Bu gün Rusiya ordusu növbəti dəfə Ukraynanın kritik infrastrukturunu raket zərbələrinə məruz qoyub.
“AzPolitika.info” Ukrayna KİV-inə istinadla xəbər verir ki, Rusiya Ukrayna ərazisinə təxminən 70 qanadlı raket buraxıb. Hava hücumundan müdafiə qüvvələri bu onların əksəriyyətini vurmağa nail olub.
“Düşmən bütün qüvvələrini səfərbər edib ki, ölkənin enerji infrastrukturuna mümkün qədər ciddi ziyan vursun. Qərb, mərkəzi və şərq əyalətlərində yüksəkgərginlikli şəbəkənin zədələnməsi halları var”, - Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
UNİAN xəbər verir ki, bu gün Kiyev üzərində 10, Odessa vilayəti üzərində isə 13 qanadlı raket vurulub.
Prezident Volodimir Zelenski bugünkü raket hücumuna münasibət bildirərkəb deyib: “Bu raketlər NATO və kollektiv təhlükəsizliyə çağırışdır”.
“Düşmən bu gün səhərdən başlayaraq ən azı 70 raketlə kütləvi hücuma başlayıb. Onlardan təxminən 60-ı vurulub. Onların hamısının hədəfi mülkü əhali, mülki infrastruktur olub. Təəssüf ki, hədəfinə çatan raketlər və tələfat da var”.
Zelenski deyib ki, Rusiyanın atdığı bir neçə raket Rumıniya və Moldovanın hava sahəsinə daxil olub.
“Bu, növbəti sübutdur ki, terror heç bir sərhəd tanımır. Növbəti sübutdur ki, Ukraynanın müdafiəsi – Avropanın və bütün dünyanın müdafiəsidir. Bugünkü raketlər – NATO-ya çağırışdır. Bu, terrordur və dayandırılmalıdır. Biz bunu dayandırmalıyıq”, - Zelenski əlavə edib.
“AzPolitika”

Şərhlər