“Naxçıvanın Ərəbyengicə kəndinin İrana verilən 21 hektar ərazisinin geri qaytarılmasını həll etmək üçün, ilk növbədə, ölkələrarası sərhədlərlə bağlı razılaşdırılmış protokollara baxılmalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri “Yenisabah.az”a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
Xatırladaq ki, 2019-cu ildə İran tərəfindən Araz çayının əsas qolunun önü kəsilərək çay suyu Azərbaycan tərəfə yönəldilib, nəticədə 21 hektarlıq ərazi qonşu ölkənin nəzarətinə keçib.

Ə.Əhmədoğlu xatırladıb ki, İranla Azərbaycan arasındakı sərhəd xətti hələ 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqaviləsinə görə Araz çayı müəyyən edilib: “Əgər çayın yatağının süni şəkildə dəyişdirilməsi sübut olunarsa, bu, avtomatik olaraq sərhədə süni müdaxilə etmək deməkdir. Azərbaycan tərəfi ciddi şəkildə bu faktları təqdim edərək həmin çay yatağının süni şəkildə dəyişdirilərək sərhədin cənubdan şimala doğru itələnməsini, habelə bunun insan əməli olduğunu sübut edə bilər. Kim bu işə yol veribsə, ilk növbədə, onların hüquqi məsuliyyət məsələsi gündəmə gəlməli və bununla paralel olaraq sərhəd əvvəlki vəziyyətinə qaytarılmalıdır”.
Onun sözlərinə görə, “Google” xəritələrində də aydın şəkildə görünür ki, Araz çayının həm üst, həm də alt axınına 2 bənd atıblar: “Beləliklə, oranı bir hovuz halına gətiriblər və əlavə olaraq, irəlidə yeni bir yer açıblar. İndiki halda həmin o 2 bənd oradan qaldırılmalı, çay əvvəlki axınına dönməli və açılmış yer qapanmalıdır. Çünki hər iki ölkə əvvəlcədən qarşılıqlı olaraq, çayın ortası ilə sərhəd xəttinin keçməsini qəbul edib. Deməli, çay yatağına olan süni müdaxiləni həyata keçirənlər həbs olunmalıdır”.
Hüquqşünas əlavə edib ki, bunu sübut edəcək çoxsaylı peyk görüntüləri var: “Yəqin, Azərbaycan peyklərinin 2019-2020-ci illərdəki şəkillərinə baxıblar. 2019-cu ilə qədər həmin ərazidə olan vəziyyət sonradan dəyişib. “Google”un pullu xidmətləri əsasında konkret tarixləri dəqiq görə bilərsiniz. Hətta həmin tarixlər çərçivəsində orada hansı texnika işləyib, onu da görmək olar”.
Ə.Əhmədoğlu deyir ki, Azərbaycanın bunu sübut etmək üçün çoxsaylı imkanları var: “Əgər İran qəbul etməsə, Azərbaycan bu sübutları BMT-yə təqdim edə bilər ki, bu məsələ onlar tərəfindən çözülsün. Əlbəttə, BMT-nin bununla bağlı strukturları var. Çünki tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Suverenlik isə həm də həmin ərazi üzərindəki suverenlikdir və bu aspektdən, ərazinin müdaxilə ilə yerdəyişməsi yolverilməzdir”.
“AzPolitika.info”


Şərhlər
İndiyədək deyirdilər ki,AXC hakimiyyəti filan yeri ermənilərə verib.İndi də YAP hakimiyyətinin əziz-xələfi Vaso Talobi açıq-aşkar Naxçıvanın ərazisini İrana satdı.Buyurun,bu da YAP hakimiyyətinin gələcək nəsillərə vurduğu yara!
Torpağı verənə heç bir cəza vermək barədə düşünmürlər. Kim verib canı çıxsın geri götürsün. Bmt neyləsin sizinçün? Torpağı verəndə Bmt ilə məsləhət elemisdiniz?