"SAXTA ALQI-SATQI SƏNƏDİ İLƏ BAĞIMI ƏLİMDƏN ALDILAR” – “Məhkəmə qərarları bu günə qədər icra olunmayıb”

“Atam Böyük Vətən müharibəsində həlak olduğu üçün 1970-ci ildə mənə Bakının Türkan qəsəbəsindən 22 sot sahəsi olan bağ verdilər. Bu bağı rəsmi qaydada özəlləşdirərək, mülkiyyətimə keçirdim. Lakin yaşımla əlaqədar bağı əkib-becərə bilmədiyimə görə, satmaq qərarına gəldim. 2015-ci ildə oğlum Fuad Məmmədovun dostu Şamxal Ağaşirinov adlı bir nəfər bağı almaq istədiyini dedi. Bağı 60 min manata satışa çıxarsam da, sonda 50 min manat qarşılığında razılığa gəldik. Ş.Ağaşirinov məndən etibarnamə verməyimi istədi. Oğlumla bir yerdə işlədiyi və hacı olduğu üçün ona güvənərək etibarnaməni verdim. Sonradan məlum oldu ki, həmin etibarnaməni qardaşı oğlunun adına yazıb və 2018-ci ildə başqa bir adama satıb”.

Bunları “AzPolitika.info”-ya müraciətində Bakı şəhər sakini Məmmədov Sədr Bayram oğlu deyib.

Şikayətçi bildiri ki, Ş. Ağaşirinov bağı satdıqdan sonra müxtəlif bəhanələrlə ona çatmalı olan vəsaiti verməkdən boyun qaçırıb: “Əvvəlcədən razılaşdığımız məbləği istədikdə Ş. Ağaşirinov dedi ki, “pulu oğluna vermişəm”. Lakin mənim oğluma heç bir pul verilməmişdi. Pulu vermək istəmədiyini anladığımdan, Ş. Ağaşirinovla bağlı hüquq mühafizə orqanlarına şikayət etdim. Onu polis bölməsinə dəvət etdilər və ərizə yazdırıdılar. Ş. Ağaşirinov öz ərizəsində iddia etmişdi ki, guya biz 50 min manata razılığa gəlmişik və o, bu məbləği mənə verib”.

“Məcbur qalıb sözügedən məbləği verməkdən boyun qaçıran Ş.Ağaşirinovu məhkəməyə verdim. Bu zaman qarşı tərəf saxta alqı-satqı sənədi düzəldərək, guya bağın 35 min manat qarşılığında satıldığını iddi etdi. 2020-ci ildə Xəzər rayon Məhkəməsinə müraciət etdim və məhkəmə həmin sənədin saxta olmasıyla bağlı qərar verdi.

Bundan narazı olan Ş. Ağaşirinov apellyasiya şikayəti versə də, həmin qərar qüvvədə qaldı.

Ardınca Ş. Ağaşirinov Xətai rayon Məhkəməsinə müraciət etdi və bu sənədlər ekspertizada araşdırıldı. Lakin 4 ay sonra açıqlanan məhkəmə qərarında ekspertizanın rəyi ilə bağlı heç bir şey deyilmədi. İndiyə qədər də ekspertizanın nəticələri mənə təqdim olunmayıb. Daha sonra iş Ali Məhkəməyə göndərildi. Ali Məhkəmə də Xəzər rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Və bu 35 min manatlıq alqı-satqı çekinin saxta olduğu qənaətinə gəldi”,- şikayətçi əlavə edib.

Şikayətçinin sözlərinə görə, məhkəmənin qərarları olsa da, ona məxsus olan bağı hələ də ala bilməyib: “Hələ də bağımı geri ala bilməmişəm. Məhkəmə qərarları olsa da, qarşı tərəfin müraciətləri əsasında işi uzadırlar. Mənə elə gəlir ki, məhkəmə mənim yaşımla əlaqədar prosesisi uzatmağa çalışır. 2020-ci ildən bugünə qədər 4,6, 7 aydan bir məhkəmə prosesləri baş tutub. Bu barədə müvafiq qurumlara şikayət etsəm də, heç bir nəticəsi olmayıb”.

“Nərimanov rayon Məhkəməsi ötən gün əleyhimə qərar çıxardıb. Belə ki,  Nərimanov rayon Məhkəməsi qərar verib ki, guya, biz barışıq yolu ilə razılığa gəlmişik və mənə 20 min manat pul verilib. Axı mən o adamla heç bir barışıq danışığı etməmişəm! Yalandan deyirlər ki, mən pulu alıb, razılıq vermişəm. Çeklərə isə ümumiyyətlə baxan yoxdur. Əgər bank mənə bu pulu veribsə açıqlamalıdır. Deyirəm ki, kömək edin, yoxlayın görək bu pulu mənə necə veriblər? Ancaq heç bir xeyri yoxdur” - deyə, S. Məmmədov bildirib.

Şikayətçi müraciətinin sonunda ölkə rəhbərliyindən və müvafiq qurumlardan kömək istəyərək, məsələnin düzgün araşdırılmasını xahiş edir.

“AzPolitika.info”





635x100

Şərhlər

Rasim Nəbiyev 2023-02-19 13:10:14

Din pərdəsi altında hacyam deyib insanları aldadan fırıldaqçılar, dələduzlar çoxdur. Dövlətimizin bu sadə insanların ümumilikdə dələduzlardan qorumasına ehtiyac var.

t.ədalət 2023-02-16 21:30:06

Fırıldaqçı Allahı da aldadıb həcc ziyarətinə gedib.Məhkəmələrin sifarişlə işlədiyi Azərbaycanda haqqın bərpası mümkün deyil.Ümid,ancaq Allahadır.Xalqın malını,özgənin haqqını yeyənlərin sonu olmur.

Son yazılar