Menu

Nevzorova 8 il cəza kəsildi – Ölkəyə qaydarsa, həbs olunacaq

01.02.2023, 17:01
Nevzorova 8 il cəza kəsildi – Ölkəyə qaydarsa, həbs olunacaq

Moskvada məhkəmə Rusiyanın ən tanınmış televiziya jurnalistlərindən Aleksandr Nevzorovu Ukraynadakı müharibəyə cəlb olunmuş silahlı qüvvələri guya gözdən salmağa görə 8 il həbsə məhkum edib.

Basmannı məhkəməsi hökmü fevralın 1-də çıxarıb. Prokuror Kremlin tənqidçisinə 9 il həbs cəzası istəmişdi.

İstintaq Komitəsi ötən ilin martında Nevzorova qarşı “Instagram” və YouTube sosial şəbəkələrində dediklərinə görə cinayət işi açıb. Jurnalist Ukraynanın Mariupol şəhərində doğum evinə ölümcül zərbəni, Buça şəhərində dinc sakinlərə işgəncə verilməsini, onların qətlini tənqid etmişdi.

Mayda Moskva məhkəməsi Nevzorov Rusiyaya qayıdacağı halda onun iki aylıq saxlanması barədə qərar çıxarıb.

Nevzorovun Leninqrad vilayətindəki əmlakına həbs qoyulub. Basmannı məhkəməsi bu qərarı jurnalist təqsirli bilinəcəyi halda mümkün cərimələrin ödənməsini təmin etməklə izah edib.

Hazırda Kanadada səfərdə olan Nevzorov Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü haqda mühazirələr oxuyur. O, Avropa İttifaqının açıqlanmayan ölkəsində yaşayır.

Ötən ilin iyununda Ukrayna Prezidenti Volodimir Zelenski Nevzorova və həyat yoldaşı Lidiyaya Ukraynaya qeyri-adi xidmətlərinə görə vətəndaşlıq verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol