PENSİYAÇILARA QARŞI AYRI-SEÇKİLİK... - 2022-ci ildə pensiyaya çıxanların təqaüdü daha az artacaq?

Fevralın əvvəlində pensiyaların 15 faiz indeksasiya olunacağı gözlənilir. Hökumət ötənilki inflyasiya faizi ilə bağlı rəqəmlərin dürüstləşməsini gözləyir ki, müvafiq qərar verilsin.

Artıq bəzi dövlət məmurları artımın 15 faiz olacağı barədə məlumatlar səsləndiriblər. Nəticədə əmək pensiyaları 2023-cü ildən etibarən aldıqları təqaüdün 15 faizi həcmində, habelə, daha 16.7 manat artacaq. Bu məbləğ isə ötən il təqaüdçülərə hər rübdə verilən (ildə toplam 200 manat) 50 manatın aylara bölünərək təqaüdlərə əlavə olunmasından yaranır. Əgər bir vətəndaş ötən il 300 manat pensiya alıbsa, yeni ildən o 300+45+16.7 manat= 361.7 manat alacaq.

Amma bu artım heç də bütün pensiyaçılara şamil edilməyəcək. Belə ki, təqaüdə əlavə olaraq ötən il ərzində verilmiş 200 manat (bu il aylara bölünərək əlavə olunacaq 16.7 manat) 2021-ci ilə qədər pensiya hüququ qazanmış vətəndaşları əhatə edir. Əgər vətəndaş 2022-ci il daxil olmaqla daha sonra pensiyaya çıxıbsa, onun təqaüdü ancaq indeksasiya hesabına artacaq. Yəni pensiyasının 15 faizi məbləğində artıq vəsait alacaq. Məsələn, vətəndaş 300 manat alırdısa, 2023-cü ilin yanvarın 1-dən 345 manat təqaüdlə kifayətlənməli olacaq.

Bu isə pensiyaçılar arasında ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Hökumət ötən ilki sürətli bahalaşmanı, inflyasiyanı nəzərə alaraq, onlara illik 200 manat əlavə müavinət vermişdi. Şübhəsiz ki, sözügedən problemlər bütün vətəndaşları əhatə edir və hökumət onların hər birinin gəlirlərinin artmasında maraqlı olmalıdır.

O zaman hansı məntiqlə 2022-ci ildə və daha sonra pensiyaya çıxanların təqaüdü 16.7 manat az olmalıdır? Hökumət qurumları bu paradoksa, ayrı-seçkiliyə aydınlıq gətirsələr, yaxşı olar...

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar