POST-PUTİN DÖVRÜ YAXINLAŞIR – Ukraynada kütləvi qırğınlar təşkil etən Rusiyanı dəhşətli günlər gözləyir

Rusiya ordusu Soledarda böyük qurbanlar bahasına taktiki uğur əldə etdikdən sonra yanvarın 14-də Ukraynanın Dnepr şəhərini qanadlı raketlərlə atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün ümumiyyətlə ölkə ərazisinə 30-dan artıq raket atılıb, onlardan əksəriyyəti vurulsa da, Dneprdə yaşayış binasına düşən X-22 uzaqmənzilli raketi dəhşətli faciəyə səbəb olub. Son məlumata görə, 30 nəfərdən artıq dinc sakin həlak olub, 43 nəfər itkin düşüb, yaralıların sayı isə 72 nəfərdir.

Xatırladaq ki, bundan əvvəl də Ukrayna paytaxtı Kiyev də daxil olmaqla, şəhərlərə raketlər atılıb, dron hücumları təşkil edilib. Nəticədə əhali arasında çoxsaylı itki olub, infrastruktura ciddi zərər dəyib. İndi fərq ondadır ki, Ukrayna səması əvvəlki aylarla müqayisədə daha etibarlı müdafiə olunur, işğalçı ordunun 10 raketindən biri yerə çatır, qalanları Qərbdən göndərilmiş müasir Hava Hücumundan Müdafiə Vasitəsləri ilə məhv edilir.

Görünür, Prezident Vladimir Putin Ukraynaya qarşı apardığı hərbi əməliyyatların komandanlığını general Surovikindən alıb Baş Qərargah rəisi Valeri Gerasimova versə də, nə taktiki, nə də strateji planlar dəyişməyib. Rusiya kəskin şaxtalı havada həyati vacib infrastrukturu məhv etməklə Ukrayna xalqını təslim olmağa vadar etməyə çalışır. Cəbhə xəttində də ciddi dəyişiklik hiss olunmur: səfərbərliklə toplanmış ordu hissələri böyük qurbanlar hesabına kiçik ərazilərdə taktiki üstünlük əldə edir, habelə 50 min artıq məhbus, muzdlu hesabına seyrəlmiş sıralarını canlandıran “Vaqner” qrupu irəli atılmağa çalışır.

Bunlar nəyi dəyişəcək, Rusiya Ukraynada məqsədlərinə nail ola biləcəkmi?

Ümumiyyətlə, Kremlin 11 ay əvvəlki hədəfləri ilə hazırkı istəkləri arasında çox böyük fərq var. Bir il əvvəl Ukraynanı işğal edib Qərblə postsovet məkanı arasına dəmir prədə endirməyi hədəfləyən Putin avtokratiyası indi məğlub sifətini qorumaq üçün Ukraynadan bir parça qoparıb rus cəmiyyətinə təsəlli verməyə çalışır. Amma indi situasiyanı Rusiya rəhbərliyi yaratmır, təşəbbüs Ukraynanın və Qərbin əlindədir, bu müharibənin, daha sonra Putin kleptokratiyasının, eləcə də Rusiya imperiyasının taleyinin necə olacağını da ABŞ və onun avropalı müttəfiqləri müəyyənləşdirəcək. Və belə görünür, artıq proses başlayıb, Qərb həlledici zərbələrin vurulması və Rusiyanın biabırçı məğlubiyyətini sürətləndirmək üçün növbəti addımları atır. “Ramştayn” formatının növbəti toplantısına qədər ağır texnika, müasir tanklar, hava hücumundan müdafiə vasitələri, yeni artilleriya sistemləri Ukrayna ordusunun sərəncamında olacaq. Müttəfiqlər isə “Ramştayn”da növbəti mərhələdə atılacaq addımlarla bağlı qərarlar verəcəklər. Çox güman, bu dəfə hərbi aviasiya, uzaqmənzilli raketlər, hücum, kəşfiyyat dronları, habelə yerüstü müasir döyüş vasitələrinin Kiyevə göndərilməsi barədə qərarlar olacaq.

ABŞ-ın 2023-cü il büdcəsindən Ukraynaya 45 milyard dollarlıq hərbi yardım paketi nəzərdə tutulub, habelə, Prezident Bayden administrasiyası əlavə yardımların ayrılması ilə bağlı müstəsna təşəbbüslərlə çıxış edəcək. Yeni Konqres fəaliyyətə başlayıb və burada hakim Demokratların vəziyyəti stabildir, Ağ Evlə ziddiyətlər gözlənilmir, bu da müttəfiqlərin yeni il ərzində Rusiyanın məğlubiyyəti üçün rahat qərarlar qəbul edəcəyinə təminat verir.

NATO formatı da birmənalı mövqedədir, 2022-ci ildəki tərəddüdlər artıq yoxdur, habelə Avropa İttifaqının Rusiyadan enerji asılılığına son qoyulub, sanksiyalar rejimi saat kimi işləyir, neft-qaz embarqoları getdikcə ağırlaşdırılır. Birmənalı şəkildə demək olar ki, Qərbin Ukraynaya dəstəyi geridönüməz xarakter daşıyır, qələbəyə qədər davam edəcək.

Putin hakimiyyətinin böyük ümidlər bəslədiyi Çin, Hindistan kimi böyük dövlətlər də Rusiyadan iqtisadi, siyasi dəstəyini çəkməyə başlayıb. Hər iki ölkənin nəhəng şirkətləri Qərbin sanksiyalarına qoşulub, habelə Pekin və Dehli Moskvanın nüvə silahı tətbiq etmək hədələrinə qarşı qəti mövqe nümayiş etdirirlər. Vaşinqtonla Pekin arasında gərginliklər tədircən yumşalır, qarşıdurma meyillərini tədricən praqmatik maraqların diktə etdiyi dialoq əvəzləyir.

Rusiya dünyanın həlledici güc mərkəzləri qarşısında acizdir, onun hazırkı acınacaqlı durumunu dəyişəcək heç bir resursu yoxdur. Ukraynaya qarşı əməliyyatlarda göstərilən dirəniş isə sağalmaz xərçəng xəstəsinin qəbul etdiyi kimyaterapiyalara bənzəyir. Vəziyyət ümidsizləşdikcə onların da sayı azalacaq. Ukraynaya qarşı işğalçı müharibənin alovlu təbliğatçısı Skabayevanın etiraf etdiyi kimi, Qərb Rusiyanın həyata keçirdiyi “xüsusi hərbi əməliyyatı” Rusiya imperiyasının dağılma əməliyatına çevirib, proses sürətlə gedir.

Qarşıdakı həftələrdə, aylarda Rusiyanı nə gözləyir? Putinin, onun irtica komandasının aqibəti necə olacaq?

İndi dünyanın nüfuzlu analitik mərkəzləri bu suallar ətrafında baş sındırır. Onların arasında nə 2014-cü il status-kvosunun bərpa olunmasından danışan var, nə də Krım yarımadasının Rusiyanın tərkibində qalmasını qəbul edən. Problemin həlli kimi Rusiyanın Ukraynada qəti hərbi məğlubiyyəti, Krımın işğaldan azad olunması, Rusiya ordusunun Ukrayna sərhədlərindən yüz kilometrlərlə məsafədə hərbi qüvvələr saxlamaq hüququndan məhrum edilməsi, vurulan zərərin ödənilməsi, bəşəriyyət əleyhinə cinayətlər törətmiş siyasətçilərin və hərbçilərin beynəlxalq hərbi tribunalda cəzalandırılması göstərilir. Əlbəttə, bu gərgin əmək və zaman tələb edən prosesdir, amma ona artıq start verilib, ilk mərhələ uğrula davam edir.

Ukraynaya qarşı həyata keçirilən işğalçı müharibə miqyasına, dağıntılara, insan tələfatına, istifadə olunan silahalara görə İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi qarşıdurmadır. Ukrayna çox böyük yaralar aldı, qurbanlar verdi. Ölkənin böyük bir hissəsi xaraba qalıb, dəyən ziyanın miqyası trilyon dollarla ölçülür. Bu yaralar tədricən sağalacaq, artıq indidən Ukraynanın bərpası üçün milyardlarla vəsait ayrılır, Rusiyanın dondurulmuş sərvətlərinin Ukraynaya ötürülməsinin beynəlxalq hüquqi mexanizmləri yaradılır. Amma, əlbəttə, Rusiya işğalı zamanı həlak olmuş on minlərlə ukraynalının həyatını heç nə ödəyə bilməz, onların yaxınları bir ömür bu yaralar içində qovrulacaq.

Dünya Ukraynanın yanında, Rusiyanın isə qarşısındadır. Bəs bu ağlasığmaz avantüraya əl atmış Rusiyanı nələr gözləyir, yəqin bir rus aydını bunu düşündükcə qəzəbdən, hikkədən ürəyi ağrıyır. Rusiyanın itkiləri Ukraynadan daha böyükdür, ən pisi odur ki, Ukrayna dirçəldikcə işğalçı ölkə daha da batacaq, zəifləyəcək, parçalanacaq.

Təkcə onu xatırlatmaq olar ki, müharibə on minlərlə gənc rusun həyatı bahasına başa gəlib, onların Ukrayna çöllərinə səpələnmiş meyitləri sahibsiz qalıb. Daha on minlər Ukrayndan yaralı, şikəst qayıdır, onların qayğısını çəkəcək, ağrısını dindirəcək dövlət, cəmiyyət olmayacaq. Putin avtokratiyasının demontajından sonra cəmiyyətdə məzarlıq sabitliyi sürətlə dağılacaq və diktaturanın ört-basıdr etdiyi problemlər vulkan kimi partlayıb ətrafı yandıracaq. Ukraynaya qarşı müharibəyə münasibət göstərdi ki, diktatura şovinizmi elitar rus cəmiyyətini axtalayıb, bəşəri dəyərlər məhv olub, gələcəyə ümid yoxa çıxıb. Oliqarxiyanın yaratdığı zahiri parıltı da yoxa çıxıb, onların yerini əzgin, ayağını sürüyən narazı insan kütlələri əvəzləyib. Efirləri gurultulu nitqlərlə dolduran rejim təbliğatçıları da yoxdur, heç kim Ukraynada, elcə də Rusiya dövlətinə, cəmiyyətinə qarşı törədilmiş dəhşətli cinayətin yükünün altına girmək istəmir.

Ayağı yer tutan, maddi imkanı olan Rusiyanı tərk edir və qarşıdakı aylarda, illərdə bu proses daha da sürətlənəcək. Rusiya daha Qərbin böyük pullarını görməyəcək, heç bir dövlət bu ölkənin dirçəlib yeni hərbi avantüralara, imperiya qurmaq niyyətlərinə düşməsinə imkan verməyəcək. Rusiya kiçiləcək, yoxsullaşacaq, postosvet məkanı üçün də öz iqtisadi, siyasi cazibəsini itirəcək.

Bu, ruslar üçün nə qədər ağır olsa da, ətraf ölkələr, o cümlədən Azərbaycan üçün o qədər sabitlik və rifah deməkdir.

Elçin Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Elçinə 2023-01-16 17:14:01

Sən gör nə qədər bey savadsanki nə yazdığını özündə bilmirsən rusiya dağılsa ilk zərbə bizə dəyəcək milyonlarla vətandaşımıza

B.Qarabağlı 2023-01-16 16:43:22

Məncə, V.V.Putin hələ də kimlərinsə züyündən çəkilib Kremli-RFnı Hərbi Marşdan Sülh və Rifah platformasına qaytara bilər!!!

Veteran 2023-01-16 16:26:21

300 illik bir dövrdə yer üzündə məzlum xalqların başınna olmazın oyunlar açan rusiya öz əllərilə öz başlarına qapaz dəyir. Allahın cəzasıda o bir tərəfdən.

Mubariz 2023-01-16 14:04:01

Sağ ol Elçin Rüstəmli ,son dövrlərdə qələmə alınan ən yaxşıanalitik yazıdır . Bizdə olan rusbaşlar hələ də anlamırlar ki ,us qalib gəlsə ilk bizi tapdayacaq o zaman heç bir dövlət səsini çıxarmayacaq ,biz nə qədər rusa yaltaqlansaq da xeyri olmayacaq , onlar yenə erməni qardaşlarına kömək edəcək ( Fransa sayağı)

t.ədalət 2023-01-16 13:59:18

Putinin sifəti ermənilərə çox bənzəyir.Ana tərəfdən bulaşıq olması mümkündür.

Elmira 2023-01-16 12:41:51

Lənət ruslara! Demirəm Rusiyaya lənət, çünki orada neçə dənə başqa xalqlar əzab çəkir. Rusiya məğlub olub, parçalanacaq! İnşaallah. Onda bütün xalqlar nəfəs alarlar.

Son yazılar