Menu

İrandakı səfirliyimizə qarşı terrorun əvvəlcədən planlaşdırıldığı təsdiqləndi - FAKTLAR + VİDEO

06.02.2023, 16:35
İrandakı səfirliyimizə qarşı terrorun əvvəlcədən planlaşdırıldığı  təsdiqləndi - FAKTLAR + VİDEO

Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumu ilə bağlı yeni detalları açıqlayıb.

Qeyd olunub ki, saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.

Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. 

Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb.  Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.

Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.

Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.

Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.


Şərhlər

ƏNHU 2023-02-06 21:10:26

Arxasında dövlətin dayanmadığı bir terrorçu bu qədər arın-arxayın olarmı? Terror aktını bütün ictimaiyyətin və hətta polisin gözü qarşısında heç bir tələsgənlik göstərmədən həyata keçirir. Mollalar buna heç cür don geydirə bilməyəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol