QAPALI BAKI-TEHRAN DANIŞIQLARI GEDİR – “İran azı bu 3 şərtə əməl etməlidir...”

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb. Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb. Eyni gündə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu görüşdə də konkret hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb. 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, müzakirələrin qapalı saxlanılması anlaşılandır. “Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir”, - o qeyd edib.

Ekspert hesab edir ki, Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azatlmaq istəyirsə bir neçə vacib addım atmalıdır:

“Azərbaycanın daxili işlərinə - hansı dövlətlə dost və tərəfdaş olma seçimimizə qarışmamalıdır;

Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır;

İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalara son qoymalıdırlar”.

Təhlilçiyə görə, Tehranın bu minimum şərtləri yerinə yetirəcəyinə inam azdır. “Digər tərəfdən İranın Xarici İşlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəyirlərsə belə, bu onlardan asılı məsələ deyil. Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin anti-Azərbaycan açılama verməsi və ya internet görüntüsü paylaşması diplomatların münasibətlərin normallaşdırılması üçün fəaliyyətlərinin üstündən xətt çəkəcək. Bu dəfələrlə olub”, - o qeyd edib. 

E.Şahinoğlu xatırladır ki, İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri açıqlama var: ““Bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir”. Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” açıqlamasını səsləndirirlər. Ancaq hazırda məhz rəsmi İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. Avropa İttifaqı monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə əksinə, bunun əleyhinədir. Digər tərəfdən, həmin missiyanın tərkibində Fransa geniş şəkildə təmsil olunacaq. Tehran-Paris münasibətləri isə gərgindir. Belə çıxır ki, İranın regional maraqları üçün ən böyük təhlükə rəsmi İrəvanın siyasətiylə bağlıdır. Misal üçün, Kreml Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib, bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranın isə Avropa İttifaqı missiyası ilə bağlı hələ ki, açıqlaması yoxdur. Çünki Tehran İran sərhədinə yaxın ərazidə yerləşəcək Avropa İttifaqının missiyasını tənqid edəcəksə, avtomatik həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir. Tehran Ermənistanı tənqid etməyə hazır deyil. Görünür, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir. İranın Azərbaycanla münasibətləri uzun illlərdir enişli-yoxuşludur, Tehran Ermənistanla münasibətlərdə isə heç zaman problem yaşamayıb”.

Politoloq bu qənaətdədir ki, Tehran Ermənistana yönəlik siyasətini dəyişməyə hazır deyil. “Halbuki, Avropa İttifaqı missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı İranın maraqlarını da nəzərə almayıb”, - o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar