“BU “QƏLƏBƏ YOLU” BİZİM SONUMUZ OLACAQ...” - Tanınmış rus generalı Putini Hitlerlə müqayisə etdi

Leonid İvaşov: “Rusiya kimi ölkələr yaşamır, biz isə könüllü olaraq, əl çala-çala bu istiqamətdə - heçliyə doğru hərəkət edirik...”

“Hardadı qələbə? Heç kim bilmir...”

“Böyük müharibə riski günbəgün artır. Bu gün Monsdakı qərargah(NATO-nun Brüssel yaxınlığındakı qərargahı nəzərdə tutulur-red.) Rusiyanın hətta müdafiə döyüşlərində belə NATO qüvvələrinə qarşı duruş gətirə bilməyəcəyini başa düşəndə, öz siyasətçilərinə(hərbi müdaxilə ilə bağlı) təklif irəli sürəcək. Nüvə silahından istifadə etmədən...”

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya ordusunun istefadakı general-polkovniki, Rusiya Müdafiə Nazirliyi İşlər İdarəsinin, daha sonra isə Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi, həmçinin, MDB Müdafiə nazirləri Şurasının katibi olmuş Leonid İvaşov Rusiya internet kanallarından birinə müsahibəsində bildirib.

Bu gedişlə NATO-nun Ukraynadakı savaşa birbaşa qoşulacağına işarə vuran tanınmış general deyib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi nüvə silahına hədsiz dərəcədə arxayın olduğu üçün adi silahların inkişafı və ordunun müasir standartlara uyğunlaşdırılması istiqamətində heç bir addım atmayıb: “Məsələn, bir ildir ki, uğrunda döyüşdüyümüz Baxmutun, yaxud Avdeyevkanın alınması işində bizim strateji nüvə qüvvələrimiz qətiyyən heç bir rol oynamır. Onlar heç bizim beynəlxalq müstəvidə təsirimiz və nüfuzumuz üçün də heç bir rola malik deyillər. Bəli, bu qüvvələr kimisə sevindirir və adi silahların inkişafını sıfırlayır. Döyüş meydanı da göstərdi ki, operativ-taktiki səviyyədə bu qüvvələr heç bir rol oynamır... Biz ümumi təyinatlı qüvvələrin və texnikanın hazırlanmasını sıfırlamışıq. Hərbi paradlar üçün “Armat” tipli nələrsə düzəltmişik, real döyüş meydanı üçünsə praktiki olaraq, heç nə hazırlamamışıq. Ona görə də bu gün “yerə enməliyik” və düşünməliyik ki, öz hərbi təhlükəsizliyimizi və dünyadakı nüfuzumuzu necə bərpa edə bilərik. Bu gün bizim Xarici İşlər Nazirliyimiz tam məğlub olub. Müdafiə Nazirliyi də özünün tam məğlubiyyətini göstərir. Eləcə də hakimiyyətin bütün qolları bu gün iş qabiliyyətinin olmadığını ortaya qoyub. Həm qanunverici, həm də icra hakimiyyəti. Bu, nə qanunverici orqandır ki, kiminsə zəngi ilə sabahısı gün heç müzakirə də aparmadan qərarlar qəbul edir...”

İvaşov bir qədər də irəli gedərək, hazırkı Putin hakimiyyətini məğlubiyyət ərəfəsində olan Hitler hakimiyyəti ilə müqayisə edib: “Bizim bu günkü “eliatnın” davranışlarına və Hitlerin uduzarkən nə etdiyinə fikir verirəm. O, kimisə çıxardı, kimisə dəyişdi, həbsə atdı və sair. Moskva ətrafında, yaxud Stalinqradda uduzanda Manşteyni(General-feldmarşal Erix fon Manşteyn) və digər tanınmış generalları çıxardı, Kursk döyüşündən sonra ümumiyyətlə, bütün mərkəzi hərbi rəhbərliyi dəyişdi. Ancaq nəticə bizə bəllidir. Təxminən eyni şey də bu gün bizdə baş verir. Gah “Vaqner”i, gah “kadırovçuları”, gah “Rosqvardiya”nı ora atırıq. Eyni şey müharibənin sonuna yaxın hitlerçilərdə də baş verirdi. Vəssalam. Nə gözləməliyik bu gün? Ancaq sülh axtarmalıyıq”.

“Vaqner”, Ramzan Kadırov, İqor Qirkin və digərləri arasında gedən çəkişmələri şərh edən İvaşov bunu da Hitler Almaniyasındakı durumla eyniləşdirib: “Tarix təkrarlanır. 1944-cü ildə də belə olub... Buyurun, eyni şeyləri müşahidə edirik. Hitlerin də ətrafında bir neçə qruplaşma var idi və hətta ona bir neçə dəfə sui-qəsd də edilmişdi. Məsələn, Himmler amerikalılarla əlaqələrə girmişdi. Digərləri də bu cür idi və məğlubiyyətə görə günahı bir-birinin üzərinə atırdı. Həmin didişmə indi də burada yaşanır. Ancaq təbii ki, baş günahkar Hitler özü idi...”

Rusiyalı general deyib ki, onun ölkəsinin bu gün bütün dünyada nifrətlə qarşılanması təsadüfi deyil. Çünki Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla, digər ölkənin ərazisini işğal etməyə cəhd edir. Bu isə uzun illər boyu oturuşmuş dünya düzəninin, qaydaların, BMT Nizamnaməsinin açıq-aşkar pozulmasıdır: “Biz deyə bilərik ki, mənəvi və informasiya mübarizəsində uduzmuşuq, XİN çox pis işləyib və sair. Ancaq ən əsası odur ki, müasir dünyanın bir vacib ənənəsi var ki, Rusiya onu pozub. O, hələ İkinci Dünya Müharibəsinə qədər, Millətlər Liqası olanda, hətta 1648-ci ildəki Vestfaliya müqaviləsindən, sistemindən yaranıb – başqa ölkənin ərazisini işğal etmək olmaz!... Bu ənənə yaşayır və onu dağıtmaq olmaz. Buna görə biz bütün dünyada dəstəyi itirmişik”.

Təcrübəli general deyib ki, Rusiyanın Ukraynaya qalib gəlməsi mümkünsüzdür: “Hardadı bu qələbə? Heç kim bilmir. Götürək Baxmutu. Bir həmkarımdan bu günlərdə soruşdum ki, hanı qələbə? Baxmutu götürsək, bu, qələbə olacaqmı? Dedi, “yəqin ki, yox”. Bəs, haranı götürməliyik? Deyir, “yəqin, bir qədər də irəli getməliyik”. Yəni, bilmir...”

Jurnalistin “Kiyevi tuta bilərikmi” sualına İvaşov belə cavab verib: “Biz Avdeyevkanı, yaxud Baxmutu tutsaq, nə dəyişəcək? Soledarı tutduq. Nə dəyişdi ki? Kiyevi? Heç vaxt. Başa düşün ki, böyük şəhərləri, özü də bizə qarşı düşmən əhval-ruhiyyəsində olan şəhərləri tutmaq üçün hərbi qarnizon lazımdır. Qarnizonları isə silahlandırmaq və ardınca həmin şəhərlərin həyat fəaliyyətini təmin etmək lazımdır. Hardadı bunu edəcək insanlar, onları haradan alacağıq? Afrikalıları gətirəkmi bunları tutsunlar? Avdeyevkanı 28 fevraldan başlayaraq, tutmağa çalışırıq, amma adam çatışmır... Hər yerdə partizan hərəkatları olacaq, 55-60 ölkənin xüsusi xidmət orqanları buralarda “təcrübə keçəcəklər”. Sonra bu şəhərləri qurmaq, təmin etmək lazım olacaq. 600 milyard dolları artıq Rusiyadan alıblar. Hələ beynəlxalq hərbi tribunallar qurulacaq. Nə qalacaq bu ölkədən? İnanın, belə ölkələr yaşamır. Biz isə könüllü olaraq, hələ kimisə tərifləyərək, əl çala-çala bu istiqamətdə - heçliyə doğru hərəkət edirik. Özü də “qələbə sonluğuna qədər” deyirik. Elə bu “qələbə yolu” da bizim sonumuz olacaq. Sonda qələbəni kimlərsə bayram edəcək, amma bu, biz olmayacağıq...”

Qeyd edək ki, bir çox mütəxəssislər və müşahidəçilər L.İvaşovu Rusiya Ordusu Baş Qərargahının “ştatdankənar sözçüsü” hesab edirlər.

Bildirirlər ki, İvaşov hakimiyyətdən narazı və lap əvvəldən müharibənin başlanmasının əleyhinə olan generalların fikirlərini çatdırır. Onlar hesab edirlər ki, İvaşov istefada olsa da, Baş Qərargah rəhbərliyilə əlaqədədir və ən azından bu strukturdakı generalların böyük əksəriyyətinin mövqeyini ifadə edir.

Cəlal Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

N.Seyfeli. 2023-02-06 01:17:32

Hesab etmek lazimdir ki, rusiya yer kurresinin balotaliq bir dairesine benzeyir; elecede iran, ele bu iyrenc xisletleridir ki, onlari dost edir, sonu ise cox pis olacaq!

B.Q., General və Vətəndaşımıza 2023-02-05 22:22:47

SSRİ *Qardaşlar dövləti*nin birinin digərinə hərbi təavüzünə 1945ci ilin 9 Mayından sonrakı tarixdə heç kəs inanmazdı? Ukrayna və Rusiya ən böyükləri! BMT TŞnın operativ-ədalətli həllinə zidd 30 illik işğal cinayətlərinin itgiləri və dağıntılarını Azərbaycan sonrakı 100 ilə bərpa edə bilsə, böyük müvəffəqiyyət sayıla bilər!

Vətəndaş 2023-02-04 17:53:32

Əsil GENERAL belə olar.

Son yazılar