Pekinin Kabillə neft hasilatına dair müqavilə imzalamasından sonra Çinə düşmən olan İŞİD-ə bağlı radikal qüvvələr Əfqanıstanda hücumlarını gücləndirmək niyyətindədir. Onlar Çinin müharibədən əziyyət çəkən ölkədə mövcudluğunu genişləndirməsindən narazı görünürlər. Bunu Çin vətəndaşlarına qarşı son hücumlar və regiondakı layihələr də sübut edir.
Vaşinqtonda yerləşən “Global Strat View” müstəqil media qrupuna görə, hakim “Taliban” hökumətinin minerallarla zəngin Əfqanıstanda Çinin kommersiya inkişafına verdiyi dəstək bu radikal qüvvələrə, o cümlədən İŞDİ-in xoşuna gəlməyib. Üstəlik, müsəlman uyğur türklərinə qarşı soyqrım siyasəti Çinin problemini daha da artırır.
Çinin Əfqanıstandakı nəhəng mineral sərvətlərini istismar etmək kimi aydın hədəfləri var. Lakin onun Çin-Pakistan İqtisadi Dəhlizini (CPEC) Əfqanıstana qədər genişləndirmək niyyətləri narahatlıq doğuran məsələyə çevrilib.
İŞİD qrupunun regional qolu olan İŞİD-X (Xorasan) 2022-ci ilin sentyabrında ingilisdilli “Xorasanın səsi” jurnalında narahatlıqlarını dilə gətirib. Məqalədə Çin “Bir kəmər, bir yol” (BRI) təşəbbüsünü (CPEC onun bir hissəsidir) üçüncü dünya ölkələrini “borc və defoltun pis dövrünə” atmaqda və onların suverenliklərini pozmaqda günahlandırılır: “Çin bu kasıb üçüncü dünya ölkələrini zəiflətmək və neo-Çin müstəmləkəsi yaratmaq üçün bu ərazilərdə təsirlərini gücləndirmək üçün bu cür kredit sxemlərindən istifadə edə bilər”. Üstəlik, İŞİD-X əllərini günahsız uyğurların qanına batırdığıan görə Çini qınayıb və onu BRI və digər layihələrdə əhəmiyyətli itkilərlə bağlı xəbərdar edib. İŞİDi, onun törəmələri və onu dəstəkləyən silahlı qruplar Çin layihələrini bombalamaqla yanaşı, Çin vətəndaşlarını oğurlayır və öldürürlər.
Ötən ilin dekabrında beş Çin vətəndaşının Kabildə bir otelin partladılması nəticəsində yaralandığı son hücum, anti-Çin əhval-ruhiyyəsinin bir hissəsi kimi görünür. Bu, müsəlman uyğur türklərini dəstəkləmək və əfqanlara uyğurlara dəstək verməyə imkan verməyən “Taliban”a etiraz etmək idi.
Çin vətəndaşlarına edilən hücuma görə, çinli iş adamları müharibədən əziyyət çəkən ölkəni tərk etmək fikrinə düşüblər. Əfqanıstanda istehsal zavodu tikən sahibkar Yu Minqhui bildirib ki, çinli investorların əksəriyyəti Çinə qayıdıb və düşünür ki, bəlkə də onların 80 faiz Əfqanıstana geri dönməyəcək.
İŞİD-lə yanaşı, Şərqi Türküstan İslam Hərəkatı (indiki Türküstan İslam Partiyası) Çində uyğurların sıxışdırılmasının qisasını almaq üçün Əfqanıstandakı Çin layihələrinə hücum edə bilər. Həmçinin “Bəluc” qrupları da Pakistanın Bəlucistanında CPEC səbəbiylə təbii ehtiyatların istismarına, qətllərə və torpaq və yaşayış vasitələrinin itirilməsinə etiraz etmək üçün Əfqanıstandakı Çin layihələrini hədəfləyə bilər.
Çin hazırda “Taliban” rejiminin qərb bloku tərəfindən təcrid olunmasından istifadə edərək Əfqanıstanın sərvətlərini ələ keçirməyə çalışır. Əfqanıstandakı mineral sərvətlərin təxmini dəyəri 1-3 trilyon dollar arasındadır. Lakin beynəlxalq ekspertlər bunu böyük səhv hesab edir. İngilislər, ruslar və amerikalılar orada alçaldıcı məğlubiyyətlə üzləşdiyi üçün Əfqanıstanı “İmperiyalar qəbiristanlığı” adlandırırlar.
L.SƏMLA
AzPolitika.info


Şərhlər