“Dünya ölkələri öz səylərini artırır və yeni qərarları müzakirə edirlər. Bununla yanaşı, Təmas Qrupu dəqiq bəyan edir ki, biz Ukraynanı onun mübarizəsində dəstəkləyəcəyik”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasındakı çıxışı zamanı deyib.
ABŞ Müdafiə nazirinin ən önəmli açıqlaması isə Ukraynanın mümkün əks-hücum planı barədə olub: “Biz Ukraynanın yazda əks-hücuma keçməsinə kömək edəcəyik”. Ostin əlavə edib ki, bu əks-hücumun uğurlu olması üçün müttəfiq ölkələr Ukraynaya lazım olan bütün köməkliyi göstərəcəklər.
ABŞ Müdafiə naziri bu açıqlaması ilə Rusiyanın Baxmut istiqamətindəki təzyiqlərinə baxmayaraq, Ukraynanın əks-hücuma hazırlaşdığına dair deyilənləri təsdiqləmiş oldu. Belə qənaət yaranır ki, Ukrayna xeyli vaxtdır gözlənilən bu hücumu təxirə salmaq niyyətində deyil və ABŞ başda olmaqla, müttəfiqləri ona hər cür yardım göstərəcək. Mümkün əks-hücum istiqaməti kimi isə daha çox Melitopol-Berdyansk istiqaməti göstərilir.
Qeyd edək ki, bu gün və sabah “Ramştayn” ölkələrinin sayca 9-cu toplantısı keçirilir. Burada Ukraynaya növbəti hərbi dəstək məsələləri müzakirə olunacaq ki, bunlara da Kiyevin uzaq məsafəli raketlər və hərbi təyyarələrlə təmin olunması perspektivləri daxildir.
“AzPolitika.info”


Şərhlər