Xabarovsk vilayətinin keçmiş qubernatoru Sergey Furqalın həbsinə etiraz edən yüzlərlə şəhər sakini küçələrə çıxıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Furqalın portreti olan plakatlar və bayraqlarla gələn etirazçılar “Rusiyanı şeytan idarə edir”, “Yalançı femidaların biabırçı məhkəməsi”, “Rusiyaya azadlıq”, "Biz Sergey Furqalıq" kimi şüarlar səsləndiriblər. Onlar keçmiş qubernatora bir neçə ittiham hökmü çıxaran hakim Gennadi Tsoyanı qanunsuzluqda, saxtakarlıqda ittiham ediblər.
Mitinq dinc şəraitdə keçib, polis tədbirə müdaxilə etməyib və meydanın ətrafında dayanıb. Etirazçılar məhkəmənin işə yenidən baxacağına ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, fevralın 10-da Lyubertsı Moskva Vilayət Məhkəməsi Sergey Furqalı 22 il müddətinə azadlıqdan məhrum edib, hakimlər heyəti onu sifarişli qətllərin təşkilində təqsirli bilib. Furqal özünü təqsirli bilməyib, təqibləri siyasi sifariş hesab edir.
Furqal 2020-ci ilin iyulunda Xabarovskda FSB xüsusi təyinatlıları tərəfindən saxlanılıb və dərhal Moskvaya aparılıb. 2018-ci ildə qubernator seçkilərində qalib gəldikdən sonra onun haqqında cinayət işi açılıb. Furqal Kremlin dəstəklədiyi namizəd Vyaçeslav Şportu məğlub edib. Bundan əvvəl o Liberal Demokrat Partiyasından Dövlət Dumasına seçilib, aşağı palatada Səhiyyənin Mühafizəsi Komitəsinə rəhbərlik edib.
Xabarovskda siyasətçiyə dəstək üçün bir neçə ay ərzində çoxsaylı etiraz aksiyaları keçirilib. İştirakçılar Furqalın azadlığa buraxılmasını və Moskvada deyil, regionda mühakimə olunmasını tələb ediblər. Furqal təqsirini rədd edir və istintaq tərəfindən təzyiqlərə məruz qaldığını, ailəsinin təhdid edildiyini bildirir.
“AzPolitika.info”


Şərhlər