Xaləddin İbrahimli: “Bu bizim qardaşlıq, insanlıq borcumuzdur”
“Türkiyə dövləti, xalqı çox böyük fəlakətlə üzləşib. Zəlzələ nəticəsində Hatay vilayəti, Kahramanmaraş böyük dağıntıya məruz qalıb. Bölgədəki başqa şəhərlərdə də ciddi dağıntılar var. Faciənin miqyası çox böyükdür. Türkiyə dövlətinə və xalqına acil yardımlar lazımdır...”
Bunu “AzPolitika.info”ya açıqlamasında Türkiyənin Çağ universitetinin professoru Xaləddin İbrahimli bildirib.
Hazırda o ailəsi ilə birlikdə dostlarının evində məskunlaşıb: “Zəlzələ zamanı binadan çıxa bildik. Bizim yaşadığımız bina uçmadı, amma ətrafdakı yaşayış evlərinin bir çoxu dağıldı”.
Türkiyənin çox böyük bir fəlakətlə üzləşdiyini vurğulayan professor Azərbaycan xalqını qardaş dövlətə kömək etməyə çağırıb: “Mən istəyirəm soydaşlarımız əvvəlcə fəlakətin miqyasını anlasınlar. Türkiyənin böyük bir bölgəsi zəlzələ nəticəsində dağıntıya məruz qalıb, milyonlarla insan zərər çəkib. Xəstəxanalarda çoxlu sayda yaralılar var, həlak olanların sayı artır. Dövlət fəlakətin nəticələrini aradan qaldırmaq, dağıntılar altında qalanların çıxarılması, insanların problemlərini həlli üçün var gücü ilə çalışır. Bu vəziyyətdən çıxmaq üçün Türkiyənin dostları, o cümlədən Azərbaycan dövləti və xalqı əlindən gələn hər şeyi etməlidir. Kimin nə yardım göndərməyə imkanı varsa, onu eləsin. Bu bizim qardaşlıq, insanlıq borcumuzdur”.
Qeyd edək ki, bu gün Türkiyənin Azərbaycandakı səfirliyi də zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər