“Tarixi bilinməyən zamanlarda Yunanıstan hökmdarı zülmkar Doq Yanusun zülmündən qaçıb gələn 7 nəfər Naxçıvanın Əshabi-Kəhf dağlarında daşlaşıb, həmin məkanı müqəddəs ziyarətkah kimi tanıdıblar. Amma Vasif Talıbovun zülmündən 250 min nəfər qaçıb. Talıbov ulu yurdumuz Naxçıvanı 100 il geri saldı desək, yanılmarıq. O, Muxtar Respublikaya hökmranlıq etdiyi dövrdə insanlara qan uddurub, məşəqqətlərə, məhrumiyyətlərə məruz qoyub. Onun hüquqlarını tapdaladığı, maddi, mənəvi ziyan vurduğu insanların sayı minlərlədir”.
Bu cümlələr Naxçıvan şəhəri Heydər Əliyev prospekti, ev 37, mənzil 67-də qeydiyyatda olan Əliyev Yaşar Əbülfət oğlunun “AzPolitika.info” saytının redaksiyasına göndərdiyi, Prezident İlham Əliyevə ünvanlanmış müraciətdəndir. Məktubuna ölkə başçısı İlham Əliyevə həyata keçirdiyi islahatlara görə minnətdarlıqla başlayan Y.Əliyev, Naxçıvanı və naxçıvanlıları Vasif Talıbovun 27 illik zülmündən azad etməsini Prezidentin “şah əsəri” adlandırır.
Şikayətçi bildirir ki, Vasif Talıbov məhkəmə qərarı və heç bir hüquqi əsas olmadan zorakılıqla onun böyük gəlir gətirən obyektini sökdürüb. Nəticədə, Yaşar Əliyevin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları tapdalanıb. O, daha sonra dağıdılan əmlakları haqqında məlumat verib:
“Naxçıvan şəhəri, “İstiqlal” küçəsində 120 kv.m sahədə yerləşən əmlakımda fəaliyyət göstərən mağazama Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 dekabr 1998-ci il tarixli, 873 nömrəli sərəncamı ilə “Super market” şəhadətnaməsi verilib;
Naxçıvan şəhəri, “İstiqlal” küçəsində anam Səfərova Səmayə Sərdar qızına məxsus 34,4 kv.m sahəni əhatə edən əmlakda yerləşən mağazaya Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 sentyabr 1999-cu il tarixli, 478 nömrəli sərəncamı ilə mağaza şəhadətnaməsi verilib;
Naxçıvan şəhəri, “İstiqlal” küçəsində anama məxsus 69,9 kv.m sahəsi olan əmlakda fəaliyyət göstərən mağazaya Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 yanvar 1998-ci il tarixli, 74 nömrəli sərəncamı ilə mağaza şəhadətnaməsi verilib.
Təkidlə tələb etsəm də, mənə söküntüyə görə nə sənəd təqdim edildi, nə də kompensasiya ödənildi. Vasif Talıbovun adından bildirildi ki, səs-səmirim çıxsa, məni “dəlixanaya” göndərəcəklər. Xatırladım ki, Talıbovun Muxtar Respublikaya rəhbərlik etdiyi illərdə öz hüququnu tələb edən vətəndaşlara qarşı “dəlixana praktikası”ndan geniş istifadə edilib. Ən dəhşətlisi budur ki, söküntüdən bir neçə gün əvvəl ağsaqqal atamı qanunsuzluğa etiraz etməsin deyə həbsxanaya atdılar, əmlakımı dağıdandan sonra buraxdılar. Misli görünməyən haqsızlığa, sıxıntılara dözməyən atam və anam bu hadisədən qısa zaman sonra dünyalarını dəyişdilər”.
Naxçıvan sakimi Prezident İlham Əliyevdən xahiş edir ki, üzləşdiyi qanunsuzluq faktı nəzarətə götürülsün, onun dağıdılan obyektlərinin əvəzi, yaxud kompensasiyası verilsin.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər