“MƏSƏLƏNİ TEZ BİTİRİN!” – Bayden Ukraynaya 10 milyard dollar ayırır, amma şərti var

ABŞ Prezident Administrasiyası Ukrayna Silahlı Qüvvəllərinin döyüş meydanında yeni uğurlar qazanmasını gözləyir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti hökumətdəki mənbələrinə istinadla məlumat yayıb.

“Ağ Ev Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, müharibə dönüş nöqtəsindədir və Qərbdən böyük miqdarda hərbi yardım alan Ukrayna ordusu döyüş meydanında mümkün qədər çox uğur qazanmalıdır. Yanvarda Kiyevə səfər edən ABŞ rəsmiləri Ukrayna hakimiyyətinə qarşıdakı ayların kritik olacağını bildiriblər”, - qəzet yazıb.

“The Washington Post”da dərc olunan məqaləqdə bildirilir ki, ABŞ rəsmiləri Qərbin Kiyevə son yardım paketinin münaqişənin gedişatını dəyişmək üçün yaxşı imkanlar yaradacağı qənaətindədirlər. Qəzetin həmsöhbətlərinin fikrincə, gələcəkdə vəziyyət o qədər də əlverişli olmaya bilər, çünki hazırda Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar Ukraynaya dəstəyi azaltmağa hazırlaşırlar. Qəzet yazır ki, Avropadan Kiyevə silah tədarükünün də əvvəlki səviyyədə qalıb-qalmayacağı aydın deyil.

“Nə qədər ki, lazımdır” ifadəsi münaqişənin miqyasına aiddir. Bu, yardımın məbləğinə aid deyil”, - həmsöhbətlərdən biri nəşrə bildirib.

Qəzet ABŞ hökumətinin yüksək rütbəli rəsmisindən sitat gətirib: "Biz onlara izah etməyə davam edəcəyik ki, qeyri-müəyyən müddətə hər şeyi edə bilmərik".

Bu yay Ukrayna üçün hazırkı yardım paketi başa çatır və ondan sonra Kiyevə dəstək vermək çətinləşəcək. Bayden administrasiyası hazırda Konqreslə Ukraynaya daha 10 milyard dollarlıq birbaşa maliyyə yardımı ayırmaq üçün işləyir. Növbəti paketin Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, Rusiyanın işğalının ildönümündə elan ediləcəyi gözlənilir.

Nəşrin Bayden administrasiyasındakı həmsöhbətləri hesab edirlər ki, Rusiyanın yazda hücuma keçəcəyi gözlənilir və Ukrayna da itirilmiş əraziləri geri qaytarmaq üçün əks hücuma keçə bilər.

Amerika rəsmilərinin fikrincə, Ukrayna qoşunları üçün eyni vaxtda Donetsk vilayətində Baxmutu müdafiə etmək və yaz əks-hücumuna başlamaq çətin olacaq. “Baxmutun itirilməsi döyüş meydanında əhəmiyyətli strateji dəyişikliyə gətirib çıxarmayacaq və Ukrayna Rusiya qoşunlarını hara çəksə, orada döyüşməyə davam edəcək”, - mənbələr bildirib.

Bundan əlavə, qəzetin yazdığına görə, Amerika kəşfiyyatı Ukraynanın Krımı geri qaytara bilməyəcəyi qənaətinə gəlib. Amerika kəşfiyyat xidmətlərinin məlumatına görə, Ukrayna ordusu yaxşı möhkəmləndirilmiş Krım yarımadasını hələ də azad etmək iqtidarında deyil. Kiyev isə bəyan edir ki, məqsədi bütün Ukrayna torpaqlarını - 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni ilhaq edilmiş Krımı azad etməkdir.

“Bayden administrasiyası hesab edir ki, indi hər şeyi etmək lazımdır ki, Ukrayna Rusiya ilə danışıqlara başlamazdan əvvəl yaxın gələcəkdə mümkün qədər çox ərazini geri ala bilsin”, - “The Washington Post” yazır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar