PUTİNLƏ GENERALLAR ARASINDA TOQQUŞMA BAŞLAYIB - “Rusiya Müdafiə Nazirliyi bu məlumatı bilərəkdən sızdırıb”

“Artıq Putinin nə deyəcəyinin əhəmiyyəti yoxdur...”

“Putinin yaratdığı şərait ona gətirib çıxarıb ki, artıq onun nə deyəcəyinin heç bir əhəmiyyəti qalmayıb”. 

AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Abbas Qalyamov bildirib.

2008-2010-cu illərdə Vladimir Putinin spiçrayteri (çıxışlarının mətnini hazırlayan) olmuş A.Qalyamov qeyd edib ki, Putinin fevralın 21-nə gözlənilən Rusiya Federal Məclisinə rəsmi müraciəti böyük ehtimalla Ukraynaya qarşı növbəti hücum anonsu ilə müşayiət olunacaq. Həmin hücum isə artıq Ukraynanın şərqində demək olar, başlayıb və davam etməkdədir: “Ancaq əsas məsələ onun nə deməsi yox, Rusiya ordusunun hücum etmək üçün potensialının olub-olmamasıdır. Bu baxımdan ötən həftə iki tanınmış müxalif qəzetdə Rusiya Müdafiə Nazirliyindəki anonim mənbələrə istinadla dərc edilən yazılar olduqca maraqlı və diqqətə layiqdir. Bu yazılar eyni zamanda nazirlik tərəfindən bilərəkdən sızdırılan məlumatlar əsasında hazırlanıb. Orada Müdafiə Nazirliyi bir növ bildirir ki, bəli, biz hücum planı hazırlayırıq, amma bunu hazırlayan bütün zabitlər şokdadırlar. Çünki bizim hücum üçün resurslarımız yoxdur və bu hücum məğlubiyyətə məhkumdur. Lakin biz, kiçik adamlarıq. Kreml tapşırıb, biz də hazırlayırıq...”

Qalyamov bildirib ki, Müdafiə Nazirliyi əvvəllər qətiyyən Kremllə razılaşmadığını büruzə vermirdi. İndi isə bunu açıq şəkildə mətbuata sızdırmaqdan çəkinmir.

Politoloqun fikrincə, hazırda baş verənlər Rusiyanın siyasi rəhbərliyi ilə ordu rəhbərliyi arasında ciddi fikir ayrılıqları və narazılıqların göstəricisi hesab oluna bilər: “Bununla da Müdafiə Nazirliyi diqqətləri Putinə yönəldir və məğlubiyyətə görə məsuliyyəti və günahı onun üzərinə qoyur. Bu, bir daha “Putinin gerçəkdən hücum üçün potensialı varmı” sualını meydana gətirir. Hamı məndən soruşur ki, 21 fevralda Putin nə deyəcək? Cavab verirəm ki, onun nə deyəcəyinin əhəmiyyəti yoxdur. Çünki bir il əvvəl o, siyasəti başqa bir “dalğaya” keçirib. Artıq sözlər əhəmiyyətini itirib. O, nə istəsə deyə bilər. Lakin hücum etmək imkanları yoxdursa, onun sözlərinin də bir qəpiklik qiyməti yoxdur. Yadınızdadırmı, Putin Ukraynanın işğal edilmiş vilayətlərinin Rusiyaya birləşdirilməsinə dair (30 sentyabrda-red.) olduqca pafoslu çıxış etmişdi. Bunun sabahısı günü Ukrayna Silahlı Qüvvələri Liman şəhərini azad etdilər. Bir müddət sonra isə Xerson şəhəri azad olundu. Yəni, bu sözlərin nə dəyəri oldu ki? İndi danışmaq yox, hərəkət etmək lazımdır. Sən özün elə bir situasiya yaratmısan ki, dediyin sözlərin heç bir əhəmiyyəti qalmayıb. Ona görə də hesab edirəm ki, Putinin müraciətinin mahiyyəti ikinci dərəcəli məsələdir”.

Putinin yeni il müraciətini də xatırladıb və qeyd edib ki, Rusiya Prezidenti həmin çıxışında işğal olunmuş ərazilərin birləşdirilməsi və onların perspektivləri barədə danışmaqdan yayınıb. Əvəzində, çıxışında 7 dəfə “Rusiyanın suverenliyinin qorunması” ifadəsindən istifadə edib: “O, məlum ərazilər haqda danışmaqdan yayınır. Çünki bu barədə “Rusiya burada əbədidir” kimi pafoslu ifadələrlə danışır, sonra isə həmin əraziləri onun əlindən alırlar. Ona görə də “suverenlik” kimi abstrakt anlayışdan istifadə etməyə başlayıb. Deyir ki, “bizim suverenliyimiz möhkəmlənib”. Axı, suverenlik elə bir anlayışdır ki, ona toxunmaq, hiss etmək olmur. Əgər Putin deyirsə ki, suverenliyimiz möhkəmlənib, bunun əksini kim və necə sübut edə bilər? Odur ki, Putin öz cəmiyyətinə konkret olmayan şeyləri nəticə kimi sırımağa çalışır”.

Xatırladaq ki, fevralın 21-də Putin Federal Məclisə müraciət edəcək. Həmin müraciətin bundan öncə bir neçə dəfə təxirə salındığı barədə məlumatlar yayılmışdı. Nəhayət, Kremlin sözçüsü Dmitri Peskov fevralın 21-də müraciətin baş tutacağını bəyan etdi. 

Qeyd edək ki, Qərbdə və Ukraynada Putinin bu çıxışından yeni bir şey gözləmirlər.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2023-02-14 15:25:45

İnhisarçı siyasi dünya inhisarçı informasiya şəbəkəsi ilə çoxdan ədalət harayını boğmaqdadırlar? Ukrayna SSRİnin buraxılma maxinasiyasın(referendumun)da iştirak etməsə də dəhşət* silahlarını RFna təhvil verib! Hazırki Kreml və Xarici Siyasəti özünün buraxdığı Pribaltika istisna olmaqla, digər respublikalardan nə istədiyi aşkar deyil? Qərb*ə iddianı Ukrayna yox, onun özü ilə aparmaq doğru görünür! Rusiya vətəndaşları inhisarçı mafiya şəbəkəsi deyil ki, hansısa öncəki qonşu-qardaşı ilə müharibə cinayətinə qalxsın?

Son yazılar