. Bunu Azərbaycan tərəfinin iradəsini dəflərlə öz üzərində hiss etmiş Paşinyan da yaxşı anlayır. O, sadəcə, növbəti dəfə Rusiyadan, Kremldən uzaqlaşmağa çalışdığını göstərmək, həmçinin dünya erməniliyinin qarşısında “sahədə mən də varam” görüntüsü yaratmaq, ona qarşı hücum və təzyiqlərin qarşısın almaq üçün bu cür “ideyalar”la çıxış etmək məcburiyyətindədir.

Azərbaycan cəmiyyəti nəinki 2025-ci ildən sonra, hətta həmin dövrə qədər Qarabağda xarici hərbi kontingentin varlığında maraqlı deyil. Dövlət isə xüsusilə Qarabağ məsələsində cəmiyyətin tələblərilə ayaqlaşmağa və hesablaşmağa mükəlləfdir. Odur ki, ermənilərin Rusiyanı, Fransanı, BMT-ni və s. çağırmasının heç bir əhəmiyyəti yoxdur və ermənilər üçün Azərbaycanla beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində anlaşmağın alternativi yoxdur...

Cəlal Məmmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar