İRANIN “ARVAD DAVASI”... - Məişət məsələsi ilə pərdələnən terror aktına dair bir neçə sual

Son 2 ildə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə 5 dəfə hücum edilib. Onlardan ən birincisi Londonda baş verdi və əksər ekspertlər islam məzhəbçiliyi ilə pərdələnmiş həmin hücumun arxasında İran xüsusi xidmətinin əli olduğu qənaətinə gəldilər.

Sonuncusu isə ötən gün, özü də bu dəfə Tehranın özündə baş verdi. Belə görünür ki, bu terror hücumu daha dəhşətli və böyük rezonanslı olmalı idi.

Çünki videogörüntülərdən də məlum olduğu kimi, səfir başda olmaqla, bütün səfirlik işçiləri və onların ailələri hədəf alınmışdı. Bir səfirlik əməkdaşının cəsarətli davranışı olmasaydı, bu gün tamamilə başqa nəticə və situasiya ilə üz-üzə olacaqdıq. Həmin terrorçunun və onu oraya göndərənlərin niyyəti baş tutsaydı, bunun hansı hüquqi, siyasi, diplomatik, hətta hərbi nəticələrə gətirib çıxaracağını hesablamaq, yaxud təsəvvür etmək kifayət qədər çətindir. Bu baxımdan, sözügedən terror aktını planlaşdıranların hansı məqsədlər güddüyünü də söyləmək asan deyil...


Ancaq görünən odur ki, İran xüsusi xidmət orqanlarının beyninin məhsulu olan bu cinayət nə qədər dəhşətlidirsə, onun üçün uydurulan, yaxud öncədən təşkil edilən rəvayət də bir o qədər primitivdir.

Əvvəl hər şeyi guya erməni izinə bağlamağa çalışan İran sonradan hamını inandırmağa çalışır ki, səfirliyə hücum edən həmin bu “adam” terror yox, arvad davası edirmiş. Guya bunun arvadı 9 aydır Azərbaycandadır, yaxud Azərbaycan səfirliyindədir və bu, heç cür onu geri ala bilmir və sair.

Amma soruşan yoxdur ki, axı, Azərbaycan dövlətinin, yaxud səfirliyinin, ümumiyyətlə, Azərbaycanda kimin nəyinə lazımdır bu şərəfsizin arvadı? Həmin bu arvad nə “matax şey” oldu ki, nə Azərbaycan onu vermir, nə də İran onu ala bilmir?

Yəni, İran o qədər aciz dövlətdir ki, 9 aydır Azərbaycandan bu adamı ala bilməyib? Əgər doğrudan da belə bir şey var idisə, indiyə qədər Azərbaycana qarşı min bir iftira, şər-böhtan yağdıran İran mətbuatında, televiziyalarında nədən bu barədə bir kəlmə, bir sujet yer almayıb? Necə olur ki, elə həmin İran televiziyaları hadisədən dərhal sonra bu cinayətkardan müsahibələr almağa başlayır? Kim və nədən onlara bu şəraiti yaradır?

Həmçinin, İranda avtomat almaq bu qədərmi asandır və 6-7 min dollara “Kalaşnikov” alan, şəxsi avtomobili olan bu həşəratın öz arvadına təyyarə bileti almağa pulu olmayıbmı? Digər yandan, bu “kişi” səfirliyə “arvad dalıyca” gəlmişdisə, girişdəki İran polisinə niyə işarə göstəririb keçirdi, polis hardasa yarım saat ərzində əlində avtomat, kuvald, “molotov kokteyli” binaya girməyə çalışan bu gədəni niyə saxlamırdı? Ya da İran polisinin bu işdə barmağı yox idisə, nədən Tehranın polis rəisi həmin gün işindən azad edildi və niyə heç də əvvəlkindən aşağı olmayan başqa bir vəzifəyə keçirildi?

Nəhayət, bu terrorun Holokost qurbanlarının Beynəlxalq Anım Günündə baş verməsi təsadüfdürmü? Xatırladaq ki, həmin gün Azərbaycanın İrandakı səfirliyi ilə paralel olaraq, İsraildə də terror aktı törədildi və 8 nəfər həlak oldu. Doğrudanmı bütün bunlar təsadüfdür və İranın davası terror yox, arvad davasıdır?...

İran Ermənistanı dəstəklədi, silah-sursat, yanacaq, avadanlıq və s. göndərdi, xeyri olmadı, “Ermənistan sərhədi qırmızı cizgimizdir” dedi, xeyri olmadı, Azərbaycandakı tulalarını “qaza gətirdi”, xeyri olmadı, məzhəbçiliyi qızışdırmağa, ölkəmizi “sionizmin dayağı” kimi qələmə verməyə çalışdı, xeyri olmadı, Arazın üzərində hərbi təlimlər keçirib, bizə “xox gəlməyə” çalışdı, yenə xeyri olmadı və sair.

Nəhayət, belə görünür ki, İran Azərbaycana qarşı istifadə etdiyi bütün digər təzyiq və təhdid vasitələrinin işə yaramadığını gördüyü üçün bu çirkin əmələ əl atdı. Amma bu da alınmadı...

Lakin bu, o demək deyil ki, biz buna hazır idik. Təəssüf ki, deyildik və ən azından indidən sonra belə hadisələrin baş verməməsi üçün tədbirlər görməliyik, elə etməliyik ki, hər it-qurd səfirliklərimizə yaxın düşə bilməsin...

Cəlal Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

N.Seyfeli. 2023-01-29 23:22:45

ermeni, rus, iran ucbucaginda cizilmish layihedir; daxildeki himayedarlari nezarete almaliyiq, butun vetendashlar ayiq-sayiq olmali ve duzgun tehlil aparmalidirlar.

Azad Dərkənari 2023-01-28 20:04:16

Ətraflı mülahizə, ədalətli şərh! 36cı ildir dinc-mülki azərbaycanlılara və dövlətinə qarşı xaricdən və daildən siyasi təhdidlər, hərbi də daxil etnik terror tətbiq edilir? Kütləvi ağır insan tələfatı və ətraf mühitin dağıdılması ilə etnik soyqırım cinayətləri mühakimə edilmədiyindən yeni *yaşıl* yollarla daha da genişlənməkdədir? BMT bu dəfə daha kəskin qayda-qanun və Beynəlxalq Tribunalla bu cinayətlərə son qoymalıdır? Bizim tərəfdən təsir gözlənmir?

Mubariz 2023-01-28 15:35:02

Vallah günah özümüzdədir ,rus kanalları ,siyasətçiləri ,fars kanalları siyasətçiləri illərdi bizi təhqir edir ,biz susuruq onları özümüzə ( məni çıxın) zorla qardaş edirik , lal-kar deputatlar ,məsul şəxslər göstəriş gözləyir ,sonra xorla oxuyurlar , bircə dəfə İsfəndiyar ağzını açdı haqq sözümüzü dedi ,onda da burdakı tulalar ona hürməyə başladı Rəhmətlik Ziya Bünyadovun meydandakı sözü yerinə düşərdi

Son yazılar