Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfəri çərçivəsində bu gün Avropa Parlamentində çıxış edib. Deputatların ayaqda alıqşladığı Ukrayna lideri kürsüdən bəyan edib ki, bu gün onun ölkəsi müasir dünyanın ən böyük anti-Avropa qüvvəsinə qarşı döyüşür.
O bildirib ki, Brüsselə bütün ukraynalıların “Avropa yolu”nu qorumaq üçün gəlib. “İndi mən xalqımızın evinin yolunu qorumaq üçün buradayam... Fərqli siyasi baxışlı, fərqli tarixə malik ukraynalılar sizinlə bir dəyərlərə malikdirlər. Rusiya total müharibə ilə Ukraynanın Avropa yolunu məhv etməyə çalışır. Biz buna imkan verməyəcəyik. Bu genişmiqyaslı müharibə təkcə Avropanın bu və ya digər əraziləri uğrunda deyil. Təhlükəli odur ki, bizə qarşı sovet silahlarının böyük ehtiyatına malik bir diktator vuruşur... Biz müasir dünyanın ən böyük anti-Avropa qüvvəsinə qarşı özümüzü müdafiə edirik. Biz sizinlə döyüş meydanındayıq”, - deyə Zelenski əlavə edib.

Prezident əmin olduğunu bildirib ki, Ukrayna Avropa İttifaqının üzvü olacaq. “Qalib Ukrayna Avropa Birliyinin, qalib Avropa İttifaqının üzvü olacaq”, - o vurğulayıb.
Xatırladaq ki, Fevralın 8-də Ukrayna Prezidenti Avropaya elan edilməmiş səfərinə Böyük Britaniya və Fransadan başlayıb. Bu, Ukrayna liderinin Rusiyanın bir il əvvəl başlayan genişmiqyaslı işğal hücumundan sonra ikinci xarici səfəridir. Onun ilk səfəri ABŞ-a olub. Dekabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşüb və Konqresdə çıxış edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər